BİLİM / DİN
ELM VƏ MƏDƏNİYYƏTİN MÜHAKİMƏSİ - JAN JAK RUSSO Tarix : 25 Fevral 2019, 11:07
Dijon Akademiyası 1749-cu ildə "Elmin və mədəniyyətin inkişafı mənəvi dəyərlərin inkişafında rol oynayıbmı" adlı elmi-fəlsəfi müsabiqə elan edir. Fransız filosofu Jan Jak Russo həmin müsabiqədə iştirak edir və yazdığı bu traktatla xeyli müzakirələrə səbəb olan imzaya çevrilir. Bu yazı folosofun ona populyarlıq gətirən ilk fəlsəfi traktartı hesab edilir. Yazını ilk dəfə öz dilimizdə qadinkimi.com-da oxuya biləcəksiz.     
  
BİR NEÇƏ SÖZ
Şöhrət nədi ki? Öz şöhrətimi bu aciz əsərə borcluyam. Mənə bir mükafat qazandıran və adımı tanıdan  bu əsər əslinə baxanda sadə bir yazıdır. Hətta deyə bilərəm ki, bu, bütünün ən zəif parçalarından biridi. Bu ilk yazı yalnız öz dəyəri qədər  qiymətləndirilsəydi  onun yazarı da  xeyli fəlakətdən qurtulardı. Ancaq layiq olmadığım bu şöhrət sonradan daha haqsız sıxıntılara yol açdı. Bu da taleyimin yazısı imiş.
ÖN SÖZ
Bu günə qədər diqqətdə qalan ən böyük və ən gözəl məsələlərdən biri budu. Bu yazıda ədəbiyyatı bütünü ilə əhatə edən, hətta bəzən akademiyaların proqramlarına qədər irəliləyən    metafizika oyunları yox,  insanın səadətilə bağlı gerçəklər yer alır. 

Dediklərimi rahat - rahat bağışlamayacaqlar, bilirəm. İnsanların heyran olduqları nəsnələrə hücum edən adamın pis qarşılanacağı dəqiqdi. Bir neçə kamil insan mənə haqq verib deyə hər kəsin haqq verəcəyini düşünmürəm. Bu barədə qərarımı vermişəm. Nəzakətli aydınlar, ya da sevilən ədəbiyyatçılar tərəfindən bəyənilib bəyənilməmək kimi narahatlığım yoxdu. Hər dövrdə zamanın, məkanın və cəmiyyətin düşüncəsinə bağlı  yaşamağa məhkum  insanlar olub. Bu gün özlərini filosof sayan elə adamlar var ki, Ligue dönəmində yaşasaydılar belə yenə zamana uymaq üçün nəsnələrə kor-koranə inanar və ondan başqa heç nəyi qəbul etməzdilər. İnsan dövrünün ötəsində yaşamaq istəyirsə, gərək bu cür oxucular üçün yazmasın.

Son olaraq bunu yazmalıyam. Belə bir şöhrət qazanacağıma çox da inanmadığıma görə, yazını göndərdikdən sonra üzərində dəyişikliklər etdim, uzatdım və demək olar başqa bir əsər halına gətirdim. Ancaq bu gün onu ilk formasında vermək gərəyi duydum. Sadəcə, bir neçə qeyd və iki parça əlavəm var. Asanlıqla aydın olan bu əlavələri  bəlkə də akademiya qəbul etməzdi. Dürüstlük, sayğı və  minnətdarlıq hissim bunları qeyd etməyimin vacibliyini dedi.

 
MÜHAKİMƏ
Elm və mədəniyyətin canlanması, əxlaqın düzəlməsinə yardım edibmi?

Decipimur specie recti   - Horatius 
Elmin və mədəniyyətin canlanması və inkişafı əxlaqın düzəlməsinə, yoxsa pozulmasına səbəb olub? Tədqiq ediləcək məqam budu. Bu məsələdə mən hansı tərəfi tutacağam? Əlbəttə ki, heç bir şey bilməyən və bilmədiyinə görə utanmayan  adama yaraşan tərəfi.

Deyəcəklərimi çıxdığım məhkəməyə layiq şəkildə ifadə etməyin çətinliyini hiss edirəm. Avropanın ən bilikli heyətlərindən biri qarşısında elmi pisləməyə, tanınmış bir akademiyada cəhaləti öyməyə, gerçək alimlərə qarşı hörmət hissi bəslərkən, elmi dəyərsiz göstərməyə hansı insan ürək edə bilər? Bu təzadları gördüm, amma cəsarətimi itirmədim. Öz-özümə, mənim etdiyim elmi pisləmək deyil, dəyərləri olan insanlar qarşısında bu dəyərləri müdafiə etməkdi, - dedim. Yaxşı insanların dürüstlüyə verdiyi dəyər, alimlərin elmə verdiyi dəyərdən daha böyükdü. Nədən qorxa bilərəm? Məni dinləyən heyətin elmindən? Bəli, etiraf edirəm, ancaq bu qorxum qənaətlərimə görə yox, mühakiməmin tərzinə görədi. Adil hökmdarlar haqsız olduqları zaman özlərini mühakimə etməkdən çəkinməzlər.  Haqqı  müdafiə etmək üçün ən uyğun yol öz məhkəməsində hökm verəcək, dürüst və ziyalı bir rəqib qarşısına çıxmaqdı. 

Bu düşüncəylə tapdığım cəsarət digər bir düşüncəylə bir az da güclənir. İçimdəki ilhamı dinləyərək həqiqəti müdafiə etsəm, mənə kəsilən hökm nə olur olsun, mütləq qazanacağım bir ödül var.  Bunu  öz qəlbimdə tapacam.

 
BİRİNCİ BÖLÜM

İnsanın öz çabasıyla demək olar yoxluq içindən çıxması, təbiətin yaratdığı qaranlığı ağlının işığıyla yox etməsi, öz üzərində yüksəlişi, zəkasıyla göy üzünə qalxması, sonsuz kainatda geniş addımlarla irəliləməsi, daha böyük, daha çətin iş olan öz içinə qapanıb insanı tanımağa, onun təbiətini, görəvini və məqsədini öyrənməyə çalışması bizim izlədiyimiz  çox böyük, çox gözəl bir tamaşadır. Son dövrlərdə insanlar bunu bir daha göstərdilər.
Avropa ilk çağın vəhşiliyinə geri qayıdıb. Bu gün çox maariflənmiş  qitəmizdəki millətlər bir neçə əsr öncə cəhalətdən daha betər haldaydılar. Cəhalətdən daha pisi qəribə bir elm eskizinin gerçək elmin yerinə keçməsi və onun yenidən doğuşunun qarşısını almasıdı.  İnsanları bu durumdan qurtarıb, doğru yola çəkmək üçün bir çevrilişə  gərək var idi. Bu çevriliş gözlənilməz bir yerdən yol aldı. Ədəbiyyatın bizdə yenidən doğuşuna ona əzəldən düşman kəsilən  müsəlmanlar səbəb oldu. İmperator Konstantin taxtdan düşürüldükdən sonra köhnə Yunan dünyasının dağıntıları İtaliyaya keçdi. Daha sonra Fransa da bu dağıntıdan pay aldı. Bunun ardınca ədəbiyyatı elm əvəz etdi. Yazmaq sənətindən sonra düşünmək sənəti yarandı. Qəribə görünsə də, bəlkə  ən təbii təkamül forması bu idi. Nəticə etibarilə insanlar "Musa” larla keçirilən vaxtın əsl faydasını anlamağa  başladılar. Çünki onların sayəsində insanlar bir-birinə  daha çox yaxınlaşırdılar. "Musa”lar layiqli əsərlərlə insanlarda bir-birinin xoşuna gəlmək arzusu oyadırdılar.

Ruhun da bədən kimi ehtiyacları var. Bədənin ehtiyacları cəmiyyətin təməli, ruhun ehtiyacları isə cəmiyyətin sərvətidi. Hökümət və qanunlar bir araya toplanmış insanların cəmiyyət içində rahat şəkildə yaşamasını təmin edər. Ədəbiyyat və mədəniyyət onlar qədər "diktator” deyil, ancaq  bəlkə onlardan daha qüdrətlidi. İnsanlara vurulan zəncirləri çıçəklərlə örtüb gizləyər, azad yaşamaq üçün yaranan insanların damarlarında axan azadlıq arzusunu söndürər, onlara köləlik həyatını sevdirər, "mədəni millətlər” dediyimiz hala gətirər.
Bu ehtiyaclardan yaranan kral taxtları elm və mədəniyyəti təhkim edib. Ey dünyanın hakimləri, istedadı olanları sevin, sənət üçün çalışanları himayə edin. Ey mədəni millətlər, elmi və mədəniyyəti bəsləyin. Ey məsud kölələr, böyük önəmlə təqdim etdiklərinizi nəzakət və incə zövq adamlarına borclusunuz. Xoş və rahat münasibətlər qurmağa kömək edən mədəni səviyyənizi, şəhər adətlərinizi, qısası, heç bir dəyərin yiyəsi olmadan bütün dəyərlərin yiyəsiymiş kimi davranmaq  məharətinizi onların sayəsində qazanmısız. 

İndi özünü gizləməyə çalışan çox gözəl və incə bir nəzakət forması var ki, vaxtilə Afina və Roma dillərə dastan olduğu şanlı günlərində onunla öyünür və seçilirdi. Əminəm ki, bu mövzuda  bizim əsrimiz və millətimiz bütün dövrləri və millətləri ötüb. Çoxbilmişlik, özündən razılıq səviyyəsində olmayan, germanların kobudluğuna, italyanların nəzakət məsxərəliyinə qarışmayan doğallıq və gülərüzlülük yaxşı bir təhsillə qazanılan və kübar ortamlarda yetişən tərzdi.

Çölümüz hər zaman içimizi tam  ifadə etsəydi, həqiqi fəlsəfə filosof adını daşıyanların hamısında olsaydı, aramızda yaşamaq çox daha maraqlı gələrdi.  Ancaq bütün bu göstəricilərin bir yerdə cəmləşməsi çox çətindi və dəyərlər  bu qədər göstəriş içində ola bilməz. Sərvət və süs bir insanın rahat yaşadığını, incə ruhlu və zövqlü olduğunu göstərə bilər. Səhhəti yaxşı olan bir adamın əlamətləri isə başqadır. Bədən gücü və dincliyini saraylının göstərişli geyimində yox, bir işçinin kobud geyimi altında tapa bilərsiz. Ləyaqətli adam çılpaq döyüşməyi sevən adamdır, gücündən istifadə etdikdə qarşısına çıxan əngəllərə və yaranışın ifadəsi olan bədəndəki qüsurları örtəcək  nəsnələrə önəm verməz. 
Sənətin hələ hərəkətlərimizə, duyğularımıza saxta şəkil vermədiyi zamanlarda adətlərimiz kobud, ancaq təbii idi. İnsanların hərəkətləri arasında ayrıntılar ilk baxışdan xarakterlər arasındakı fərqləri üzə çıxarırdı. İnsan təbiəti o vaxtlar daha yaxşı deyildi, ancaq  insanlar bir-birinin ruhuna rahatca yol tapdıqları üçün daha dinc yaşaya bilirdilər. Günümüzdə artıq qiymətini bilmədiyimiz bu rahatlıq onları bir çox pis vərdişlərdən də qoruyurdu.

Zamanımızda xoşagəlmək üçün o qədər kübarlıq, incə zövqlü olmaq kimi görüntülərə yer verilir ki, adətlər və əxlaq anlayışı aldadıcı və şablon şəkil alıb. Bütün ruhlar eyni qəlibə tökülmüş kimidi. Həmişə nəzakət gərəkliliyi içindəyik. Həmişə adətlərə, üsullara tabe olmaq, onlara əməl etmək zorundayıq. Ancaq heç vaxt ruhumuza tabe olmuruq. Artıq heç kim olduğu kimi görünməyə ürək etmir.  Qaydaların davamlı təzyiqi altında cəmiyyət adlandırılan bu sürünü təşkil edən insanlar bəzi öhdəlilər qarşısında həmişə eyni şeylər edəcəklər. Başqa cür davranmaq üçün çox önəmli səbəblər olmalıdı. Buna görə də qarşımızdakının əslində, necə bir insan olduğunu heç vaxt bilmərik. Dostumuzu tanımaq üçün böyük bir səbəb gözləməli olacağıq, o vaxta da iş işdən keçəcək.  Çünki onu tanıyana qədər bütün pis hadisələr baş verəcək. 

Bu qarışıqlıqda yaranacaq saysız problemləri düşünün. Artıq nə səmimi bir dostluq, nə həqiqi bir güvən  qalacaq. Şübhə, güvənsizlik, qorxu, soyuqluq, çəkingənlik, nifrət, xəyanət həmişə o standart qəlib və aldadıcı nəzakət pərdəsinin arxasında gizlənəcək. Bütün bunları əsrimizin elminə, o məşhur mədəniyyət anlayışına borcluyuq. Kainatın yaradanına qarşı sayğısızlıq sözlərlə deyilməsə də, həssas qulaqlarımızı incitməmək şərtilə ona ən ağır təhqirlər ünvanlanacaq. Hər kəs  öz dəyərini hesablamadan başqasının dəyərini düşürməyə çalışacaq. Heç kim düşməninə qarşı kobud hərəkətlər etməyəcək, ancaq  ustalıqla  böhtan atacaq.

Milli kinlər sönəcək, ancaq vətən sevgisindən də əsər-əlamət qalmayacaq. Pis sayılan cəhaləti  təhlükəli bir imansızlıq əvəz edəcək. Bir çox böhtanlar yan keçəcək, bir çox vərdişlər pislənəcək, ancaq bir çox pislik dəyər adı qazanacaq. Həmin bu pisliklərin var olması və ya var kimi davranılması önəmli sayılacaq. Zamanımızdakı hakimlərin qərarlarını kim öyür öysün, mən bunda ruhun kökünün nazildiyini görürəm və süni sadəliklər kimi bunu da öygüyə layiq bilmirəm.   

Nəticədə əxlaqımız belə bir saflıq qazandı və biz bu cür yaxşı insanlar olduq. Xeyirli bir nəticənin içində ədəbiyyat, elm və mədəniyyət öz payına düşəni axtarmağında olsun. Mənsə yalnız bir fikrimi əlavə edəcəm: uzaq ölkədə yaşayan bir adam bizdəki elmin halına, mədəniyyətimizdəki gəlişimə, səhnə əsərlərimizdəki kübarlığa, hərəkətlərimizdəki incəliyə, davamlı xeyirxahlıq göstərisinə, sübhdən gecəyə bir-birinə yaxşılıq  etməyə çalışır kimi görünən, hər yaşdan, hər zümrədən olan insanların gurultulu qaynaşmasına baxsa, avropalıların əxlaqı haqqında nəsə öyrənməyə çalışsa, həqiqətin tam tərsini öyrənər.  

Heç bir təsirin olmadığı yerdə səbəb axtarmaq lazım deyil, ancaq burda səbəb aşkardı, pozulma ortadadı. Elm və mədəniyyət təkamülə doğru getdikcə, ruhlarımız çürüyür.  Bəs bu yalnız bizim dövrümüzə aiddirmi? Xeyr, insandakı boş marağın tarixi yəqin ki, dünya tarixindən daha qədimdi. Necə ki, okean sularının qalxıb-enməsi gecə dünyamızı aydınladan ayın təsirilə bağlıdır, namus və əxlaqın aqibəti də elm və mədəniyyətin təkamülünə bağlıdır. Onların işıqları üfüqümüzdə yüksəldikcə, fəzilət gözdən itir.  Eyni hadisə hər dövrdə,  hər yerdə özünü göstərib. 

(Jan Jak Russo - 1750)
ardı var... 
qadinkimi.com