UŞAQ / BÖYÜK
Gülnar Abdullazadə "Ata, tut əlimdən"... Tarix : 20 May 2020, 18:03

Qızımdan atasına məktub...


Ata, bax beləcə tut əlimdən hər zaman. Tut ki səndən, sevgindən aldığım güclə daha möhkəm bassın yerə ayağım. Daha möhkəm dayanım. Daha möhkəm dayanım ki, hər büdrəmədə yıxılmayım, yıxılsam da bu möhtəşəm gücü duyaraq qalxa bilim, qalxıb yenidən davam edim.


Tut əlimdən ki, hər gələnin tutmasına, tutub qəlbimə girməsinə izn verməyim. "Ata sevgisi ilə qızlar daha özgüvənli, daha xoşbəxt böyüyür" deyirlər. Sən də məni sev, sevgini hər an hiss etdir ki, özgüvənli böyüyüm zəifi, gücsüzü qəbul etməyən dünyada.


Tut əlimdən ki, sənin sevgindən aldığım güclə özgüvənim formalaşsın və o güvən sayəsində mənən çox güclü olum. Güclü olum ki, başqalarına tabe olmayım, başqalarının verdiyi qərarların kölgəsində yaşamağa razı olmayım, sevgi görmədiyim yerdə qalmağa davam etməyim. Lazım gəldikdə getməyi, tərk etməyi, tərk edilərkən güclü dayanmağı bacarım.

 

Tut əlimdən ki, daha güclü, daha cəsur böyüyüm. Başqalarının gücü hesabına cəsarət göstərənlərdən olmayım, cəsarətim öz gücümdən, öz ağlımdan, öz mənəviyyatımdan bəslənsin.
Ata, bax beləcə tut əlimdən hər zaman, əlimi heç buraxma. Buraxma ki müvəqqəti tutmaq istəyənlər üçün fürsət yaranmasın.

 

 


Ata, sevginlə tut əlimdən - sevgiyə inanım! 

 


P.S. Ata, bunları anam ünvanladı sənə mənim adımdan. Deyir, böyüyüb özün əlavə edərsən qəlbindən keçənləri...
Bir də əlavə etdi ki, əgər yazdıqlarımı atasız böyümək məcburiyyətində qalmış insanlar oxudusa, oxuduqları qəlblərinə toxundusa, bağışlasınlar məni.

Atalar oxudusa, düşünsünlər...Sadəcə anlasınlar səhvlərini.Görsünlər suçlarını. Bəlkə bağışlanmağa vaxt var?..

 


Gülnar Abdullazadə

qadinkimi.com