"Doğulmamış qızıma məktub yaza bilərəm?”
"Yəqin ki, bu sualı ünvanladığım qadın çox təəccübləndi. Amma sən məni ən yaxşı tanıyan insan olacağın üçün bu hərəkətim səni təəccübləndirməyəcək.
Gözəl qızım, bu məktubu sənə 25 yaşımda, ən kədərli günlərimdən birində yazıram. Uğursuz evliliyimin ardından dizlərimi qucaqlayıb doğulmamış qızım üçün az ağlamamışdım. Bir gün düşündüm ki, doğulmamış olman doğulmayacaq olman demək deyil. Belə olması daha yaxşı deyildimi?! Axı sənin xoşbəxt olmağın üçün təkcə yaxşı ana kifayət etməyəcəkdi.
Sən bu gün həyatımda yoxsan, heç bilmirəm olacaqsan, ya yox. Amma sənin haqqında, sənin gələcəyin haqqında indidən düşünürəm. Məsələn, sənə hansı adı verəcəyimi düşünmüşəm. Səni o adla səsləyəcəyim, sevəcəyim zamanı səbirsizliklə gözləyirəm. Özümü inkişaf etdirməyə, yeni dillər öyrənməyə çalışıram. Ən önəmlisi qızına nümunə ola biləcək bir ana olmaq istəyirəm. Məsələn, zəkanı, saflığını, mərhəmətini məndən alasan deyə nə qədər pisliklərlə üzləşsəm də saflığımı, mərhəmətimi, vicdanımı itirməməyə çalışıram. Bəzən sənin gələcəyin üçün narahat oluram buna görə də. Axı bu cəmiyyətdə fərqli və vicdanlı insanlar xoşbəxt ola bilmir. Amma inanıram sən bütün tabuları yıxacaq qədər güclü olacaqsan. Valideynlərin buraxdığı səhvlərin övladlarının qarşısına çıxdığına tez-tez şahid oluram. Kiməsə pislik etməməyə, daima dürüst olmağa,haqqın tərəfində olmağa çalışıram. Əgər bilmədən belə bir şey etsəm və sən mənim səhvlərimin cəzasını çəkməli olsan məni bağışla. Doğrusu istəmirəm mənim eqomun qurbanı olasan. Bəzən səni hüquqşünas kimi təsəvvür etdiyim anlar olur. Amma tez özümə acıqlanıram.Sən mənim istədiyim insan olmağa məcbur deyilsən, heç olmamalısan da. Öz yolunu özün tapmalısan.Sənin doğru şəxsiyyət olmağın,xoşbəxt olmağın üçün əlimdən gələni edəcəm.Amma necə olmağın sənin öz seçimin olacaq.Sən necə olursan ol, nəyi seçirsən seç biz sənin yanında olacağıq. Atan olacaq insan haqqında da bunu əminliklə deyə bilərəm. Əgər sən doğulmusansa, deməli, mən onu sənin atan olmağa layiq bilmişəm. Sonsuza qədər sənin yanında olmağım mümkünsüzdür amma yanında olduğum zamanlar sənə elə xatirələr buraxacam ki, məni hər zaman yanında hiss edəcəksən. Ümid edirəm ki, sənə layiq ana olacam. Bilirsən ən böyük arzularımdan biri də nədir? Səninlə Dino Daenin əsərindəki kimi bir portretimizin olması. İstəyirəm o şəklə baxanda sən də mənim kimi keçmişi və gələcəyi görə biləsən.
Gözəl qızım, bu məktubumda sənə bəzi şeyləri demək istəyirəm.Bir zamanlar olar ki, mən də öz ağlımca sənin üçün hər şeyin ən doğrusunu bilmiş olduğumu zənn edərəm.O zaman sən bu yazımı mənə xatırladarsan. Çalış həyatının sükanını öz əlində tutasan. Unutma ki, həyat hekayənin baş rolu sənsən. Heç kimi həyatının mərkəzi etmə. Nə məni, nə atanı,nə də başqasını.İnsanlara yaxşı davran amma öncə özünə yaxşı davran,ən çox dəyəri özünə ver. Hər kəs gedəcək hətta mən də amma sən daim özünlə qalacaqsan. Dəyər görmədiyin heç bir yerdə bir an belə durma. Səbrli ol amma dözmə. Heç kimin səni yaşayan ölüyə çevirməsinə izn vermə. İstəmədiyin şeylərə "Hə"demə.İnsanlara "Dur"deməyi bacar. Haqqlıykən susma. İnsanlar susanı qorxaq zənn edər. Hətta, mənim yanımda da haqqlı olsan susma. Həyatını içindən gələn kimi yaşa,içindən gəldiyi kimi gül, əylən."Kim nə deyər?!"düşüncəsini özündən uzaq tut. Həyatının ən önəmli qərarlarını verərkən belə özünü düşün.Ölərkən tək öləcəksən. Elə yaşa ki, həyatının sonunda "Yaşadım"deyə biləsən. Bir şeyi unutma.Sənə çoxları"Səni sevirəm"deyəcək amma heç kim səni bu həyatda məndən çox sevə bilməz.Səni kimlər dəyərsiz hiss etdirir etdirsin,kim çirkin hesab edir etsin bil ki,sənə dəyər verən, gözəl hesab edən insanlar var. Ən azından mən varam. Arzu edirəm ki, ananın olmadığı qədər xoşbəxt, gözəl, güclü və azad olasan!
Sevgilərlə, anan ...
Gültəkin Həzisoy
qadinkimi.com