UŞAQ / BÖYÜK
Dayı, ay dayı, acam... Tarix : 22 İyun 2019, 14:10
Yazar : Qadinkimi.com
"Torqovıy" ilə gedirdim. Arxadan "dayı..." sözü eşitdim. Əhəmiyyət verməyib davam elədim. Mən addımladıqca səs yenə gəlirdi: "Dayı, ay dayı..."

Fikirləşdim, küçə avarasıdı, pul istəyir. Hirslə dayandım. Çevrilib "nə istəyirsən?" soruşdum. Arıq, uzun oğlan idi. 
 
- Dayı, ay dayı, acam, mənə "Bravo"dan çörəklə su ala bilərsən?

Əynində nimdaş finka və futbolka, cırıq krossovka...

Girdik "Bravo"ya.
 
Əsirəm...Ağlayıram...

Dedim, dönər alacam sənə, kola və ya fanta götür. Əl uzadıb ən kiçik qablaşdırmada olan kolanı götürdü...xərcə salmaq istəmədi məni.

- Gedək, sənə dönər alım.

- Dayı, dönərin puluna 2 gün qarnımı doyuraram.

Özümə nəzarəti tam itirdim.
 
Əsirəm, ağlayıram...

Hayqırtı çıxdı məndən. Mühafizəçi yaxınlaşıb nə olduğunu soruşdu.

Dedim qurban olum, buna kömək eləyin, fəhlədən-zaddan işləsin, internatdan çıxıb, qalmağa yeri yoxdu.

Adı Kənandı. Valideynləri sonuncu dəfə 2 yaşı olanda ziyarətinə gəliblər. Xatırlamır onları, tanımır. Mühafizəçiyə dedi: "Dayı, tanıdın məni? O gün yerdən 100 manat pul tapıb verdim sənə". 

Mühafizəçi üzünə baxıb tanıdı. Yerdən tapdığı 100 manatı cibinə qoymamışdı Kənan. Mühafizəçi dedi ki, "Megafun"ın yanındakı "Azpetrol"a get, tapşıracam səni.

Marketdən çıxıb "Avtoş" dönərə getdik. Soruşuram,  toyuq istəyirsən, ya ət? Çörək, ya lavaş? Deyir, ucuzu hansıdısa, ondan.
Tarqovıdakı skamyada oturduq. Dönəri yarıdan kəsib paketə qoydu.
 
Soruşuram: - Neynirsən? 
Deyir: - Bu günün sabahı da var, axı.

Telefonu yoxdu. Gecələr Torqovıyda gəzir. Səhər metro açılan kimi içəri daxil olub vaqonda oturaq vəziyyətdə yatır.

Ayaqqabı ölçümüz fərqlidi, paltarlarım isə olar ona.
Tapşırdım 1-ci gün işimə gəlsin. Evdən geyindiklərimi yığıb verəcəm. 
Bir az da pul verdim ki, gecəni ucuz, daxma kimi evlərdə keçirib, ayağını uzadıb normal yatsın.

Sağollaşanda dedi, arzum gələcəkdə xeyriyyə fondu yaratmaqdır. Internat uşaqlarına kömək eləyəcəm. Mənə dedi, dayı, sən yaxşı adamsan. Hər adam eləmir bunu. Dedim yox, Kənan, mən pis adamam, əclafam mən. Mən yaxşı adam olsaydım, sən bu vəziyyətdə olmazdın.
 
Yazdı: Ceyhun Rzayev

 
İspan rəssam Bartolome Esteban Murillonun "Balaca yoxsul" əsəri (1645—1650, isp. Joven mendigo) Parisdə Luvr muzeyində qorunur.
 
Qadinkimi.com