UŞAQ / BÖYÜK
Bəlkə o dəqiqədə atam məni gülləylə vursaydı ürəyim o qədər ağrımazdı. Tarix : 13 İyul 2020, 15:32

Bir qutu "Malboro".


Qəribə məxluqdur insan. Bəzən dünən harda olduğunu, kiminlə görüşdüyünü unuda bilir, ancaq uşaqlıq xatirələri elə yadda qalır ki, ən xırda detalları belə xatırlayır, onlardan zövq alır.
Hər kəsin ürəyində kiçik biri yaşayır və o balaca insan elə hər birimizin təmizliyi, saflığıdır. O nə qədər varsa, insan o qədər insandır.
İnsanın xasiyyəti çox erkən, məhz uşaqlıqda formalaşır. Uşaqlıqda gördüyü, eşitdiyi beyninə həkk olunur və şirin, acı xatirələrə çevrilərək bütün ömrü boyu onunla qalır.
Həmişə rayondaki ata evimizə gedəndə, bir zaman çal-çağırlı, səs-küylü iki mərtəbəli şüşəbəndli evimizin qarşısında dayanıb keçmişə, o uzaq uşaqlıq illərinə qayıdıram…
Atam çox zəhmli idi, onun sözündən çıxmazdıq heç zaman. Ona "siz" deyə müraciət edirdik. Çox sevirdim onu. Onunla özümü arxalı, qüvvətli hiss edirdim. Bizi çox sevirdi, amma bildirməzdi. Məsafə var idi aramızda.
Bir gün məni çağırıb dedi:
- Sən artıq böyümüsən. Mənə kömək edə bilərsən, al bu pulu, mağazaya get. Dediyim şeyləri al. Özün də nə istəsən, ala bilərsən. Hə... Mənə də bir qutu siqaret al.
Mən o gün özümü evin kişisi hiss etdim. İlk dəfə mənə pul etibar edildi və tapşırıq verildi.
Pulu götürüb qaçdım. Mənə elə gəlirdi ki, hamı mənə baxır. Axı mən ilk dəfə tək alış - veriş etməliydim.
Mağazaya xüsusi qürurla daxıl olub atam tapşırdıqlarını aldım. Artiq qalan pula özümə limonad və saqqız da aldım. Bu günü xoşbəxtliyimin ilk günü sandım.
Evə çatanda atam həyətdə məni qarşıladı və:
- Hə, oğlum necə bazarlıq edib? Ala bildinmi dediklərimi?
- Aldım. Hamısını aldım.
- Ver görüm mənim siqaretimi. Qalanları isə anana apar.
Bəlkə o dəqiqədə atam məni gülləylə vursaydı ürəyim o qədər ağrımazdı. Hiss etdim ki, bədənimdə bir boşluq yarandı. Mən siqaret almağı unutmuşdum. Hər şeyi aldım, siqareti isə unutdum, atamın ilk dəfə tapşırdığı siqareti almamışdım. Çaşqın gözlərimi qaldırıb atama baxdım. O mənə heç nə demədi. Heç bir kəlmə də. Kaş ki, qışqıraydı üstümə, kaş ki, bir söz deyəydi. Bilmədim ürəyindən nələr keçdi o zaman, amma üzünü çevirib getdi.

İllər tez ötüb keçir. Çox tez.
Mən artıq universitetdə oxuyurdum.
Tələbə yoldaşlarımda tez - tez "Malboro" qutusu görürdüm. Bilirdim ki, bu siqaret adi mağazalarda satılmır. Onu əlaltından, ya da Kubinkadan almaq olar.
Bir gün tələbə yoldaşımla Kubinkaya getdim. Pulum o qədər çox deyildi. Ancaq "Malboro"almağı qəti qərarlaşdırmışdım. Çox çətinliklə bir qutu "Malboro" tapıb aldım.
Bir - neçə gün sonra rayona getdim.
Atam otaqda tək olanda ona yaxınlaşıb "Malboro" qutusunu ona uzatdım.
- Bu nədi? - deyə atam soruşdu.
- Sizə aldım. İndi hamı bundan çəkir.
Atam yenə heç nə demədi. Amma gözlərini məndən gizlətdiyini hiss etdim. Mən də kövrəlmişdim. O gün ürəyimdə illərcə saxladığım üzr sözlərini atama bir qutu "Malboro" ilə dedim. Bir kəlməsiz. O isə öz qəhəriylə bir kəlmə belə demədən məni bağışladı.


Ehh... kaş yenə səhv edəydim, yenə bağışlanaydım, ya heç bağışlanmayaydım, ancaq atam sağ olaydı...


 

 

Təranə Məmməd.

 
qadinkimi.com