Deyilənlərə görə, Abbasqulu ağa Məkkəyə gedərkən, məhərrəm ayı imiş. Məkkəyə böyük təntənə, dəbdəbə ilə gedənlərdən biri də İran vəliəhdi imiş. Aşura gününü onlar Məkkənin bir günlük məsafəsində qarşılayırlar. Vəliəhd öz çadırının önündə iri hərflərlə aşağldakı beyti yazdırıb vurdurubmuş:
Bu sərbazu əsas şəhzadə,
Olaydı kaş o dəmdə Kərbəladə!
Abbasqulu ağa çadırın yanından keçərkən gözü yazıya sataşır, oxuyur və onun altında yazır:
Busati-cəng saət qaçardı,
Qoyardı sərvəri-dini aradə!
Vəliəhdə xəbər verirlər ki, bəs bir nəfər belə etmişdir. Abbasqulu ağanı tutub vəliəhdin çadırına aparırlar. Qəzəblənmiş vəliəhd Abbasqulu ağanın qətlinə fərman verir. Abbasqulu ağa namaz qılmaq arzusu ilə vəliəhddən xahiş edir ki, bir neçə dəqiqəliyə öz çadırına getməyə ona icazə versin. Namaz sözünü eşidən vəliəhd ona icazə verir. Abbasqulu ağa öz çadırına gəlib, general libasını geyir və vəliəhdin çadırına yollanır. Bakıxanovu çar generalı libasında görən vəliəhd özünü itirir, Abbasqulu ağanın ayaqlarına döşənir:
– Qurban olum ağa, günahımdan keç! – ona yalvarmağa başlayır. Bakıxanov onu ayağa qaldırır:
– Mən sənin günahından keçirəm. Amma ağılla iş görməyi unutmayın, hər şeydən tez qəzəbnak olmayın. Bəlkə mən general yox, adi adamam? Uşaqlarımı yetim, gözüyaşlı qoymağı özünüzə necə rəva bilirdiniz?!
***
Belə rəvayət olunur ki, Abbasqulu ağa Qüdsi Məkkəyə Həcc ziyarətinə getdikdə, məşhur Quba qazisi Hacı Molla Abdulla axundu da özü ilə bərabər aparmışdı. Qüdsi ziyarətini başa çatdırdıqda, üzünü "dərgahi-həqqə” tutub deyir:
– Pərvərdigarə! Hər padşahdan mənə nişan verilibdir. Səndən də bir nişan təmənna eyləyirəm ki, axır nişanım olsun.
Hacı Molla Abdulla axund o nişandan muradının nə olduğunu soruşur. Abbasqulu ağa deyir:
– O nişan, bu müqəddəs məkanda ölməkdir.
Bu əhvalatdan üç gün sonra, 1847-ci ilin fevralında Abbasqulu ağa Bakıxanov Məkkə və Mədinə arasında "Vadiyi-Fatimə” deyilən yerdə təsadüfən vəba xəstəliyindən ölmüş və orada dəfn edilmişdir.
***
Rəvayətə görə, Abbasqulu ağa Peterburqda olduğu vaxt I Nikolayın qonaqlıq məclisinə dəvət olunur. Nikolaya və arvadına çatdırırlar ki, Qafqazdan gələn qonağın ömründə dilinə içki dəyməyib. Nikolayın arvadı çox qürrəli halda söyləyir ki, mən Abbasqulu ağaya ilk dəfə şərab içdirərəm. O, bir bokal şərabı qızıl podnosa qoyur və özü gətirib Bakıxanova təqdim edir. Padşahın arvadının şərab təqdim etməsi qonaq üçün ən yüksək hörmət sayılarmış. Abbasqulu ağa ayağa qalxaraq, podnosdan bokalı götürür və üzünü çara, I Nikolaya tutaraq deyir:
– Ey mənim həşəmətli hökmdarım, siz deyirsiniz bu şərabı içim, Allahım deyir içmə. Hansınızın sözünə baxım?
Çox dindar olan çar I Nikolay bir anın içində:
– Əlbəttə Allahın, – söyləyir.
Abbasqulu ağa əlindəki şərab bokalını təzədən qaytarıb padşah arvadının əlindəki podnosa qoyur. Padşah arvadı peşman halda qayıdıb yerində oturur.
Mənbə: sənət.az