"Ölmə! Qardaş, ölmə! Düşmən çoxaldı!
Ölsən də söz yox ki, qanın coşacaq!
Düşman boğmaq üçün dağlar aşacaq!"
...yazan Əhməd Cavad haqqında çox söz demək olar. Bir sıra şeirləri, eləcə də "Şükriyyənamə"si dillər əzbəridir. Şükriyyə xanım da Əhməd Cavad repressiyaya uğradığı vaxt əsil qadınlıq nümayiş etdirir. Şairdən heç vəchlə imtina etmir. Batumda Süleyman bəylə tanışlıqdan sonra onun qızına aşiq olan Əhməd Cavada yox deyilir. Lakin Şükriyyə xanım bütün atasının var - dövlətini göz ardına vuraraq Əhməd bəyə qoşulub Gəncəyə gəlir. O zaman 17 yaşı var idi. Əhməd Cavad bu qənirsiz gözəli tükənməz məhəbbətlə sevirmiş. Ömrünün axırına kimi ona etibarlı ömür - gün yoldaşı, sədaqətli ər olur.
1937-ci ildə Əhməd Cavad həbs olunandan sonra Mircəfər Bağırov Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanıma Cavaddan boşanmağı təklif edir. Yoxsa həbs edəcəklər deyir. Şükriyyə xanımın isə Mircəfər Bağırova cavabı belə olur: "Bəlkə də Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona güllədən ağır olacaq. Mən Əhməd Cavada görə atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram".
Şükriyyə xanımı da həbs edirlər. Əhməd kimi sevgilisinin qeyrətini qorumaq üçün, onun namusuna təcavüz olmasın deyə Şükriyyə yolçuluğun birinci gününü, iki kilometr piyada gəldikləri o yolu keçəndən sonra axşam özünü tualetə verib alt-üst paltarlarını çıxarıb tualetin döşəməsini silir, saçını, üz-gözünü murdarlayır ki, ona dəyməsinlər. 6 gün yol boyu ac qalan qadınlardan cinsi əlaqə tələb edib əvəzində çörək verəcəklərini deyən rus əsgərlərinə boyun əyməyərək ac qalan, susuz qalan Şükriyyə xanımdan qadınlardan biri soruşur: "Sən ac deyilsən"? "Mən heç kimə heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun". "Necə dözürsən? Altı gündür..." "Barmağımı kəsib qanımı içirəm".
Qazaxıstanın o dəhşətli düşərgəsində ömrün səkkiz ilini xərclədi Şükriyyə. Odun doğradı, yük daşıdı, dərzilik, aşpazlıq elədi. Ta 1955 - ci ilin 30 iyuluna - bəraət aldığı günə qədər... Vətənə dönəndən sonra şəhərbəşəhər düşüb balalarını başına yığdı, Şəmkirin Seyfəllisində - Əhməd Cavadın ata yurdunda yaşadı, dünyayla da orda vidalaşdı.
Bil, gülsən, dərmişəm gənclik bağından,
Bir gülü çiçəyi dərmərəm sənsiz.
Kamaldır ömrümün oğlan çağında,
Bir bağa bağçaya girmərəm sənsiz.
Şükriyyə taleyim, şükür xudaya
Gördüyüm doğrumu, yoxsa bir röya?
Dolub ürəyimə bu dadlı xülya
Yaşaya bilmərəm bir kərəm sənsiz.
Səninlə gəzərəm eldən elə mən
Bataram, çıxaram seldən selə mən
Düşərəm ağıza dildən dilə mən
Yaşaya bilmərəm, bilmərəm sənsiz.
müəllif: Zaur Əliyev