HÜQUQLARIMIZ, QADIN / KİŞİ
Qadının doğmamaq haqqı Tarix : 27 İyun 2019, 23:00
Yazar : Qadinkimi.com

Bir qadının ən böyük haqqı ana olmaq istəməsidi.


İstəməməsi də haqqıdı. 


Təkrar edirik, bir qadın ana olmaq istəmirsə, bu, onun haqqıdı. 


Amma istəyirsə, mental "olmazlar"la buna əngəl yaratmaq, mütləq "ərə getməlisən” şərti qoymaq  vəhşilikdi. 


Biz kimik başqa birinə yaşam şərtləri qoyaq.

 

Təsəvvür edirsiniz, biz kiminsə necə yaşamalı olduğuna qərar veririk. 


İnsana deyirik ki, ərə getmədən ana ola bilməzsən. O da ailə qura bilməyəndə düşür problemin içinə. Heç nədən olur bədbəxt. 


Halbuki dünyada həyatı gözəlləşdirən min bir mətləb var. 


Adamları əzab içinə salmağa nə haqqımız var? Kimik biz?   


Bir qadın evli deyilsə, ana olmalı deyil deyə bir qayda yoxdu təbiətdə. 


İnsan dünyaya nikah kitabçası ilə gəlməyib. İstəyər evlənər, istəməz yox. 


Nikah kitabçası qanuni seçimlərdən biridi. Şərt deyil. Qanun deyil. Seçimdi. 


Təbiət demir ki, evli olmadan analıq haqqın yoxdu.  


Bir qadın təkdirsə, tək də olmalıdı qanunu yoxdu. 


İstəsə, doğmaq haqqı var qadının. Dünya elmi bunun üçün müxtəlif vasitələr tapıb. 


Süni  mayalanma ilə qadına ana olmaq şansı verib elm. 


Elmin fərqi də budu. Elm şans verir. Sonacan şans. Bol-bol şans – təki xoşbəxt olsun, təki yaşaya bilsin insan. 


Bioloji haqqını da, instinktiv haqqını da istifadə edə bilsin. Yaşamaq, xoşbəxt olmaq üçün şanslar verən elmdi. 


Həyatımızın komfortunu ona borcluyuq. Əlində böyüdücü başqalarının həyatını güdmək ayıbdı! 


Nə edir, hara gedir, kimlə yatır, kimlə görüşür. Bu azmış kimi dalıyca danışmaq, beş-üç adamı başına yığıb kimisə qınamaq, hələ cəza metodu da tapmaq...Ən böyük əxlaqsızlıq budu. 


Başını başqasının arxasından çıxarsın adamlar. 


Hər kəsin öz həyatıdı. Özü bilər.  


Cəmiyyət olaraq kiminsə həyatında iştirakçılıq ona dəstək kimi ola bilər. 


Qadın ana olmaq haqqından istifadə etməyib və ya edə bilməyibsə, onu qınamaq haqqımız yoxdu. 


Bu, qadının kimsəyə ziyanı olmayan seçimidi. 


Bir qadın ana olmaq haqqından istifadə edibsə, onu da qınamaq haqqımız yoxdu. 


O, bunu təkcə özü üçün etmir. Ölkəyə bir insan verir. 


Cəmiyyət uzağı uşağını böyütməkdə ona kömək edə bilər. Qadının "nikahsız ana” olmasını qınanmaq üçün bir ağlabatan səbəb yoxdu.


Sən, mən, o biri qınayır. Amma niyə? Cavab yoxdu. 


İnsanlar bir həyat yaşayırlar. Burunlarından gətirməyək. 


Aman verək bircə ömrünü kim necə istəyir elə yaşasın.  


İndi bir gədə ortaya atılıb başlayacaq: "Bəs filan şey, bəs behman şey...".

 

Ay bala, sənə deyirlər, qarışma, get işinlə məşğul ol. Çətindi? Belə asandısa, əvvəl özünü tərbiyə elə, camaatın şəxsi işinə qarışmamağı öyrən. 


Qadın ana olmaq istəmirsə, ondan mütləq ana düzəltmək lazım deyil. Hər kəs əvvəlcə özündən nəsə düzəltsin. 


Bir qadın analıq məsuliyyəti istəməyə bilər. Rastımıza çıxan hər kəsdən "nə vaxt tərpənirsən, nə vaxt doğursan, nə vaxt mayalanırsan” soruşmaq bizə nə verir?


Bəlkə biri özünü elmə, bəlkə biri yaradıcılığa, bəlkə tam ayrı sahəyə həsr etmək istəyir. Bəlkə biri həyatının sonuna kimi fikirləşmək istəyir. 


Gedək hərəmiz öz həyatımız haqqında fikirləşək.  

 


qadinkimi.com