YAZI / DÜŞÜNCƏ
Alov İnannadan yeni şeir - İpimizi kəsdilər Tarix : 17 Yanvar 2019, 10:46
Yazar : Alov İnanna

Yadınıza gəlirmi?

 
Yadınıza gəlirmi?
Yumru bir evimiz vardı,
dam-dardı.
İçinə zorla sığardıq.
Nə hava, nə günəş, nə torpaq, 
su vardı, yalnız su vardı.
Bir az balıq kimi yaşardıq.
Gözlərimiz vardı – görməzdik, 
ağzımız vardı – yeməzdik, 
burnumuz vardı – qoxlamazdıq.
Yalnız  qulaqlarımızı şəklərdik.
Və  "tup-tup” eşidərdik – 
varedənimizin döyüntülərini.
Nə dərd-qəm, nə aclıq-susuzluq,
yalnız bir ipimiz vardı – 
bizi varedənimizə bağlardı.
İpimiz üzüldü bir gün.
Qopduq varedənimizdən. 
Yumru, dar evimizdən 
Və dar qapıdan
Atıldıq gen dünyaya.
Biz qopmuşduq dünyamızdan
və qiyamət qopmuşdu.
Dünyamızın sonu gəlmişdi;
Necə bağırırdıq, yadınızdamı?
Bağrıyarığıq o gündən...
İpimizi kəsdilər...
"İpi qırığıq” o gündən...

Noyabr, 2018