UŞAQ / BÖYÜK
Dürüst davranan 10 yaşlı bir uşağa yalan danışdım... Tarix : 13 Avqust 2020, 09:39

Bir – neçə gün öncə 8 - ci mikrorayonda bir dükanın önündə 10 yaşında oğlan uşağının lavaş satdığını görüb ona yaxınlaşdım... O qədər səliqəli geyinmişdi ki! Söhbətləşdim. "Biləcəridən gəlirəm” - dedi ...”İki lavaşım qalıb, satım, elə burda avtobusa minib evin yanında düşürəm”-əlavə etdi.

Lavaşların pulunu verdim, amma "mən o lavaşları götürməyəcəm” – dedim.

Bir də baxdım ki, pulu cibimə qoyub...
Düz 10 dəqiqə söhbət etdik, heç cür onu razılığa gətirə bilmirdim.... Ovucunu da bərk - bərk sıxmışdı ki, pulu ona verə bilməyim...Hər dəqiqə təkrar edirdi: "lavaş götürmürsünüzsə, mən pulu almayacam”...

Mat qalmışdım....məsum baxışları varıydı... Yoldan keçən bir dayı yaxınlaşdı bizə, lavaşın birini satdıq ona...
Sevindim: Al, bu da o birinin pulu, lavaşı da sənə alıram, get evə, hava qaralır...gecdir...

Dedi: Yox... Almaram ki, almaram ...
İlahi, bu nə ürəkdir səndə?!.. Bu nə toxluq, nə baxış.... 15 dəqiqə sürən dialoqdan sonra razılaşdıq ki, o indi pulu götürür, minir avtobusa gedir evə, mən isə sabah gəlib lavaşı götürürəm...

"Getdiyim yerə lavaş apara bilmərəm” deyib yola gətirməyə çalışdım...
Əslində mən ona yalan danışdım.... getməyəcəkdim... O isə sabah gələcəyimə inandı... Bunun üçün özümü qınadım... O cür dürüst davranan 10 yaşlı bir uşağa yalan danışdım...
Utancaq, sakit danışan, məsum bir uşaq idi.... Bunu verdiyim o 2 manata görə yazmadim... İstədim deyəm ki, kasıb ailələrdə aslan ürəkli insanlar yetişir.... Hər ailədə bu uşaq kimi övlad olmur....
P.S. Əsas qəlbin yoxsul olmasın...Əsas qəlbin qüsurlu olmasın....
Həyatımda ilk dəfə idi ki, özü uşaq, düşüncəsi isə böyük olan biri ilə rastlaşırdım...

Və qəlbimdə onun ürəyindən öpdüm...

P.S. Və sonra…Sonra qəribə bir peşmanlıq, təəssüf yaşadım. Əslində çox böyük bir yanlış hərəkət etdiyimi anladım... Lavaşları almalıydım...Ona yalan danışmamalıydım... O dilənçilik etmirdi, halal zəhməti ilə pul qazanmaq istəyirdi.
Bəlkə də qürurunu sındırdım onun.... "Mən dilənçi deyiləm” deyə bilmədi....
Bunun üçün özümü çox qınayıram...Alqışlamalıydım.
"Afərin, hər zaman bax belə zəhmətlə qazan” deməliydim....
Yaxşılıq edirəm düşündüm, əslində isə özü balaca olanın böyük qürurunu qırdım...

 

 


 

 

 

Şəfiqə Abiyeva

 

 

qadinkimi.com