QADIN / KİŞİ
Azərbaycan qadını hər rəzilliyə susmağa borclu deyil – MÜSAHİBƏ/FOTOLAR Tarix : 29 Sentyabr 2018, 17:11
Yazar : Qadinkimi.com

Qadinkimi.com yeni yaradılan Qadın və Uşaq Akademiyasının sədri Sevinc Fədai ilə müsahibəni təqdim edir


Sevinc xanım, akademiyanızın  hədəfi nədir, ümidiniz nəyədi?

- Hədəfimiz, ilk növbədə, qadınlarımızı "Azərbaycan qadını” qəlibindən çıxarıb onlara özünü tanıtmaq, özünəinam yaratmaq, güclərini, dəyərlərini ortaya çıxarmaqdı. İlk iş  onların özlərinə  bunu sübut etməkdir.  Qadının özünə dəyər verməsini təmin etməkdir. "Azərbaycan qadını” hər bir rəzilliyin, şiddətin, təhqirin qarşısında susmağa, özünü, arzularını, illərini fəda etməyə borclu və məcbur deyil. O qadının yeri təkcə mətbəx, çarpışacağı məsələlər təkcə məişət, ər, uşaq, qayınata-qayınana, qohum-əqrəba, qonum-qonşu məsələləri deyil. O, cəmiyyətə, dövlətə fayda verə biləcək, öz övladıyla bərabər bir qrup uşağı, gənci yetişdirəcək ağıla, mənəvi gücə, intellektə, sevgiyə sahibdir. Bütün bunlara qadınlarımızı  inandırmaq istəyirik. 

 

 Qadının özünə inamı ona problemlərin öhdəsindən gəlməyə kömək edər deyirsiz... 

- Ən azı sabah hər hansı şiddətə, təhqirə məruz qalanda, arzuolunmaz bir şəraitə düşəndə ordan qurtulmağın yolunu bilər, özünü o evdən kənarda da faydalı insan kimi hiss edər.  Bilər ki, o evdən kənarda görə biləcəyi işlər, ətraf, mühit, inandığı, güvəndiyi, sağlam düşüncəli insanlar var. Biz istəyirik ki, qadınımızın çarəsiz şəkildə dözüb-dözüb, bir gün yaşadığı evdən cəsədi çıxmasın. O evdə travmalı, yaralı uşaqlar böyüyüb sabah cəmiyyət üçün yararsız şəxsə çevrilməsin. Ən kiçik hesab edilən məqamlardan, detallardan başlayacağıq. Sağlam düşüncəli, xoşbəxt qadınların qurduğu cəmiyyəti, yetişdirdiyi övladları görmək istəyirik. Bu niyyətlə yeniyetmə qızlardan tutmuş yaşlı qadınlarımıza qədər hər kəsin xidmətində olacağıq. Uzun müddətdi bu mövzuda yazdığım yazılardan, bu istiqamətdə açdığım "Qağayı” səhifəsindən sonra gördüm ki, bizim qadının hər yaşda məsləhətə, çarəyə, göstəriləcək doğru yola, ən azından dinlənilməyə, anlaşılmağa ehtiyacı var. 

Sizcə, qadınların ən çox nəyə, necə bir dəstəyə ehtiyacı var? 

- Ən adi məsləhətdən tutmuş psixoloji, hüquqi yardıma, işə, həyat yoldaşı ilə, övladı ilə münasibətləri düzəltməyə və s. ehtiyacı olan hər cür qadın var. Onlar kimə üz tutacaqlarını bilmirlər. Biz də onların üz tuta biləcəkləri insan, ünvan olmaq istədik. Artıq 5 aydır ki, qadınların bu mənada yanında olmağa çalışıram. Bölgələrdə yaşayan xanımlarımıza və uşaqlarımıza poçt vasitəsilə kitablar göndərirəm, söhbət üçün üz tutan xanımlarla danışıram, görüşürəm. 

Bu problemlərin öhdəsindən gəlmək mümkündürmü? 

- Kiminsə həyatını bu gün işə düzəlmək xilas edəcəksə, bütün əlaqələrə  baş vurub, yardım etməyə çalışırdım. Amma açığı gördüm ki, bu şəkildə mən yorula, tükənə bilərəm. Necə deyərlər, təşkilatlanmağa, bu istiqamətdə daha geniş fəaliyyət göstərməyə, çevrəni böyütməyə ehtiyac var. Bunun da ən yaxşı yolunu ictimai birliyi yaratmaqda gördüm. Bu birliklə problemlərin öhdəsindən gəlməyə çalışacağıq. 

Hər hansısa bir dəstəyiniz varmı?

- Biz birliyi təsis edirik, nəzərdə tutduğumuz layihələri həyata keçirməyimiz isə təşkilatı rəsmi qeydiyyatdan keçirəcəyimiz, dövlət dəstəyi ala biləcəyimiz təqdirdə baş tuta bilər. Buna qədər isə yenə kiçik imkanlarla əlimizdən gələni etməyə çalışacağıq. Bir şeyi qeyd edim ki, biz həmişə istər dövlət işlərində, istərsə də özəl sektorlarda işlə təminolunmada gender bərabərsizliyindən narahat olmuşuq. Ancaq son zamanlar məncə, bu istiqamətdə də stereotiplər dağıdılır, gənc, peşəkar, bacarıqlı xanımlar faydalı olmaq üçün imkanlar, statuslar əldə etməyə başlayıblar. Bu dövlət siyasətini yüksək qiymətləndirir və elə bu addımlardan da ürəklənirik. Biz də öz komandamızla birlikdə qadınlarımıza, uşaqlarımıza, bütövlükdə cəmiyyətimizə dəstək olmaq, onları da bu topluma qazandırmaq üçün imkanlar əldə edəcəyimizə inanırıq. Gülən qadın, aydın qadın, faydalı qadın öz ətrafında bunu təbliğ edir, buna yoluxdurur və nəticədə cəmiyyət bütün naqisliklərindən, çatışmazlıqlarından qurtulur. Faciələrə, ailə münaqişələrinə, intiharlara gətirib çıxaran səbəblər, aqressiya tədricən azalır. Bu yolda qadınlı-kişili hər kəs öz bacardığını etməlidir.

 
Necə fəaliyyət göstərməyi nəzərdə tutmusuz? Fəaliyyət planınız varmı?

- Əsas fəaliyyət planımız bölgələrdə yaşayan yeniyetmə və gənc qızlar, qadın və uşaqlarla işləməkdi. Onların bilik və bacarığını inkişaf etdirmək üçün təlimlər, kurslar təşkil etməyi düşünürük. Psixoloji, tibbi, hüquqi yardıma ehtiyacı olanlara bu dəstəyi göstərəcəyik. Problemli ailələrin uşaqları ilə işləmək, özünüinkişaf proqramları tətbiq etmək və məsləhətçi qruplar yaradaraq insanları həyat tərzinə, ailə münasibətlərinə, ünsiyyətinə problem yaradan səbəblərdən xilas etmək kimi planlarımız var. Təşkilatı təsis etdikdən sonra bütün plan və layihələrin həyata keçirilməsi üçün bir mərkəzdə toplaşacağıq.

Övladların sağlam böyüməsi üçün cəmiyyətin üzərinə düşən missiya nədir? 

- Təkcə  öz övladını sağlam, xoşbəxt, savadlı böyütmək yox, ətrafı, onun dostlarını, mühitini də sağlamlaşdırmaq istəyi vacibdi. Əks halda övladımız üçün çabalarımız da boşuna olar. Mən özüm də şəxsi xoşbəxtliklə qane ola bilmirəm. Gərək  ətrafımdakı qadınlar da mənən xoşbəxt olsunlar. Öz obrazımla onu göstərmək istədim ki, hər şeyə rəğmən yaşamaq, mübarizə aparmaq, yıxılmamaq mümkündü. Siz də bacara bilərsiz.  Yetər ki, istəyin, inanın və zəhmət çəkin. Cəmiyyətdən şikayətlənmək əvəzinə  sağlam olmayan təfəkkürü dəyişmək üçün bir addım atmaq lazımdır.
                                                                                     

Hazırladı: Çinarə Teymurova