UŞAQ / BÖYÜK
Hamı bir-birinə yük olub, həyatını yaşaya bilmir Tarix : 02 İyun 2022, 09:09

Azərbaycanda evli insanlardan kimi dindirirsən hamı eyni sözü deyir: "Uşaqlarım üçün çalışıram", "Özüm normal həyat yaşamadım, qoy uşaqlarım gün görsün". 


Bəli, Azərbaycan insanı övladları üçün çalışır, buna görə də insan kimi yaşaya bilmir. 



Adamlar işləyirlər, işləyirlər bir də başlarını qaldırıb baxırlar ki, yaş 40-50-dir, amma bunların xarici pasportlarında 1-2 viza ola, ya olmaya. 


Adamlar heç vaxt Balini gedib görmürlər, heç vaxt Venesiyanı, Barselonanı və s. görə bilmirlər. 



Ancaq işləyib qazanıb uşaq böyütmək.



Çünki Azərbaycanda vətəndaşı yetişdirən, böyüdən, təhsil, tərbiyə verən dövlət yoxdu.



Uşaqları-vətəndaşları məcbur qalıb valideyn böyüdür. Valideyn dövlət rolunu oynayır. 



Onun təhsilindən, sağlamlığından tərbiyəsinə qədər, maddi sosial təminatına qədər valideyn qarşılayır.  



Yəni Azərbaycan valideyni neçə uşağı varsa özü ilə bərabər 20-25 yaşa qədər bir o qədər də əlavə insan saxlayır. 

Əlbəttə, insan özü ilə bərabər 2-3 əlavə insan saxlayırsa çox işləməli, çox qazanmalıdır. 


Əksər hallarda Azərbaycan kişisi həm uşaq saxlayır, həm qadın. Çünkü o arvadını (xanımını) da işləməyə qoymur. Belə olan halda özü ilə bərabər qadın+2-3-4 uşaq saxlayır.

Olur rəsmən "qul"


O səbəbdən Azərbaycan kişilərinin ölüm statistikası təxminən 60-70-dır. 

Hansı ki Almanyada o halda insanlar dünyanı gəzməyə başlayır. 



Məsələ burasındadır ki, bu vərdiş və həyat tərzi həmişə davam edir. 

Yəni Azərbaycan valideynləri deyir ki, özüm cəhənnəmə, övladım üçün çalışıram, ona güzəran, gələcək qurum. 

O uşaqlar böyüyür və onlar da evlənən zaman öz uşaqları üçün çalışmağa başlayırlar. Beləcə bu zəncir davam edir.


Bir çox hallarda uşaq böyüyüb iki tərəf üçün çalışmağa başlayır. Həm yaşlı valideynlərini saxlayır, həm uşaqlarını. 


Bu səbəbdən Azərbaycan insanının uşaqlara sərmayə qoyması, onlara görə işləməsi bir növ gələcək "pensiya" rolunu oynayır. 



Yenə deyirəm Azərbaycanda dövlət olmadığına görə valideynlər böyütdüyü uşaqlara gələcəkdə özlərinin siğortası, arxa-dayağı kimi də baxırlar.

Məsələ tək uşaqların xoşbəxtliyi deyil.



Axı xəstələnən yaşlı atanı övlad sağaldır, yoxsa dövlətin ona verdiyi 250 azn pensiya və olmayan səhiyyə ilə necə yaşaya bilər?



Məsələ burasındadır ki, ölkənin böyük əksəriyyəti işsizlik problemi yaşayır, ağır maddi sosial şəraitdə yaşayır. Yəni rayonlarda, kəndlərdə, Bakı ətrafında və.s uşağın böyüməsi üçün heç bir infrastruktur, normal cəmiyyət, sistem yoxdu. 



Amma buna baxmayaraq adamlar dayanmadan doğub doğuzdururlar. Hamımızın qarşısına saysız-hesabsız paylaşımlar çıxır, istər sosial şəbəkələrdə istər televiziyada, istər həyatda.

Bir neçə uşağı olan kasıb valideyn "Uşaqları saxlaya bilmir" 



Niyə? Nə vacibdir? 


Sənin nəslin artmasa, sənin uşağın olmasa dünya nə itirəcək? Sən hansı önəmli genin daşıyıcısısan ki, mütləq uşaqın olmalıdı? 


Bu da cəmiyyətin başqa bir problemi.


Bir sözlə, Azərbaycan insanı daşlaşmış ailə-məişət vərdişləri, daşlaşmış qəbilə, tayfa ənənələri ucbatından "bədbəxt" olub. 


Ona verilən qısa həyatı yaşaya bilmir. 

Qayğılar içərisində bir də baxır ki, ömür getdi. 


Hamı bir-birini saxlaya-saxlaya, hamı bir-birinə yük ola-ola heç kim öz həyatını zövqlə, öz istədiyi kimi yaşaya bilmir.



Şəhriyar Məhərrəmov

qadinkimi.com