BURA / ORA, YAZI / DÜŞÜNCƏ
Gözlərimiz illərdi baxmadığımız efirlərə dikildi - Flora Hüseynova yazır Tarix : 26 Noyabr 2020, 16:56


 

Yuxu kimiydi sanki bütün olanlar. Bir səhər gözümüzü açıb müharibə başladığını eşitdik. Otuz il həsrətində olduğumuz torpaqlarımızın azad olunması üçün nəhəyət ki, hücum əmri verilmişdi... 


İllər keçəcək və biz bu Vətən müharibəsini belə xatırlayacağıq, belə danışacağıq. Bəlkə də müharibənin dayanmasını istəməyən xalq kimi tarıxə də düşəcəyik. 


Birinci Qarabağ müharibəsi iştirakçılarının, qazilərinin çox inandıqları qələbə haqda hələ uzun danışılacaq. Onların yarım qalan işlərini tamamlayan bu müharibə onlar üçün tamam ayrı məna daşıyır.  


Bu iki ayda yaşadıqlarımız hər birimizin həyatında, hafizəsində silinməz iz qoydu. Sanki özümüzü yenidən tanıdıq. İlahi, biz necə də bir ola bilərmişik, biz necə də Vətən üçün hər şeyi gözə alarmışıq. Tərəddüdsüz deyə bilərəm ki, sentyabrın 27- dən hər bir azərbaycanlı səhərini eyni açıb, axşamını eyni bitirdi, ya da heç bitirmədi, neçə səhəri dirigözlə açdı. 


Həyəcan, ürək ağrısı, sevinc, gözlənti, göz yaşları...

 

Gözlərimiz illərdi baxmadığımız efirlərə dikildi. Cəbhədən gələn hər xəbəri acgözlüklə dinlədik, sosial şəbəkələr sanki bir nəfərin paylaşımları ilə dolurdu. Mövzu tək idi. Hər bir şəhidimiz üçün göz yaşları axıtdıq, nə qədər də şəhidlər üçün ağlamazlar desək də, ağladıq, hələ də ağlayırıq.

 

Ağlayırıq, üzülürük, amma... qürur bizi əzilməyə, büdrəməyə qoymur. Biz qəhrəman oğullarımıza baxıb necə də fərəhləndik. Nə gözəl bir nəsil yetişib. Torpaqlarımızın işğal tarixləri, 20 yanvar qətliamı qeyd ediləndə "nə qədər yas keçirmək olar, millət ağlaya - ağlaya kiçildi, əzildi, cılızlaşdı” dediyimiz vaxtlar az olmayıb. Çoxumuzun ürəyindən keçib, çoxumuz dilə gətirmişik bu sözləri. 


Amma heç nə hədər getməyibmiş. Mesajlar düz hədəfinə çatıb. Zəhmətlər itməyib. Birinci Qarabağ müharibəsinin iştirakçıları, qaziləri bu günlərdə necə həyəcan keçirdirdilər. Çoxu yenidən cəbhədə övladları ilə yanaşı döyüşürdü.

 

Aprel döyüşlərində Lələtəpənin alındığı vaxtı xatırlatmaq istəyirəm. Necə sevindik, xoşbəxt olduq. Az olsun, kiçik olsun, amma bizim torpağımız idi. Hər qarışı dəyərlidi. Filmlər çəkildi, yazılar yazıldı, qürür duyduq.

 

Birinci Qarabağ döyüşçülərini sözgəlişi qeyd eləmədim. Bu məqam həm də bizim ailə üçün çox həssasdı. Hansı ailədə Birinci Qarabağ müharibəsində döyüşən əsgər, zabit olubsa, məni yaxşı başa düşər. 


Müharibə faciədi dedim. Bəli, hər an, hər saniyə hansısa dəhşətli bir ölüm xəbərinin kimin qapısını döyəcəyi bilinmir. Qardaşım Mehdi Hüseynov universitet təhsilini yarımçıq qoyub könüllü müharibəyə gedəndə atam, anam, biz bacı-qardaş nələr keçirirdik. Hər telefon zəng çalanda rəngimiz ağarırdı. Heç kim dəstəyi birinci götürmək istəmirdi. Hələ uzun müddət xəbər ala bilməyəndə hər birimiz nələr yaşayırdıq. Sözlə ifadə eləmək mümükün deyil.

 

Əsgərlərimizin son damla qanlarına kimi vuruşmaq istəyi, əzmi də bir ayrı mövzudu. Amma onlar indiki əsgərlərimiz kimi şanslı deyildilər, silah-sursatın, nizamlı ordunun olmaması və bir çox sadalmadığım amillər ki, çoxumuz bilirik... Hər iki Qarabağ müharibəsində dəyişməyən və ən vacib olan igid, qorxmaz azərbaycan oğullarıdı. 

 

Qardaşım ümumiyyətlə müharibədən danışmaz, biz sadəcə təsadüfən dostlarından, orda olan əsgərlərdən eşidərdik onun yaşadıqlarını. Kəşfiyyatçı olub Mehdi. Hərdən evə gələndə anama deyərmiş ki, süd qoy aparım - qatılaşdırılmış süd. Orda bir əsgəri varmış hamıdan kiçik - Malış ləqəbli, onun üçün aparırmış. 


 

Qardaşım yaralanıb Bakıda qospitalda yatanda əsgərlər gəlmişdi onu yoluxmağa. Danışırdılar ki, döyüş zamanı Malış yaralanıb, Mehdi onu neçə kilometr qucağında gətirib. İkisi də başdan ayağa qan içindəymiş. Malış artıq yolda keçinib. Amma... Mehdinin qucağından onu ala bilmirmişlər. Malışın öldüyünə inanmaq istəmirmiş Mehdi. 


Təsəvvür eləmək belə adamın qanını dondurur. Bu, sadəcə bir məqamdı. İndiki əsgərlərimiz də, o zamankı əsgərlərimiz də eyni ruhlu, eyni ürəklidi.

Mehdi hərdən qəribə bir cümlə işlədir. Əsgər yoldaşı varmış, giley edirmiş: "Hamı bizə 20 faiz torpaqları düşmənə verdiniz dedi, heç kim 80 faizi qorudunuz demədi”. 


 

Bəlkə də bu barədə düşünməyə dəyər. Bu deyimdə bir nisgil, bir inciklik var. İyirmi faiz torpaqlar işğal olsa da, əsgərlərimiz şəhid, qazi oldular. Bütün bunları deməkdə məqsədim odur ki, incitməyək canını Vətən üçün qurban verənləri.

Hər kəs bizi qələbə ilə təbrik etdiyi halda qəribə ruh düşkünlüyü var bəzi adamlarda. Və bu düşkünlük yoluxucudu.

Uzaqdan baxana döyüş asan görünür. Müharibə dəhşətdi! 


Neçə - neçə ailənin faciəsidi. Övladları şəhid olmuş ailələr azad olan torpaqlarımıza görə özlərində bu dərdə dözməyə təpər tapırlar.

Otuz il ayaq basa bilmədiyimiz, soydaşlarımızın yuxularında gördüyü torpaqlarımız şəhidlərimizin qanı bahasına geri alındı.

İnsanların necə sevindiyini, torpaqlarımıza qayıdırıq hayqırtısını eşidirsinizmi? 


Azad etdiyimiz şəhərlərə, rayon və kəndlərimizə sevinmək haqqımızdır. Bu haqqı bir-birimizdən oğurlamayaq.

Nə olsa da, əsgərlərimiz itirdikləri gözləri, əlləri, ayaqları və ən acısı, şəhid yoldaşları ilə daim xatırlayacaqlar o günləri.

Kim onların qarşısına keçib "siz nə etdiniz, nə qazandınız?” deyə bilər? 


Zaman keçəcək, bizi narahat edən suallar da cavabını tapacaq. Biz bunu bacardıq, yenə də bacararıq.

Bizim yolumuz haqq yoludu. Qələbəmiz haqlı qələbədi. 


Flora Hüseynova

Qadinkimi.com