YAZI / DÜŞÜNCƏ, SƏNƏT
Kamran Nəzirli -"Darçın xala və qəbiristanlıq" Tarix : 27 Mart 2021, 15:16

("Karantin hekayələri” silsiləsindən)


Arvadım dedi ki, Darçın xala yorğan-döşəyə düşüb, mən də "Azza”dan bir qutu şokolad və "Seylon” çayı alıb getdim ona dəyməyə. İçəri girəndə gözlərimə inanmadım; Darçın anası Limonla maskasız-filansız oturub nərd oyanıyırdı. Məni görən kimi ikisi də dərhal maskasını taxdı; Darçın xala nədənsə incimiş kimi görünürdü. Arvad durub qonaq otağına keçdi, mənə işarə elədi ki, gəl dalımca. Anasına da ərklə "çay dəmlə!” dedi, sonra keçib oturdu məşhur kreslosunda, qarşı tərəfdəki kreslonu da mənə göstərib dedi:

-Əyləş, Mirzə, yaxşı gəlmisən! Səninlə işim var!

- Şükür Allaha, Darçın xala, yaxşısan, maşallah!

-Səndən bərk incimişəm, Mirzə! Eşitdim məni öldürmüsən?

-Əstəğfürullah! Mən Əzarayılam?

-Əlbəttə, yox! Amma yazmısan ki, Darçın xala öldü. Utanmırsan? Məni niyə öldürürsən? Heç olmasa karantin bitənə kimi mənə dəymə...Görmürsən işlərim çoxdu?

(Rəhmətliyin qızı, doxsan yaşın var, daha bundan sonra nə işin qalıb ki? Bəlkə heç karantin də bitmədi, hə?)

 

- Darçın xala, vallah, mən elə yazmamışam. Sizi camaat öldürmüşdü, mən diriltdim...

- Camaata nə var e! Onlar ölməli adamı öldürməzlər! Onların işi-gücü ölməz adamları öldürməkdi...

(Şükür Allaha, arvad deyəsən yumşaldı!)

Araya qəbiristanlıq sükutu çökdü. Mən gözümün ucuyla arvada baxırdım, görüm, bayaqkı mısmırığı itib getdi, ya yox...Hə, mısmırıq yox olub getmişdi, arvadın üz-gözünə yavaş-yavaş nar çiçəklərinin rəngi qonurdu.

-Heç vaxt "qadın öldü!” yazma!- arvad ayaqlarını bir-birinin üstünə aşırıb siqaret götürdü. – Qadınlar ölmür, bildin?

-Elədi, elədi...- qeyri-ixtiyari başımı tərpətdim.

-Lap doxsan, yüz yaşında da olsalar, onlar ölmürlər... Onları öldürürlər. Ölən yalnız kişilərdi, kişilər...

İstədim başımı yenə tərpədəm, başım tərpənmədi, bilmirəm, deyəsən qurumuşdum, donmuşdum, ya da elə tok vurdu məni birdən-birə...”Bu nə danışır? Arvadın deyəsən başı...”

-Başım-zadım xarab olmayıb, (elə bil ürəyimdəkiləri oxuyurdu zalım qızı!)-Hər şeyim yerindədi...Arxayın ol. Amma bu gecə yuxumu qarışdırmışam, adam istəyirdim ki, ona danışım.Yaxşı ki, gəldin!

-Xeyirliyə, Darşın xala.

-Bilmirəm, xeyirdi ya yox, yuxuda qəbiristanlıq görmüşəm. Axı mən qəbiristanlıqdan çox qorxuram.

(Vay, vay, vay! Elə mən də bayaq bilmədən qəbiristanlıq adı çəkdim!)

Arvadın üzünə dərhal xəfif kədər qondu. Dərindən "ah” çəkib nəyəsə heyfslənirmiş kimi davam elədi:

-Yuxuda Mark Tvenlə Tom Soyeri qəbiristanlıqda görmüşəm...

Məni şit gülmək tutdu, özümü güclə saxladım.

-Hə, hə, elə baxma, doğru deyirəm...Zarafat eləmirəm!

-Ay arvad, Mark Tven hara, sən hara?

-Eşit, gör nə deyirəm: görürəm gecədi, mən də qəbiristandayam, dizəcən ot-qanqal basmış köhnə bir qəbiristanlıqdı. Birdən uçub-dağılmış qəbirlərin arasından iki adam çıxır – biri qocadı, biri də uşaq, birinin əynində ağ kostyum, ağzında da trubka, uşaq isə cındır içində, başında da köhnə kepka, dərhal tanıdım: Mark Tvenlə Tom Soyer idi. Markı bığlarından və ağ kostyumundan tanıdım, hə, hə, çəliyi də vardı...Mənə tərəf gəlirdilər. Hövlləndim.

(Əstəqfurullah! Bu arvad nə sayıqlayır belə?)

-Yox, yox, sayıqlamıram, Mirzə, - arvad yenə ürəyimdəkiləri oxudu. Əməlli-başlı sehirbaz imiş e, xəbərimiz yoxmuş!

-Hə, görürəm, Mark Tven dağılmış qəbirləri bir-bir Toma göstərir, nəsə hirsli-hirsli deyirdi, eşidə bilmirdim. Birdən külək qopdu, çöl itləri başladılar hürüşməyə, bayquşalr uladı. Mən də qorxudan əsirəm, lakin nə Mark, nə də Tomun vecinə deyil. Nəsə, ara sakitləşəndən sonra görürəm ki, bir zəncidi, ya da ərəbdi, yoxsa hindudu, adı da Co, əlində fənər bizim bir həkimlə içərisində kəndir və bel olan əl arabası gətirdilər, başladılar qəbirlərdən birini qazmağa. Qazdılar, qazdılar, nə çıxsa yaxşıdı: mənim meyitim!

Kolların arasında gizlənən Mark Tvenlə Tom Soyer pıçıldaşdılar:”Bu ki Darçın xaladı!” İnan Allaha, ətim ürpəşirdi, mən diri ola-ola özümü ölü görürdüm. Həm də öz-özümə gülürdüm ki, nə yaxşı qıraqdan bu dəhşətli səhnəni seyr edirəm, ölməmişəm. Amma onlar mənim kəfənimi yırtıb barmağımdakı brilyant üzüyü götürdülər. Qaçmaq istəyirdilər ki, Markla Tom qışqırdı:”Dayanın! Hara? Bəs bu yazıq arvadı belə qoyacaqsız? Adam bu qədər insafsız olar? Qoyun qəbirə, basdırın, yoxsa...” Onlar deyəsən Markın əlindəki çəlikdən qorxdular, elə bildilər silahdı, dərhal meyiti yenidən basdırdılar...

 

Araya yenə qəbiristanlıq sükutu çökdü. Mən lap donub qalmışdım. Arvad elə nəql edirdi ki, elə bil yuxunu yox, olmuş bir əhvalatı danışırdı. Bimirdim nə cavab verim, axırda dedim:

-Vallah, mən yuxu yozan deyiləm. Çox qəribə yuxudu, Darçın xala. Bilmirəm, nə deyim.

-Mən bilirəm...- arvad yenə bir siqaret yandırdı.- Ruhlar bizim qəbiristanlıqlardan narazıdı. Onlar səliqəsiz, pinti və pis haldadır. Mən Fəxri Xiyabanı demirəm, ora yaxşı baxırlar. Qalan bütün qəbiristanlıqlarımız pis gündədi, əyri-üyrü, səliqəsiz, nə bilim, qaydasız baş daşları...Ona görə də ruhlar narazılıq edirlər. Bu bir. İkincisi, Mark Tveni və Tom Soyeri görmək o deməkdi ki, hamı öləcək - qoca da, uşaq da, məşhur da, məşhur olmayan da...İntəhası, gərək abırlı öləsən, qoy sənə "rəhmət” oxusunlar, "lənət” yox! Bax onlar, ona görə "rəhmət” qazanırlar ki, ölüləri soyan quldurları məcbur edirlər ki, onu ədəb-ərkanla dəfn eləsinlər...Üçüncüsü də budur ki, o zənci, ya da ərəb, nə bilim hindu, Co var e, bizim əczaçı tayfası ilə əlbir olub soyğunçuluq edir, bu da bir əlamətdi...

-Nə əlamətdi axı...

-Pandemiyanın əlaməti...

-Ay arvad, deyəsən bekar qalmısan e!

-Bekar niyə oluram, hazır münəcciməm...münəccim! Eh, sən də vaxt tapdın məni öldürməyə!

Mətbəxin qapısı tappıltıyla açıldı, Limon xala ağzında maska bizə çay gətirirdi.

 

 


Bakı, 21 mart 2021-ci il

 

 

Kamran Nəzirli