SƏNƏT
Evə həyan olan qadın vacibdirsə, niyə ananın sağlığında ata bunu dilə gətirmirdi? - "ŞEYX"dən parça Tarix : 24 Noyabr 2022, 14:42
Yazar : Sahilə İbrahimova

Qadinkimi.com yazıçı Sahilə İbrahimovanın "Şeyx" romanından parça təqdim edir: 

 


1990-cı illər, Bakı
 

 
 
Anası öləndən sonra Şumeysatın ata nənəsi namaz qılmağa başladı. Ana babasıilə xəstəxanadan gələn cecenlər onlara möhür bağışlamışdılar. Ana nənəsi həmin möhürü ölən qızının qayınanasına verib, namazı oyrətdi. Bir dəfəyə iki rukət olmaqla üç dəfə qılırdılar namazı. Ana nənəsinin nəsli şiə idi, ata nənəsi əksinə, sünni sayılırdı. Atasıgilin nəsli Osmanlıdan küsmüşdü. Anası isə ailəlikcə Cənubi Azərbaycandan əvvəlcə Naxçıvan, sonra Qarabağa gəlmişdi. Sonra zavodlar, fabriklər tikiləndə hər iki ailə paytaxta köçdü. Şumeysatın hər iki nənəsi bəy nəslindən idi, söz düşdükcə "görünür, ona gorə kənddə torpaqla əlləşə bilməyib şəhərə gəlməyə qərar vermişik” deyirdilər. Gəlini dünyadan köçəndən sonra ata nənəsi də evdəki hər kəs kimi özünü azaltdı. Günlərlə səssiz-səmirsiz gəzər, çox vaxt ancaq kiməsə yemək təklif eləmək üçün danışardı. Arada ağlayır, əzab cəkdiyi görünürdü. Şumeysat yavaş-yavaş ona güvənirdi.

 
O, namaz qılmağa başlayanda onsuz da səssiz olan ev daha dərin sükuta qərq olurdu. Ata nənəsini namaz qılarkən gormək gozlərinə nə qədər yad gorunsə də, bir o qədər xoş idi. Qız qarının namaz qılmağını günahlarını yumaq istəyinə yozurdu. Evlərindən daha az hönkürtü eşidilir, qapılar əvvəlki qədər açılıb-bağlanmırdı. Şumeysat anasının ölüm gününü və sonrakı həftələri yad bir evdə olanlar kimi izləyirdi. Qırx gün bitdi, ağlaşmalar, təsəllilər, adamlarla dolu cumə axşamları, mollanın səsi tədricən sükut dolu səhərlərin arxasında qaldı. Ev qohumlardan təmizlənəndə dörd divar arasında Şumeysat, ata, balaca bacısı, ata nənəsi, bir də, İnam qaldı. Bircə ana yox idi. Amma həm də, ana özü ilə bərabər, hər kəsdən bir parça qoparıb aparmışdı sanki – azalmışdılar. Ananın yoxluğu hiss olunan ən qabarıq şey idi. Sanki gedən bircə ana deyildi, çox adam evlərini tərk eləmişdi, otaqların əvvəlki basırığı yoxa çıxmışdı. Balaca bacısı belə az ağlayırdı. Amma hamıdan çox İnam azalmışdı. Az yeyir, evdə az olur, az danışır, az tərpənirdi. Şumeysat qardaşına sığınanda əvvəlki guvəni duya bilmirdi. Qıza elə gəlirdi ki, qardaşı ondan qurtulmaq istəyir. Dəsmallar yenə qatlanıb üst-ustə yığılır, qab-qacaq sıra ilə rəflərə düzülürdü. 

Ananın qoyub getdiyi səliqə-sahman Şumeysat və nənənin səyi ilə olduğu kimi saxlansa da, hər tərəfdən sünilik, yadlıq boylanırdı. Elə bil, ana ilə birgə yaşadıqları həyatın surətini çıxarıb yaşayır, yeni şəkil əsli ilə muqayisədə  solğun, keyfiyyətsiz görünürdü. Hər şeyi ehmalca edirdilər, sanki barmaqlarının ucunda yaşayırdılar. Elə bil, cəld yeriyib, evdə bərk danışıb-gulsəydilər, nəyisə sındıracaq, kimisə oyadacaqdılar. Şumeysat anasının ölümünə lazımi qədər kədərlənə bilmədiyini düşünürdü. Qızın dodağı təsadufən nəyəsə qaçanda, yaxud icində umidə və sevincə bənzər nəsə oyananda, özünü günah işləmiş kimi hiss edirdi. Anasının ölümünə layiq olduğu qədər ağlayan olmayıb deyə narahat olurdu. Şumeysat hər açılan səhər anasından bir gün qədər uzaq düşdüyünü anlayanda, eyninin açıldığını, sinəsində duyunlənib qalmış dərd topasının kiçildiyini duyanda özünü xəyanətkar sayırdı. Ailədə ana ilə bağlı mövzulardan  qaçmağı da xəyanət sayırdı. Qız ananın var olması üçün ona aid mövzuların muzakirə edilməsini, onun içində canlı gəzdiyi günlərin, hadisələrin xatırlanmasını istəyirdi. 

– İnam, niyə ana ölən gün gec gəldin? Arvadlar deyirdi, olə bilmir, səni gozləyir, – bir dəfə Şumeysat soruşdu. – Tez gələ bilmədim, – İnam uzun muddət onun dəftərləri çantasına yığan əllərinə baxıb dilləndi. – Öləcəyini bilirdin. Onun yanında olmaqdan vacib nə işin ola bilərdi? – Şumeysat öz qulaqlarına belə yad gələn səslə dedi. Elə bil, onun səsi böyümüşdü. Əvvəlki uşaq cingiltisi yoxa çıxmışdı. – Başqa vaxt danışaram. İndi yox, – İnam mızıldandı. – İndi bilmək istəyirəm, – Şumeysat israr etdi. Kohnə radioda ruhu qanadlandıran xalq mahnısı səslənirdi. Çaydandan buğ  çıxırdı. Ev soyuq idi, Şumeysat rəngli yun corablarını geyinsə də, barmaqlarının və burnunun ucu buza dönmüşdü. Qız radionu söndürdü. Ata mətbəxə girəndə susdular. 

Kişi ozunə çay süzdü. Şumeysatdan ona əncir murəbbəsi verməyini istədi. – Sizinlə danışmalıyam. Bir muddət üçlükdə susandan sonra ata sükutu pozdu. Şumeysat burnunu ovuşdura-ovuşdura narahat baxışlarını atasına tuşladı. – Evə qadın lazımdır. Körpəyə baxsın, evə əl gəzdirsin. Şumeysat uşaqdır. Dərsləri ilə məşğul olmalıdır. Anam da qocalıb. Evin yükü onun üstündə qala bilməz. Mən bir qadınla evlənməyə hazırlaşıram. Gəlib bizə həyan olar. Şumeysat dəhşətlə qardaşına baxdı. İnamın nəsə deyəcəyini gozlədi. O isə susur, cevrə çəkməyinə davam edirdi. – Şami... – ata yenə nəsə demək istəsə də, fikrini dəyişdi, ağzını marçıldada-marçıldada çay içməyə davam etdi. – Babamgilə suyu sən aparsaydın, anamın beli qırılmazdı, – Şumeysat kinlə dolu baxışlarını atasının üzünə tuşlayıb, qətiyyətlə dedi. Qəzəbini ifadə etmək üçün bundan yaxşı cümlə tapa bilməzdi. Sanki bu cumləni aylardır icində gəzdirib ən hiddətli vaxtında çıxarmaq üçün hazır saxlamışdı. Yerini yaxşı bilirdi. Çaşmadan, tərəddüd etmədən əl atıb götürdü və çırpdı atasının üzünə. – Bu necə danışıqdır mənimlə danışırsan? – kişi stulunu geri cəkib ayağa durdu. İnam Şumeysatın əlindən tutub qonaq otağına aparanda ata arxadan bağırdı:

– Hamısını eləyən sənsən, kopək oğlu! Qızımı ustumə sən qaldırmısan. İt oğlu! Səsə korpə oyandı. Şumeysat uşağı sakitləşdirmək üçün yataq   otağına qaçdı. Şumeysatın bədəni əsirdi, gozlərindən yaş axırdı. Çöl qapısı çırpıldı, İnam getdi. "Gəlib bizə həyan olar”, – Şumeysat ikrahla atanın sozlərini təkrarladı. Elə bil, onları xilas edəcək bir qadın haqqında danışırdı. Səsindən həlimlik və hər şeyə sahiblənmək hissi duyulurdu. Qızın bədənini azğın qısqanclıq bürüdü. Evə həyan olan qadın bu qədər vacib biridirsə, niyə anası ailədə eyni rolda deyildi? Niyə ata mərhum anası haqqında danışanda onun bu rola – bu xilasedici yerə sahib olduğuna heç vaxt eyham vurmamışdı? Ev işlərini gormək, uşağa baxmaq bu qədər vacib işlər idisə, niyə ananın sağlığında ata, nənə bunu dilə gətirmirdi?” Şumeysat fikirləşdikcə dırnaqlarını gəmirirdi. "Qız anasının taleyini yaşayır”, – Şumeysat ananın yasında onu qucaqlayıb ağlayan qadınlardan birinin sozlərini xatırladı, dəhşətdən urəyi sıxıldı. Ananın şəklinə baxdı."Miras aldığım taleyi dəyişmək mümkün deyilmi? Bununla barışıb yaşamaqdan başqa carə yoxdurmu?” – Şumeysat düşündü. Paltar dolabından ananın əlcəklərini götürüb geyindi, çarpayıya uzandı. Çöldə yerdə qalmayan qar yağırdı, kulək sakitləşmişdi. "Temperatur sıfır dərəcəyə duşsə, sabah yollar buz bağlayacaq”, – ananın səsi qulaqlarında əks-səda verdi. Ana belə havalarda Bakı kəndlərinə satmağa xlor aparmırdı. Onun bir daha heç vaxt uzun yol getməyəcəyi fikri Şumeysatı sakitləşdirdi. "Yaxşı ki, ölüb...” 

Ananın hündür boyu, seyrək qara saçları vardı. Onu əvəz edəcək qadın isə ortaboylu, gur saçlı idi. Saçlarını səliqə ilə darayıb arxadan toppuz  yığırdı.Ana ömrünün son illərində saçını qısa kəsdirərdi. Uzun saça ayıracaq vaxtı yox idi. Evə təzə gələn qadının səsi incə idi, aramla danışır, ehmalca tərpənirdi. Ananın səsi qalın, hərəkətləri kobud idi. Tez-tez yeriyir, evin icində sağa-sola şütüyürdü. Analığın varlığı isə güclə duyulurdu. Bu, ilk gunlər belə oldu və tezliklə onun səssiz varlığı hər yerdən görünməyə başladı. Qadın əvvəlcə mebellərin yerini dəyişmək istədi. Qonaq otağındakıları dəyişdi də. Dəhlizin küncünə qoyulmuş  kiçik kitab dolabı isə tamamilə yoxa çıxdı. Qadın köhnə rəflərin evə yaraşmadığını deyib onu sakitləşdirdi. Bu iş İnama tapşırıldı. İnam onu yeddinci sinifdə oxuyanda ananın istəyi ilə duzəltmişdi. Şumeysat dolabı sökməyin qardaşı üçün nə qədər ağır olduğunu bilirdi. Dəyişikliklər bitdi. Əvvəlcə Şumeysat ananın izini evdən bir az da silindiyini düşündü. Evin gorkəmi hiss ediləcək qədər dəyişəndə qız, əslində, belə olmadığını anladı. Ana onlarla idi – əşyalar yerlərini dəyişib bir-birindən uzaq duşsə də, ananın izləri onlarla idi...Zahirən hamı sakit görünürdü. Ananın divardakı şəkli yoxa çıxana qədər həyat öz axarı ilə davam etdi. 

– Şami, şəkil hanı? İnam əvvəl Şumeysatdan soruşdu. Şumeysat qonaq otağının divarından asılmış üstü boş xalçaya baxdı. Orada kecən yeni ildə vurulan şar iplərindən başqa bir şey yox idi. – Bilmirəm, – qız yavaşca dedi. Nənə də təəccublə divara baxdığı üçün şəkli onun çıxarmadığını bilmək cətin deyildi. Adətən, o, bildiyi şeyə dərhal reaksiya verirdi. – Mən çıxarmışam, – analıq sakit, qətiyyətli səslə dedi. – Şəkli yerinə asın, – İnam bacardıqca mülayim səslə danışmağa çalışsa da, əsəbi olduğu sezildi. – Şəklin orda olmağını istəmirəm, – qadın eyni qətiyyətlə bildirdi. – Sizin nə istədiyiniz məni maraqlandırmır. Anamın şəklini yerinə asın! – İnam hirslə təkrarladı. – Atanla danış. Xəbəri var. Şəkli çıxaracağımı ona demişdim, – qadın adamı ozundən çıxaracaq sakit, lovğa səslə davam etdi. – Həyasızlıq eləməyin. Şəkli yerinə asın deyirəm! –İnam qəzəblə qışqırdı. – Bağırma, ləçərin qarnından çıxan! – analıq ikrah doğuran ciyiltili səslə dedi. İnam ozundən asılı olmayaraq irəli atılıb, qadına şillə vurdu. Hər şey bir gözqırpımında baş verdi. Qadından əvvəl eşitmədikləri səslər çıxdı.
 
O ağlayır, qışqırır, təkcə İnamı deyil, Şumeysatı, nənənin qucağında çığıran korpəni, ananın qəbrini söyürdü. Şumeysat sonralar hər dəfə o günü xatırlayanda ürəyi şiddətlə döyünəcək, az qala nəfəsi kəsiləcəkdi. Şumeysat pəncərələri bağladı. Ata köşkdə idi, evdəki səs-küyü eşidib gəlməyəcəyinə ümid elədi. Sakit, cəsarətsiz gunəşli gün idi. Gunəş dünyanı qızdıracaq həvəsdə olmasa da, Yeri işıqsız qoymamışdı. Qız çovğun duşməyini, bütün səsləri batıracaq ildırım çaxmağını arzuladı. Şumeysat pərdələri cəkəndə analıq qolundan yapışıb, pəncərələri açdı, bağırmağa başladı.
– Qapını açın!
Ata qapını yumruqladı. Şumeysat qorxa-qorxa çöl qapıya tərəf getdi.
– Nə olub? – qapı açılan kimi ata hövlnak icəri atıldı, tələsik qonaq otağına qaçdı. Analıq hələ də eyvanda idi, yerdə oturub, kürəyini eyvanın divarına soykəmişdi.
– Nə olub? Bu nə səs-küydür salmısınız? – ata arvadının qolundan yapışıb qaldırmağa çalışdı. Qadın biləyinin ağrıdığına işarə edib bərkdən zarıdı.
– İnam qolumdan tutub divana itələdi. Qolumu necə sıxıbsa, barmaqlarının izi hələ də getməyib. Uzumdəki şillə yerinə bax... Bax, bax... O məni eyvandan atmaq istəyirdi. Anan ortaya girməsəydi, məni oldurəcəkdi!– qadın biləklərini irəli uzatdı.
– Yalan deyir, onu itələyən olmayıb. O, anaya ləçər dedi. İnama ləçərin qarnından çıxan dedi, – Şumeysat atanın əsəbdən oynayan gözlərinə baxmadan dilləndi.
– Necə yəni qolundan tutub itələdi? Necə yəni səni döyürmüş? Sən, – ata İnama yaxınlaşdı, – sən mənim arvadıma əl qaldırmısan? – az qala nərildədi.
– Sənin arvadın mənim anama ləçər deyir, – İnam qəzəblə cavab verdi.
– Anan? Sənin bu evdə anan yoxdur, heç vaxt da olmayıb! – ata bağırdı.
Şumeysat nənənin qışqırığına diksindi. Nənə "sus” deyib oğluna tərəf yüyürdü.
– Qoy bilsin. Qoy bilsinlər. Daha bu qoduğa dözəsi halım yoxdur. Nə Ofeliya sənin anan olub, nə də mən sənin atanam!
Ata sanki illərin qisasını almaq istəyirmiş kimi, bu sözləri ləzzətlə, təkrar-təkrar dedi.
İnam pəncərəyə söykənmişdi, dinmirdi, elə bil, deyilənləri eşitmirdi. Ata yan otaqdan bir tərəfi qopmuş sənəd qutusunu gətirib icindəkiləri divanın üstünə tökdü. Bir qədər eşələnəndən sonra İnamın doğum haqqında şəhadətnaməsini çıxarıb əlində yellətdi.
– Yalandı, hamısı yalandı, sənin doğum haqqında şəhadətnaməndə yazılanlar başdan-ayağa yalandı. Əsl sənədlərini arxivdən çıxarmaq istəsən, sənə kömək edərəm. Sən bizim övladımız deyilsən! – bağırdı.

Şumeysat səmaya baxdı. Kimsə görünmürdü. Onsuz da, kinolarda deyilən təsəlliyə heç vaxt inanmamışdı – guya analar öləndən sonra goyə uçub, oradan övladlarını seyr eləyir, xeyir-dua verirlər. Şumeysat səmada buludlardan və heysiz gunəşdən başqa kimsənin omadığına sevindi. Kimsə onları görmürdü. Allah da.

"O başqa yerdədir, – qız düşündü. – Yoxsa niyə durub sakitcə baxsın ki? Niyə olanlara mudaxilə etməsin, niyə bu baş verənlər yuxu olmasın? Onun Şumeysatın ailəsi ilə nə qərəzi ola bilərdi?”

Nəslin ağbircəkləri, ağsaqqalları yığışıb İnama həqiqəti dedilər. Arxivdən İnama aid ilkin sənədləri çıxardılar. O, Şumeysatın valideynləri Ofeliya ilə Akifin doğma övladı deyilmiş. İnam Şumeysatın qardaşlığı imiş. İnama atasının əmi kimi tanıdığı Əsəd olduğunu dedilər. Əmi dediyi adam ata kimi qarşısına çıxarılanda İnam sanki onu tanımadı. Elə bil, heç vaxt gorməmişdi onu, səsini eşitməmişdi. Əmi dedikləri adam Şumeysatgilə gec-gec gəlirdi. Ata ilə qardaşı arasında soyuq münasibət vardı. Əsəd "Kamaz” sürücüsü olduğundan, tez-tez uzaq səfərlərə çıxırdı, arvadı evdar qadın idi. Şumeysat əmisi arvadı Rəmziyyəni bir-iki dəfə görmüşdü. Rəmziyyə bir neçə dəfə qayınının ailə uzvlərinə yun corab toxuyub gondərmişdi. Qadın rəngli saplardan çox gozəl corablar toxuyardı. Uşaqlıq xatirələrində o corablar tez-tez yada düşürdü. Şumeysat qadının hamıya bir, İnama isə iki cüt corab gondərdiyini xatırlayırdı.


Müəllif: Sahilə İbrahimova
qadinkimi.com