UŞAQ / BÖYÜK
Döymək cəza üsulu deyil - Yeganə İskəndərova Tarix : 15 Yanvar 2020, 12:00
Yazar : Qadinkimi.com
Ailə kiçik bir cəmiyyət olduğundan, özünün tənzimlənmə qaydaları olmalıdır. Tərəflər hər gün öz diqqət və sevgisini bir-birinə hiss etdirə, göstərə bilərsə, yaşana biləcək bir çox münaqişələrin qarşısını almağa müvəffəq olmaq ehtimalı daha çox olar. Ailələr müxtəlifdi. Tam ailə, natamam ailə, qarışıq, əlavə olunmuş, avtoritar, patriarxal, psixosomatik konfliktli ailələr, genetik cəhətdən zorakılığa meylli olan ailələr və s.

Adətən zahirən ailə cütlüyü bir-birinə qarşı qayğıkeş görünsə də, ailədaxili konfliktlərə az təsadüf olunmur. Ailədənkənar sferalarda ər-arvadın fərdi uğursuzluqları işlərindəki yorğunluq, sosial çətinliklərlə və ya ünsiyyət çətinliyi ilə bağlı olur. Danışmağa mövzuları bitdikdə aralarında olan emosional əlaqələr zəifləyir, bir-birinin problemi ilə maraqlanmır, təcrid olur, münasibətlərdə kəskin konfliktlər yaranır. Onlar öz xarakterlərindəki qüsurları aradan qaldırmağa cəhd göstərmir, bir-birlərinə qarşı dözümsüz olurlar. Belə ailələrdə tərbiyə alan uşaqlar münaqişələrin yaranmasına səbəb olan valideyinə sevgi bəsləmir, gələcəkdə özləri ailə quranda çətinlik çəkir, nifrət ruhunda, travmalı böyüyürlər. Bu kimi halların sonralar nə kimi fəsadlar törədəcəyini görən valideynlərdən biri boşanmağa üstünlük verir. Sonradan yaranan natamam ailələrdə vəziyyət müxtəlifdi. Ayrılsalar da, bir-birlərinə hörmətlə yanaşan, dost olan valideynlərin övladları daha rahat olur. Bütün sevgisini övladlarına yönəldən, onlara hədsiz məhəbbətlə qayğı göstərən analar daha nikbin, cəmiyyətə yararlı, inamlı, başqalarına sevgi ruhunda övladlar böyüdürlər. Belə uşaqlar xeyirli vətəndaş olur, çətin situasiyalardan yaxşı baş çıxarır, valideynlərinə qarşı hörmət ruhunda böyüyürlər.

Lakin əksər ailələrdə bunun əksini görürük. Münasibətlərdə laqeyd, kobud olan, fiziki güc təbiq edən, ailənin, uşağın tələbatlarına qarşı etinasız yanaşan ataların olduğu ailələrin övladları mənəvi, emosional tələbatlarını ailədən kənarda tapmağa cəhd göstərirlər.

Öz üzərində aqressiv valideyinin fiziki zorakılığını duymuş uşaq sonralar özü də başqaları ilə belə davranır. Ailədə arvadını döyən kişilərin əksəriyyəti uşaqlarını da döyür. Fiziki zorakılığa məruz qalanlar özlərini bədbəxt, gözdən düşmüş, qətiyyətsiz, gərəksiz hiss edir və başqalarının onlardan yaxşı olduğu qənaətinə gəlirlər. Normal şəraitdə böyüyən və tərbiyə olunan uşaqlar cəzaya etiraz edirlər. Əlverişsiz mühitdə böyüyən, fiziki zorakiliğa məruz qalan uşaqlar isə, adətən verilən cəzanın doğruluğuna inanır, kölə düşüncəli olur, öz fikirlərini ifadə etməkdə çətinlik çəkir, arzularını qəlblərində boğurlar. Psixikaya vurulan zərbənin fəsadları sonradan özünü kəskin biruzə verir, uşaq travmalı böyüyür, çox vaxt davranışı üzərində nəzarəti itirir, özünüqiymətləndirmə aşağı enir, insanlara qarşı inamı, etibarı yox olur, kəskin qorxu hissi baş qaldırır, başqalarına əzab vermək - sadizm meyli yaranır. Valideynlərin aqressiyası, zorakılıq gündəlik həyat tərzinə çevrilir. Uşağın valideynlərinə qarşı hissləri "donmuş" olur, bir bədbəxtlik üz verəndə etinasız yanaşırlar, onlarda empatiya qabiliyyəti zəif inkişaf edir. Başqalarının kədərinə şərik olmaq, uğurlarına sevinmək kimi hisslərə sahib ola bilmirlər. Yaşlandıqca belə valideynlər özləri yetişdirdiyi övladlardan diqqət, qayğı görmədikdə, etinasızlıqla üzləşdikdə etdikləri səhvləri görmür, bəraət üçün övladlarını nankor, zəmanə övladı kimi qiymətləndirərək günahkarlıq hissini özlərindən uzaqlaşdırmağa çalışırlar.

Bəzən atalar öz uşaqlıqlarını xatırlayaraq valideynlərinin onları cəzalandırdıqlarını, döydüklərini fəxrlə söyləyirlər. Müəyyən situasiyalarda bu cəza usulunu öz ailələrində də tədbiq edir, bunun təhlükəli bir hal olduğunu düşünmürlər. Fiziki cəzaların vurduğu mənəvi yaraların fərqində belə olmurlar. Belə cəza üsulu valideyn ilə uşağın bir- birini anlamaq imkanlarına olan son ümidi də məhv etmiş olur. Fiziki cəza alan uşaq bir müddət qorxudan özünü ədəblə aparsa da, ətrafdakılara qarşı münasibətdə etinasız və saymaz olur. Ən böyük cəza fiziki zorakılıqdansa, valideynlərin qəmgin və məyus görünməsidi.
 

Yaranan münaqişələrə səbəblərdən biri də bir insanın diğərlərinə qarşı hədsiz diqqət göstərməsi, özünü unutmasıdı. Belə adamlar özlərinə qarşı laqeyd, başqalarının məsuliyyətini öz üzərilərinə götürməyə meylli olur, özlərini unudur, öz "mən”lərinə etinasız yanaşırlar. Onlara ehtiyacı olan insanlar hədsiz diqqət və qayğıdan usanır, bu onlar üçün adiləşir, öz əhəmiyyətini itirməyə başlayır. Və ona ehtiyac azalmağa başladıqda bunu qəbul edə bilmirlər. Unutmayaq ki, ətrafdakılara nə qədər heyran olsaq da, əzizlərimizı, yaxınlarımızı hədsiz sevsək də, onlara bu sevgimizi qayğımızı doğru göstərə bilmək üçün əvvəl özümüzün qayğımıza qalmalıyıq ki, diqqətimizi qarşı tərəfə də düzgün istiqamətləndirə bilək. Özümüzü də sevək.




Yeganə İskəndərova
qadinkimi.com