UŞAQ / BÖYÜK
Ailə ilə xoşbəxtlik bir çətirin altında qoşa yaşayır Tarix : 17 Avqust 2020, 09:32

 Oxucumuz yazır:


 Bir çətirin altında

 

Respublikamızda çoxlu sayda kül təpələri mövcuddur. Ocağı uzun müddət, bəlkə illərlə sönməyə qoymayan əcdadlarımızdan bizə qalan kül təpələr ilk insan məskənlərindən xəbər verir. Ov ardınca, qəbiləyə azuqə daşımaq üçün uzun məsafə qət edən kişilər ocağı qorumağı nəsil artıran, qəbilə qayğıları ilə məşğul olan qadınlara həvalə etmişlər. O vaxtdan bu günümüzədək ocağı, evin, ailənin istiliyini, hərarətini qorumaq qadınların öhdəsinə düşüb.

Kişilər çöldə külüng vursa da, qadınlar ailəsinin iynə-sapından tutmuş övlad tərbiyəsinə, təhsilinə, bəzən uşaqlarının ailə quracağı şəxsin seçiminə qədər bütün qayğıları ilə məşğul olub, xırdalı-böyüklü, çətin, məsuliyyətli yükü təkbaşına qaldırıblar.. Ailəsini düşmən sözündən, tanış tənəsindən qorumaq, qohumlar arasında münasibət, hətta ər höcətliyinin qarşısının alınması qadın həlimliyindən, yöntəmindən, səbrindən, müdrikliyindən asılıdır.

Döyüşməyib geri çəkilmək acizliyə dəlalət etmir, daha asan, daha rahat yolların araşdırılmasından keçir. Böyük arzularından imtina etmək anlamına gəlmir, əksinə qarışqa yerişinə bənzəsə də, surəti insan diqqətini cəlb etməsə də ailəsi, övladları üçün ürəyindəki böyük arzulara qram-qram, qətrə-qətrə irəliləyişindən xəbər verir.. Bu işığa, ümidə, arzularına doğru hər saniyə dayanmadan mücadiləsidir qadının .

Ocağı asanlıqla - ayağının ucuyla itələsə belə dağıdacaq gücündə olsa da qorumağın "başının tükünun ayağına salama gəlmək" qədər çətin olduğu halda, qadınlar adətən ikincini seçir, ocağını qorumağı üstün tuturlar. Daxilən güclü, zahirən soyuq qadin ikiqat mühafizəyə - arzularını reallaşdırmaq - özünə, dilinə sahib olmaq gücünə malikdir. Valideynlərin söz-söhbəti, davası, bir-birinə cavab qaytarması sabah övladlarının itaətsizlik, özbaşınalıq, böyük sözü eşitməmək və s. kimi zərərli vərdişlərə meylin əsasını qoymaq deməkdir.

Yaxınlarımdan birinin etirafı çoxlarımıza örnək ola bilər. İllərlə ocağının başındakı qadına yad, ögey baxan kişi, uzun illər ailə qura bilmədiyi qadının xəyalıyla yaşayır. Təsadüfi görüş itirdiyi ömrünə, illərinə təəssüflənməyə vadar edir. Möhtəşəm qadınından xəbərsiz yaşadığını anlayır. Qürur duyduğu övladları sən demə qadınının əl işi imiş, onun arzuları imiş çiçək açıb. Yubanmış "sağ ol" alan da var, almayanlar da. Əli şərab şüşəsindən yapışan atanın ocağından təhsilli, ağıllı, uğurlu övladlar yetişə bilər. O uşaqlar dünyaya analarının gözüylə baxır. Budur, yaradan qadının arzuları. Budur qadının gücü!

 

 Ailənin psixoloji iqlimi | Düşüncə Jurnalı

 

Övladınız üçün atalarının əlindən tutmaq səadətin özüdür. Bəzən onların buna çox ehtiyacı var.

Min illərin, milyonlarla təcrübənin nəticəsi bu olub ki, neçə min əziyyətə rəğmən ailə ilə xoşbəxtlik daim bir çətirin altında qoşa yaşayır.

 

 


Natiqə Quliyeva

 

qadinkimi.com