UŞAQ / BÖYÜK
Flora Hüseynova - "Qızıma məktub" (MÜSABİQƏ) Tarix : 02 Mart 2020, 18:17
Yazar : Flora Hüseynova
MƏN YAXŞI ANA OLA BİLMƏDİM….BAĞIŞLA QIZIM.

Qızım… bəlkə də eynən mənim kimi sən də nə vaxtsa təsadüfən mənim yazdığım bu məktubu oxuyacaqsan…bəlkə də yox. Amma…mən sənin yazdığın məktubu illər sonra oxudum və anladım ki, mən yaxşı ana ola bilməmişəm. İlk dəfə sənə lay-lay deyəndə dodaqlarını büzüb ağladın və mən lay-lay əvəzinə sənə şeir dedim. Xoşun gəldi, heç nə anlamasan da üzün güldü. Beləcə səni yatırdanda şeir oxumağa başladım. Artıq sən dil açmışdın və yatanda mənə  "danış” deyirdin, yəni şeir de. Bəlkə də elə o vaxtdan artıq mən yaxşı ana deyildim, çünki oxuduğum lay-lay hüzünlü idi, səni kövrəldirdi… 

Səni bağçaya aparanda ” niyə bağça uzaqdır?”, evə gətirəndə "niyə evimiz uzaqdır?” soruşanda  da özümü günahkar hiss edirdim. Çox vaxt bağçaya ən son gələn valideyn mən olurdum. Çünki, direktor 5 dəqiqə tez çıxmağa icazə vermirdi və mən 15 dəqiqə sonra gələn avtobusla çıxmalı olurdum. Sənin arxanca sonda gəldiyimə görə də, yəqin ki, ürəyində düşünürdün ki, mən ən pis anayam. Mən sadəcə işimi itirə bilməzdim deyə direktora tabe olmağa məcbur idim. Amma, sonralar özüm direktor işləməyə başlayanda qadınları 15 bəzən də  30  dəqiqə tez buraxırdım işdən, bağçaya gecikməsinlər deyə, pis ana olmasınlar deyə. Ayda bir dəfə maaş alanda uşaq aləmi mağazasına girib sənin üçün yaşına uyğun oyuncaq alırdım. Bəlkə də sən bu oyuncaqları tez tez almağımı gözləyirdin. Əslində mən səni necə böyüdəcəyimi, sənə necə tərbiyə verəcəyimi kitablardan oxuyurdum. Sən demə bu çox az imiş yaxşı ana olmaq üçün. Sənin ürəyindən keçən çox şeyləri eliyə bilməsəm də çox sevirdim səni, elə indiki kimi. Amma, körpə uşağa bu azdı. Onun öz arzuları, istəkləri var. 

Sən böyüdükcə qürur duyurdum səninlə. Amma, yenə yaxşı ola bilmirdim. Çox gözəl səsin var idi, çox istedadlı idin, amma mən sənin başqa sahədə təhsil almağını istədim. Sən arzunu mənim istəyimə qurban verdin. Çünki istəyirdim maddi sıxıntın olmasın, gələcəkdə övladına ayda bir dəfə yox istədiyin zaman oyuncaq alasan. Əvvəllər yanımda hərdən mahnı oxusan da başqa sahədə təhsil almağa başlayandan sonra bir dəfə də olsun mənim yanımda oxumadın. Düşünürəm bu yolla mənə olan incikliyini ifadə edirsən. Bəlkə də haqlısan. Mən çox şeydən məhrum oldum və indi ən çox darıxdığım şey sənin uşaqlıq illərindi. Mən o illəri doya-doya yaşaya bilmədim. Həyatda ilk dəfə elədiyin çox şeyi bağça müəllimələrindən eşidirdim və bu məni çox incidirdi. Sən indi çox mükəmməl bir mütəxəssis olsan da bəlkə də məni bağışlamamısan. 

Hə sənin məktubunu bloqda oxuyacağımı yəqin ki, heç ağlına da gətirməmisən. O, məktubu oxuyanda bir hadisə yadıma düşdü, yəqin sən də xatırlayırsan o  hadisəni. Sən balaca idin. Yay vaxtı idi, hava o qədər isti idi ki, sən dözə bilmirdin. Evdə kondisioner yox idi. Mən də bir karton parçası ilə səni sərinlətmək üçün yelləyirdim. Mən yorulub dayanan kimi sən "Yellə” deyirdin. Mən də bunu bir zarafata salıb gülür və yenidən səni sərinlətmək üçün kartonu yelləyirdim. Sənsə rahatladığından gülürdün. İllər sonra sən artıq böyük qız olanda mənə bir yelpik hədiyyə elədin. Mən də hər gün isti havada işə gedəndə yolboyu o yelpiklə özümü sərinlədirdim. Bilirsən ki, istiyə dözümüm yoxdur. Təbii ki, yelpiyi işlətdiyimnən o köhnəldi və bir qanadı qırıldı. Sən demə o yelpikdən birini də sənə yaxın olan çox alicənab ev xanımına bağışlamısan. Məndən fərqli olaraq o yelpiyi hədiyyə kimi saxlayıb. Mənə verdiyin hədiyyənin qırılmağı görünür ki, sənə pis təsir edib və sən də bunu bloqunda yazmısan. Nə deyim mən o yazını oxuyanda çox ağladım. Və hədiyyəni qorumadığım üçün çox peşiman oldum, qızım.

Amma, artıq o məktubu oxumağımdan illər keçib. Artıq hər şeyə fərqli prizmadan baxıram.
Qızım, mən indi sənə lay-lay əvəzinə şeir oxuduğuma görə üzülmürəm, çünki sən şeiri, incəsənəti və ən əsas da kitab oxumağı çox sevirsən.
Daha səni piyada uzaq bağçaya aparmağıma görə də pis olmuram, sən indi gündə neçə km yol gedirsən sağlamlıqdır deyə. 
Heç müğənni olmağına mane olmağıma görə də ürəyim ağramır.  Çünki, sən əla mütəxəssissən, yaxşı pul qazana bilirsən və əgər həqiqətən oxumaq istəsən heç kimə möhtac olmadan bəstəkardan mahnı alıb oxuya bilərsən. Mən ki, bunu sənə lap əvvəldən demişdim. 

İstəyirəm biləsən ki, o yelpiyə görə üzülmə qızım, sən mənə o yelpikdən qat-qat dəyərli hədiyyələr vermisən. O, hədiyyələri heç bir külək, heç bir tufan qıra bilməz. Sən mənə ana kimi sevinməyi, qürür duymağı hədiyyə eləmisən. Sən məktəbi bitirdiyin il universitetə ən yüksək balla daxil olanda mənə dünyanı bağışlamısan.
Bütün bunları deməklə mən yaxşı ana olduğumu demək istəmirəm. Çünki heç bir vaxt buna çalışmamışam. Mən sadəcə sənin anan olmuşam. Sadəcə sən xoşbəxt olasan deyə bacardığım və bildiyim kimi sənə ana olmuşam. Bacardığım və bildiklərim yetərli olmasa da...   
Mən sadəcə səni sevirəm qızım.

P.S:  Amma bir şeyi etiraf edim, o yelpiyin qırılmağının səni üzdüyünə görə özümü bağışlaya bilmirəm. Mənim sevimli qızım.

 

Flora Hüseynova
qadinkimi.com