FEMİNİZM, QADIN / KİŞİ
Feminizmin dalğaları, mərkəzi cərəyanları və onların mövzuları Tarix : 19 Aprel 2021, 00:59

Feminizm siyasi tələblərinə və əsas ideoloji baxışlarına görə üç dalğaya bölünür. Hər üç dalğada tələb, etiraz və həll formalarına görə müxtəlif siyasi cərəyanlar yer alır: peşə, siyasət və ailədə kişilərlə eyni xüsusi hüquqlara sahib olmağı tələb edən liberal feministlər, qadının əzilməsi və istismarına qarşı kapitalist transformasiyanı əsas götürən marksist feministlər, kapitalizm və patriarxallığın bir-birindən bəsləndiyini və sosialist nizamın bərqərar olmasının qadının azadlığından asılı olduğunu iddia edən sosialist feministlər, cinsiyyət tabeçiliyini cəmiyyətin fundamental quruluşu kimi görən və patriarxiyanın çökməsini hədəfləyən radikal feministlər, sinif, irq və cins kontekstində meydana gələn qaradərili feministlər, cins və seksuallığın patriarxal əsasla təhkiminə və cinsi təyinata qarşı etiraz edən kuir feministlər və bu əsas siyasi cərəyanlardan qaynaqlanaraq yaranan digər bütün feminist alt cərəyanlar.


19-cu əsrdə formalaşan birinci dalğa qadınların kişilərlə eyni və bərabər hüquqi, siyasi, iqtisadi haqlara nail olması üçün burjua və proletar qadın hərəkatları ilə başlayıb. Bu dalğada liberal feminizmə müxalif yanaşma ilə marksist feminist cərəyan formalaşıb. Birinci dalğa feminizmdə "tələblər, əsasən, qadınların bərabər siyasi və iqtisadi hüquqları, təhsil və ictimai işləmək hüququ, bərabər əmək haqqı, daha yaxşı iş şəraiti, xüsusi hüquqda bərabər imkanlar və analıq haqlarının qorunması kimi məsələlərdə kişilərin sahib olduğu imtiyazlara uyğunlaşma məqsədi daşıyırdı” (Künzel 2012, 52). Birinci dalğa feminizmdə kişi və sahib olduğu hüquqlar norma kimi qavranıldığından qadının ona və onun sahib olduğu imtiyazlara uyğunlaşması əsas hədəf idi. Liberal feministlərə müxalif olaraq meydana gəlmiş marksist feministlər isə kapitalist sistemdə qadınların bərabər hüquqlara sahib olması heç nəyi dəyişməyəcəyini və kapitalizmin qadınların əzilməsinin əsas səbəbi olduğunu iddia edirdi.


1960-cı illərin sonlarında yeni qadın hərəkatlarının yaranmağa başlaması ilə feminizmin ikinci dalğası formalaşdı. Hüquq müstəvisindəki tələblərin məzmunu dərinləşərək, qadının "öz müqəddəratını təyinetmə [hüququna] və ictimai yerini” möhkəmlətməyə fokuslandı (Künzel 2012, 52). Bu dalğada 1970-ci illərin başlarında ilk dəfə "gender” sözü britaniyalı sosioloq Ann Okli tərəfindən istifadə edildi və bununla bioloji cins və sosial cins anlayışları bir-birindən fərqləndirildi. Akademik səviyyədə qadın və gender araşdırmaları bu dalğada formalaşdı və araşdırmaların əsasını kişi – qadın fərqliliyi, şəxsi sferadakı problemlər – ev işinin mübahisələndirilməsi, iş bölgüsü, ailə daxili zorakılıq, əmək və cinsi istismar kimi məsələlər ikinci dalğanın əsas mövzularına çevrildi. O cümlədən sinif- irq-cins üçlüyünün qadının əzilməsindəki təsiri müzakirə edildi.

1990-cı illərin əvvəlində üçüncü dalğa meydana çıxdı və bu dövrə qədər olan (əvvəlki feminist dalğa və feminist nəzəriyyələrdəki) anlayışları, problemləri və yanaşmaları yenidən mübahisələndirərək, mövcud əsas fərziyyələrə ciddi dəyişiklik gətirdi. "Məzmun analizləri [burada digər feminizmlərin mübahisələndirdiyi məsələlər nəzərdə tutulur] yerinə feminist identifikasiya və ümumi təmsilçilik imkanlarından bəhs edildi, (…) akademik qadın araşdırmaları gender araşdırmalarına, gender araşdırmaları da kuir araşdırmalar müstəvisinə qədər genişləndi” (Künzel 2012, 52). Yəni, bu dövrdən başlayaraq, qadın məsələlərini əhatə edən feminizm anlayışı daha da genişlənərək gender araşdırmaları və kuir araşdırmalar sahələrini də əhatə etdirməyə başladı. Beləliklə, kuir nəzəriyyə heteroseksual normativ və ikili cinsiyyət sistemini əzilmə faktoru kimi mübahisələndirdi, seksuallığın da sosial inşa olduğu iddiasını irəli sürdü.

 

Bu dövrə qədər olan heteroseksual, ağdərili və qərbli qadınların azadlığı üçün formalaşan feminist məzmun tamamilə dəyişdi, interseksionallıq, heteronormativlik kimi aspektlərə əsaslanan ayrı-seçkilik və kimlik siyasətləri tədqiqatlar mövzusu oldu. Feminist diskursun tədqiqat istiqamətləri haqqında yazmazdan əvvəl feminizmin mərkəzi siyasi cərəyanları – onların çıxış nöqtələri haqqında xülasə etmək istəyirəm. Digər cərəyanlar əsasən bu cərəyanların ideya və prinsiplərindən qaynaqlandığı üçün aşağıdakıları feminizmin mərkəzi siyasi cərəyanları adlandırıram.

Feminizmdə əsas siyasi cərəyanlar

 


Feminist Cərəyanlar 

                        Feminist cərəyanların məzmunu

 


Liberal Feminizm

 

 

 

 

 

Hüquq bərabərliyi


 

 


Emansipasiya

 

 

 

 

Marksist Feminizm

 

 

 

 

Kapitalizmin cinsi bərabərsizliyin əsası kimi tənqidi

 

 


Sosialist Feminizm

 

 

 

Patriarxallığın və kapitalizmin cinsi bərabərsizliyin əsası kimi tənqidi

 

 

 

Radikal Feminizm

 


 

 

Patriarxallığın tənqidi

 

 

 


Qaradərili Feminizm

 

 

 

Sinif-irq-cins əlaqəsi

 

 

 

 

Kuir Feminizm

 

 

 

Cins, seksuallıq, kimlik siyasəti

 

                                           

 

 

                                                             davamı var

 

 

 


 

 

Nurlana Cəlil

Yaxşı İdarəetmə üzrə Carl Friedrich Goerdeler Kolleg məzunudur. O, Almaniyanın Marburq Universitetində feminist siyasətşünaslıq üzrə doktorantura təhsili alır.