FEMİNİZM
Yaşadığımız cəmiyyətin sağlam olmasını istəyiriksə… - Kamalə Abiyeva yazır Tarix : 26 Noyabr 2022, 09:27

Mən feminizmin elmi izahını vermək, yaranma tarixindən söhbət açmaq fikrində deyiləm. Bu haqda kifayət qədər məlumat var və saytımızda da yazılar gedib.


Sadəcə özümün anladığımı, öz fikirlərimi bölüşmək istəyirəm.


Feminizm nədir? Feminizm qadınların hüquqlarını qorumaq uğrunda apardıqları mübarizənin nəticəsidir. Sadə desək, qadına qadın kimi deyil, insan kimi baxmaq deməkdir. O da işləyə, kişilərlə eyni maaş ala, oxuya, istirahət edə bilər və s. Deyəcəksiz, normal ölkələrdə bunlar var, elə bizdə də.

Təbii ki var. Kiçik bir aydınlatma vermək istəyimin səbəbi feminizmin bunlar olmadığı zamanlarda yarandığını vurğulamaq, "kişinin kişi işi var, qadının qadın” deyənlərin feminizmə, ya feministlərə düşmən, bəzən aşağılayıcı yanaşmasıdır. İstənilən məsələyə hər kəs öz düşüncəsinə, beyin yükünə, qavramına görə yanaşır. Kiməsə belə yaşamaq, belə düşünmək xoşdur. Buna etirazım yoxdu. Sadəcə, feminizmin kişinin şəxsiyyətinə xələl gətirməsi, ailəyə qarşı olması fikrinə bir açıqlama verməkdi istəyim.

 

Əslində, feminizm "ailə qurmayın” demir, "ailə dəyərlərini qoruyun” deyir. Ailəyə, iki nəfərin birgəliyinə bir yerdə yaşayan kişi-qadın kimi baxmır. Bir-birinə dəyər verən, sevən, hörmət edən iki insanın birliyi kimi baxır. Cəmiyyəti daha yüksəkdə görmək istəyir. Öz seçdiyini, xanımını, anasını, bacısını, qız övladını sevən, onu özü ilə eyni hüquqlu insan kimi dəyərlindirə bilən mənən zəngin əks cins görmək istəyir. Necə ola bilər ki, ata qızının təhsil almasına qarşı çıxsın, "övlad mənimdi özüm bilərəm” düşüncəsi ilə onu sevmədiyi birinə ərə versin?

 

Feministlər belə düşüncənin əlehinədir.


Onlara görə ailə sevgi, hörmətə əsaslanmalıdır. Həyat yoldaşı xanımına diqqətlə yanaşmalı, onun dayağı, bütün işlərdə köməkçisi olmalıdır. Feministlər öz evində kişinin xörək bişirməsini, övladına baxmasını kişiyə qarşı təhqir hesab etmir, əksinə bunu təqdir edir. Bu o demək deyil ki, qadın boş-bekar otursun, ev işləri ilə kişi məşğul olsun. Qətiyyən. Sadəcə Qadın yalnız məişət çərçivəsində yaşamasın. İşləməyən, evdar xanım kimi özünü xoşbəxt hiss edən qadınlarımız da var. Olsun. Bu da onların seçimidir.


Kişilərin də gileyi olur. Öz uşaqlarını atan, ailəyə qarşı diqqətsiz olan qadınlarımız da var. Çox az olsa da, razılaşaq.

Kişi və Qadın bir-birinə şəxsiyyət kimi yanaşmalıdır - dediyim budur.

 

"Nə istəsəm, onu da edərəm” kimi şüarlar feminizmi ifadə edə bilməz. Bu kağız parçaları ilə hay-küy salmaq, diqqət çəkmək olar, amma əzilən minlərlə qadına kömək etmək olmaz. Feminist feminizmi dəyərdən salacağı heç nəyi etməz.


"Ailə kiçik cəmiyyətdir” deyirlər. Cəmiyyətin fiziki və mənəvi sağlamlığı onun üzvlərindən asılıdır. Biz hələ qarşılıqlı anlaşmada sağlam ola bilmirik.

Hər hansı fikri bəyənməmək olar. Ancaq bunu ifadə etmək də var. Çox rastlamışam bəyənmədiyi statusa, adicə şərhə kobudca rəy bildirənlərə. Ən sadə misaldı. Yəqin çoxunuz şahid olmusuz. Bu nə düşüncədi? Söyüş, təhqir yağdırmaq xəstə təfəkkürdü. Biz hələ bir-birimizin fikrinə hörmətlə münasibət bildirə bilmirik. Və...hamını qınayırıq. Sonda bütün dövlət strukturlarını.

 

Yaşadığımız cəmiyyətin sağlam olmasını istəyiriksə, öz kiçik cəmiyyətimizin sağlamlığına çalışmalıyıq.

Sağlam cəmiyyətdə yaşamaq istəyiriksə, bir-birimizin sağlamlığını qorumalıyıq. Qarşı tərəfə sağlam düşüncə ilə yanaşmalıyıq. Sevməliyik. Feminizm bunu deyir.

 


 

 
 
Kamalə Abiyeva
qadinkimi.com