SEVGİ
Biz səninlə varıq, Azərbaycan! - Nuridə Allahyardan Cümhuriyyət yazısı Tarix : 08 İyul 2018, 16:10
Yazar :

Bir tarix düşün – hər əsri qanla qazanılan qələbələrlə dolu!

Bir tarix daha düşün  – Bir əsr əvvəl yazılan və gələcək hər əsrimizə şan qatan!

Sevginin 100 illik tarixi olarmış, bir eşq 100 il sürərmiş və sürdükcə artarmış.

Sürdükcə ruha ruh qatarmış.

Babam səni sevərmiş, sonra atam, sonra mən.

Ötürülərmiş sevgi hər gələnə. Amma Sənə hiss etdiklərimin ifadəsi dəyişməzmiş.

Cümhuriyyətim, adı gələndə ruhumuzu lərzəyə gətirən böyük Azərbaycanım!

Sən, əsrlərin astanasında savaşlardan çıxdın – qalib oldun, qələbələr yaşadın, vuruldun, yenə qalxdın. Sarsılmadın!

Çünki sarsılmağına izn vermədik! Biz izn vermədik!

İtirdik sənə sadiq olanları! Ən dağüstü parkda uyutduq uğrunda can verənləri! Xiyaban olduq!

Ağladıq, amma toparlandıq – yeni qələbələrə, yeni uğurlara səni aparmaq üçün!

Biz içimizdə daim anlaşılmayan bir bölgünün mübarizəsini apardıq.

Hamımızı bir amal birləşdirdi – SƏN!

Biz hamımız ayrılıqda tək idik – sənin üçün Biz olduq!

Keç günahımızdan, bəzən qalxan, oyanan eqomuzda səni unutduğumuzu zənn etdiyin anlarda keç günahımızdan!

"Sənin üçün ölümə gedərik” dediyimiz anda eyni istək adına ayrı cəbhələrdə savaş verərkən sənə vurduğumuz zərbələrə görə keç günahımızdan!

Unutma, biz dünyanın dörd bir yanında sənin adınla anılırıq - Azərbaycan türkü deyə çağırılırıq.

Bu bir əsrdə heç bir öndərin dilində sən olmayan cümlə olmadı!

"Mən həmişə səninləyəm, Azərbaycan” deyib də ölümə adınla getdik!

"Qalx ayağa Azərbaycan” deyə əsarətdən istiqlaliyyətə gedən yolda qan tökdük!

"Nə yatmısan qoca vulkan” deyib qınadıq gücünü xatırladaraq!

"Sən bizimsən, bizimsən vurduqca damarda qan. Yaşa, yaşa, min yaşa, ey şanlı Azərbaycan” deyib vəsf etdik, söz verdik!

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”  deyib qürur duyduq, qüruru ömrümüzə şəhadət etdik!

Biz dedik!

Azərbaycan!

Dünyanın harasında oluruqsa olaq, biz sənin üçün ürəyi atan çoxmilyonlu Azərbaycan türkləriyik!

Sənə sonsuz varoluş, əbədi əzəmət və Qarabağla birgə qüdrət arzu edirik!

Əsrin mübarək, bayrağın mübarək, qadınıma verdiyin hüququn mübarək, ordun mübarək, müsəlman şərqinə gətirdiyin ilkin mübarək, Azərbaycanım!

Biz səninlə varıq!
 


qadinkimi.com