DƏB VƏ BAXIM, HƏR ŞEY / HEÇ NƏ
Başqasının qızılları xoşbəxtlik gətirməz Tarix : 01 May 2022, 19:20

İstər həyat təcrübəmizdən, istər hansısa filmdən, istərsə də oxuduğumuz hansısa bədii əsərdən çoxumuza məlumdur ki, qızıl insanlara heç də həmişə xoşbəxtlik gətirmir. Tarix boyu bəşər övladı bu qiymətli metal üstündə mübahisələrə, qalmaqallı münaqişələrə və hətta faciələrə belə səbəb olub. Yaşadığımız coğrafiyada da adi bir üzüyün, boyunbağının ucbatından qohum qardaşın bir-biriylə danışmaması, nəsil-tayfa davası düşməsi və ölümlə nəticələnən hadisələrin olması faktı kifayət qədərdir. Yəqin ki, çoxlarımız belə xoşagəlməz halların yaranmasının qızılın magik təsiri ilə bağlı olduğunu bilmirik. Qara magiyada qızılın mənfi xüsusiyyətlərindən, onun vasitəsilə insanların taleyinə, bəxtinə, yaşayış tərzinə zərbələr vurulmasından, hətta qətl hadisələrindən də bəhs edilir. Lakin biz belə məsələlərdən uzağıq. Məsələnin yalnız astroloji və qədim inanc tərəflərindən sitatlar gətirməklə mövzumuza aydınlıq gətirməyə çalışacıq.

 


 

Astrologiyada təkcə qızılın yox, həmçinin digər metalların, daş-qaşların da insan biosahəsinə göstərdiyi təsirlər haqqında biliklər mövcuddur. Xüsusi tezliklərə və şüalanma enerjisinə malik olmaqla hansı metalın hansı zodiaka necə təsir etməsini müəyyənləşdirmək mümkündür. Doğum tarixinə və bürc əlamətlərinə uyğun olaraq daş və metalınızı düzgün seçsəniz, bu, enerji potensialını artıra bilərsiz. Eyni zamanda uğur, şans, zənginlik enerjisini aktivləşdirməyə də kömək edər.

 


Kimyagərlər deyirlər ki, hər bir metalın ifadə etdiyi öz planeti var.

Ay - Gümüş; Merkuri - Civə; Venera - Mis; Günəş - Qızıl; Mars - Dəmir; Yupiter - Qalay; Saturn isə Qurğuşundur. Öz planetini bilən hər kəs özünə uyğun metalı təyin edə bilər. Qeyd etmək lazımdır ki, tamamilə hər kəsə uyğun olan Bürc əlamətlərinə görə metal var. Bu platindir. Təmizliyi ilə xarakterizə olunur, digər metallardan fərqli olaraq mənfilikləri yığmır.

 


Qızıl isə qeyd etdiyimiz kimi günəşin metalı kimi qəbul edilir. Buna görə zərgərlik məhsulları ən çox ondan hazırlanır və hər bir zinət əşyasının öz mənası var. Sırğalar stress və komplekslərlə mübarizə aparır, bilərziklər mənfi enerjini bloklayaraq sahibini qoruyur, qızıl zəncirlər, boyunbağılar isə əsəbilik və sinir gərginliyini azaldır.

 



 

Xalq olaraq həmişə qədim inanclarımıza söykənməyi sevmişik və o inanclarda da qızılın müxtəlif təsirləri ilə bağlı məlumatlara rast gəlmək mümkündü. Hətta bu qiymətli metaldan xalq təbabətində də geniş istifadə olunarmış. Məsələn, bədəndə hansısa səbəbdən səpmə yarananda təmiz qızılı bir vedrə suda qaynadıb dolça vasitəsilə bədən boyu axıdarmışlar. Üç gün ərzində dəri tamamilə gümrahlaşarmış. Yaxud subay qızlar nişan üzüyü taxılan barmağa başqa üzük keçirməzmiş. Çünki həmin barmağın yalnız nişan üzüyündən qidalandığına inanılırdı. Əks halda xoşagəlməz hallar baş verə bilərmiş.

 


Bir çox xanımlarımız bəzən toya düyünə gedərkən daha gözəl, daha cazibədar görünmək üçün başqalarından qızıl əşyaları alıb taxarlar. Lakin bu əşyaların onlara verdiyi mənfi enerjidən xəbərləri olmur. Belə ki, işlənmiş hər bir bəzək əşyası ilk sahibinin taleyini özündə cəmləşdirdiyindən, ondan istifadə edən digər insanların da həyatı ona bənzər olur. Əgər ailə səadəti faciələrə düçar olan bədbəxt bir qadın öz üzüyünü ərə getməyə hazırlaşan birisinə bağışlayarsa, gəlin olmağa hazırlaşan həmin qızın da taleyi ürək açan olmaz. Bu periodda söhbət kimin kimə bağışlamasından getmir. Hətta ana öz qızına, bacı bacısına hədiyyə etsə də eyni şeylər olur. Bütün bunları nəzərə alıb çalışın ki, üstünüzdə işlənməyən – öz qızıllarınızı gəzdirəsiniz.

 

 


Zodiak işarələrinə gəldikdə, torpaq ünsürünə şamil edilən bürclər (Buğa, Qız, Oğlaq) yatarkən üstlərində heç bir qızıl saxlamamalıdırlar. Mütəxəssislərin fikrincə, qadınlarda müşahidə olunan xəstəliklərin 25 % -i qızıldan daim istifadə edən xanımların başına gəlir. Çünki qadınlarımızın çoxu nədən və necə istifadə olunmasını bilmirlər.Əlbəttə ki, söhbət tək qızıldan yox istənilən metaldan gedir. Qızılın adını ona görə xüsusi vurğulayırıq ki, o ən qiymətli metal olmaqla yanaşı, min illərdir dəyişməz olaraq zənginlik və sərvətin simvolu hesab olunur. Qızılın dəyərliliyini artıran səbəblərdən biri də, vaxt keçməklə xarab olmamasıdır.Lakin praktiki müşahidələrdən də bəlli olur ki, çoxsaylı xəstəliklərin yaranmasına səbəb olan amillərdən biri də elə məhz qızıldır. Bu baxımdan biləkliklərə diqqət yetirsək pis olmaz.

 


Uşaqlıqdan bəri yaşlılarımızdan eşitmişik ki, misdən hazırlanan biləkliklər ondan istifadə edənləri bədnəzərdən, neqativdən, böyük bədbəxtliklərdən və s. qoruyur, qan dövranını normallaşdırır, müxtəlif ağrılara müsbət təsir edir. Bu fikri təsdiqləyən mütəxəssislər təcrübə vasitəsilə sübut ediblər ki, mis bilərziklər xəstələrin 30 % -dən çoxunda gümrahlıq yaradır. Lakin ondan istifadə edən sağlam adamların 40 % -də əks təsir göstərir. Bu metal həqiqətən də qəribə bir mistik xüsusiyyətə malikdir. Dünya ilə həmahəngdir, insanın biosahəsini, təbiətlə harmoniyasını artırır, maqnit qasırğalarına qarşı daha davamlı olur.

 


Ona görə də əksər insanlar mis biləklikdən talisman kimi istifadə edirlər. Hətta bu ənənə Antik dövrlərə qədər gedib çıxır. Əlinə mis qolbaq taxan döyüşçülər daha gec yorulur, yaraları daha tez sağalır və uğurları daha çox olurmuş.

 


Eyni zamanda düzgün seçilməyən sırğalar da analoji təsirin yaranmasına səbəb olur. Bəzən pasiyentlər həkimə sual verir ki, bədəndə anlaşılmaz (zərbə dəymədən öz-özünə yaranan) zədələr yaranır, bu nə ilə bağlıdı? Bunun çox sadə izahı və müalicə üsulu var. Sırğaları çıxarın zədə öz-özünə yoxa çıxacaq.

 

 

Həmçinin hər bir zodiakın özünə uyğun şəkildə seçdiyi üzüklər, müxtəlif daşlı aksesuarlar onları bir çox xəstəliklərdən hifz etmək iqtidarındadır. Bu bir növ pasiyentin öz xəstəliyinə şəfa verən iynə-dərman alması kimi bir şeydir. Əlbəttə bu tip bəzək əşyaları birə-bir bütün dərdlərə dərman deyil, lakin bir çox hallarda düzgün seçilmiş metal və ya daş-qaşlar tibbi ləvazimatlardan daha tez effekt göstərə bilir. Metalın enerjisini artırmaq üçün isə sahibi öz amuletinin gücünə bütün qəlbiylə inanmalıdır.

 

 


Və son olaraq seçdiyiniz aksesuar, metal nə olursa olsun taxmadan öncə ətraflı araşdırmanız tövsiyyə olunur. Xeyirli tərəfləri qədər əks təsirləri də mümkün ola bilir. Seçilmiş hər hansı bəzək əşyası narahatlıq hissi yaradırsa, onu həmən çıxarmaq lazımdı.


 

Unutmayaq ki, seçilmiş metaldan asılı olmayaraq, insanın özü öz taleyinin sahibi olaraq qalır.


 

Hazırladı: Günel Deniz 

Qadinkimi.com