Baxımlı olmaq nədi?
Çox zaman qadınların üzərinə bir məcburiyyət olaraq qoyulan baxımlılıq nədir?
Dərəcəsi, özəllikləri nələrdir?
"Qadın baxımlı olmalıdır" deyərkən, yenə bir cinsi ayrımcılığa giririk. "İnsan baxımlı olmalıdır" demək yerinə, qadını ön plana atıb, yenə onun üstünə bir şeylər yükləyirik. Qadın daşıyacaq düşüncəsi ilə.
İnsan necə və nə səbəbə baxımlı olmalıdır? Bu cümlənin sətiraltında nələr var?
"Baxımlılıq" dedikdə, bir kilo makiyaj ilə gəzmək və ya ən son moda ilə uzlaşmaq, yaxud əzələlərini göstərən bəyaz köynək geyinmək nəzərdə tutulmur.
Baxımlılıq, ən uyğun dillə desək, insanın təmizliyidir. Evimizi təmizlədiyimiz kimi özümüzün təmizliyimizə də önəm verməliyik. İnsan özünə baxmağı, özünü sevməyi öncə özü üçün etməlidir. Həm sağlıq, həm də etik cəhətdən bu, insan üçün olduqca önəmlidir.
Gözəl geyinmiş, təmiz, gümrah görünən biri, çox insanın diqqətini öz üzərinə çəkər, insanlarda pozitiv bir enerji buraxar. Çünki baxımlı olmaq, insanın həyata qarşı hiss etdiyi motivasiyanın və yaşam enerjisinin təbii nəticəsidir. Və hamımız bilirik ki, özünü sevən insan öz bədəninə qarşı laqeyd qala bilməz.
"Baxımlılıq" dedikdə edilməsi lazım olan şeylər:
* Hərəkətli olmaq - idman etmək, idman mərkəzinə yazılmasanız belə, lift yerinə pilləkənlərdən istifadə, çoxlu piyada gəzmək mümkündür.
* Saçlarına və dərinə vaxt ayırmaq
* Duş alaraq həm təmizliyi, həm də yorğunluğunu atmaq
* Əllərində dırnaq boyası olmaya da bilər, amma manikür əsasdır.
* Yumuşaldıcı və nəmləndirici kremlər, ev şəraitində hazırlanan təbii maskalar
* Sağlıqlı yeməklər
* Bir neçə ay arasında diyet menyusuna keçid etmək
* Geyiminə diqqətli yanaşmaq - bahalı və marka geyinmək məcburiyyətində deyilsən, təmiz, səliqəli və rəngarəng olmaq yetərlidir.
* Bahalı ətirlərdən istifadə etmək, daima boyalı dırnaqlarla gəzmək baxımlılıq göstəricisi deyil. Baxımlılıq sağlıqla düz mütənasibdir. İnsan olaraq öncə özümüz, sonrasında isə başqaları üçün baxımımıza diqqət etməli, gözəl görünməliyik.
Bunun kişisi - qadını yoxdur.
Heç bir qadın baxımsız kişidən, heç bir kişi də baxımsız qadından xoşlanmaz.
Sevgini belə bitirməyə qadir olan şey - özünə olan sevginin yox olmasıdır.
Zira, sən özünü sevməsən, başqası heç sevməz.
Kişi çöl qoxusunu, qadın mətbəx ətrini üzərində tutmamalıdır.
İnsan qarşıdakının öz dəri ətrini sevməlidir, hansısa markalı pafümünü deyil.
Aysel Ateş Abdullazadə
Türkiyə, Antalya
qadinkimi.com