UŞAQ / BÖYÜK
Aysel Fikrət - "Qızıma məktub" (MÜSABİQƏ) Tarix : 13 Aprel 2020, 18:57
Yazar :
Heç doğulmayan qızıma...

Gördüm ki, hər kəs qızına məktub yazır. Mən də istədim heç vaxt dünyaya gəlməyəcək qızıma bir məktub yazım.

Qızımın olacağını bildiyim gün dünyanın bütün rənglərini görürdüm. Rəngarəng bir aləmdə sevinclə rəqs edirdim. Həmin günü heç unutmuram. Səhər açılar - açılmaz özümü küçəyə atmışdım. Bütün yolu onu düşünə - düşünə qaçmışdım. Analar yalnız duyduğuna inanır. Mən onun qız olacağından əmin idim. O hələ dünyaya gələcəyini belə bilmədən mənim üzümə gülümsünürdü. Gəlinciklərə baxırdım. Əlvan donları, kəhkəşanları sevməyə başlamışdım. Bir gün də...

Mənim gözəl, qıvrımsaçlı mələyim...Mən çox fikirləşdim. Bəlkə də bu məktub sona çatmamış məni öldürəcək. Yalnız səninlə də danışmadan yaşamaq olmur ki, Mələyim... Əvvəllər xəyalımda səni heç qucağımdan yerə qoymazdım. Sonra yavaş-yavaş addımlarına baxıb sevinərdim. Bilirəm, yanağında çökək var, gülmsünürsən. 

Sən olsan evimizdə daha çox sevinc olardı. Günəşin şüası evimizə düşərdi.
Sən olsan bəzək əşyalarımı dağıdardın. Ən gözəllərini götürərdin.
Sən olsaydın ardınca düşüb gedərdim lap axıra qədər. Səni heç üzməyə qoymazdım. 

Bilirəm, sən də ayaqlarını mənim kimi kobud atırsan. Tez-tez büdrəyib yıxılırsan. Ardınca gəzib səni ovudardım. Qorxularını duyardım sənin. Məktəb çantanı özüm yığardım. Böyüyüb başa çatanda ilk sevgidən qızılcadan qoruyan kimi qoruyardım səni. Sevgini yaxınına qoymazdım. Yəqin ki, musiqiylə məşğul olardın. Gözəl piano çalardın, məsələn. Gözümün nuru, anan sənin üçün çox darıxır.  O gün qaraçı əlimdəki falıma baxıb səni soruşdu. Bu yaşlarda da bir qızın varmış dedi. Qəlbimdə olduğunu demədim. Var dedi, amma yoxdu. Bu nə sirdir?.. Gözlərimi yana qaçırıb susdum, o dəm ürəyimdə gizildədin. 
"Burdayam da" dedin. " Ana, burdayam”. "Mənim dünyaya gələ bilməməyim sənin təqsirin deyil. Birdən yox oldum mən...Ana, səsin qulağıma gəlir hərdən...Hərdən ardımca qaçırsan..Mənə çata bilmirsən." Acizliyim necə baha başa gəldi mənə. Mələyim, səni qoruya bilmədim. Məni bağışla.

Sonra da düşünürəm, bəlkə də böyüyərdin, səni incidən insanlar daha güclü olardı. Sənin də ümidlərin qırılardı, sevgini öldürərdilər. Səni kimsə incidərdi. Hardasa tək ağlardın və mən o anı bilməzdim, səni qoruya bilməzdim. Səni də bu dünyanın ən axmaq, ən kobud tərəfinə ötürərdim öz əllərimlə. Sonra sən də o aləmdən çıxıb mənim artıq ağarmış saçlarımı qucaqlayıb dərdini mənə demədən ürəyində ağlayardın. Yox. Bəlkə də sən indi daha əmin yerdəsən... Bilmək olmur ki...

Nur üzlüm...Qardaşların da yaxşıdır.. Daha böyüyüblər. Bir az keçsin yanına gələcəm, sən hələ ki gözəl babanla oyna. Mən gələcəm. Gözlə məni, mələyim...
Sənin həsrətini çəkən anan...

 


Aysel Fikrət 
qadinkimi.com