UŞAQ / BÖYÜK
1 İYUN Uşaqlar Günü necə yaranıb - maraqlı tarixçə Tarix : 01 İyun 2019, 11:37


Bu gün 1 İyun ənənəvi olaraq Dünya Uşaqlar Günü kimi keçirilir. Daha dəqiqi, bu gün Dünyada Uşaqların Qorunması Günü (Uşaqların Beynəlxalq Müdafiəsi Günü) olaraq bayram edilir. Eyni zamanda bu gün valideynlər günü kimi də vurğulanır. Çağırış isə aydındı: Uşaq hüquqlarını qorumaq və onlara öz hüquqlarını qorumağa kömək etmək; valideynlik missiyasının önəmini irəli çəkmək. 


Bu bayram ən köhnə bayramlardan biridi. Onun keçirilmə qərarı 1925-ci ildə Cenevrədə Beynəlxalq konferensiyada verilib. Həmin konferensiya uşaqların uğurlu yaşayışına həsr edilib. Niyə məhz iyunun biri sualına cavab olaraq müxtəlif versiyalar var. Versiyalardan biri odur ki, 1925-ci ildə Çinin baş konsulu San-Fransiskoda bir qrup kimsəsiz çinli uşağı yığıb onlar üçün "əjdaha qayıq" festivalı təşkil edib. Bu festivalın kədərli tarixçəsi olsa da, çinlilər əsrlərdi onu bayram kimi qeyd edirlər. Çu çarlığında yaşayan şair Syuy Yuan çara siyasi deqradasiya, reformların vacibliyi ilə bağlı müraciətlər edir. Əyanları bunu çara olduğu kimi deyil, təhrif edilmiş şəkildə çatdırırlar. Çar da şairin paytaxtdan qovulmasını əmr edir. Syuy Yuan xəbəri eşitcək baş verənləri milli rəzalət hesab edərək özünü çaya atır. Hadisədən sarsılan xalq qayıqlara minib şairini axtarır. Qayıqlar əjdaha formasında olduğu üçün o vaxtdan həmin gün (beşinci ayın beşinci günü) "əjdaha qayıq" bayramı kimi qeyd edilir. 
Çinin baş katibinin uşaqlar üçün keçirdiyi şənlik Cenevrə konferensiyası ilə eyni günə düşüb. İkinci Dünya Savaşından sonra uşaqların sağlığı və təhlükəsizliyi ən önəmli mövzu kimi gündəmdə idi. Bu vaxt 1949-cu ildə Parisdə keçirilən konqres zamanı andiçmə olur. Bu andiçmə dünyanın uşaqlar üçün təhlükəsiz yerə çevrilməsi ilə bağlı idi. Həmin il Moskva şəhərində Qadınların Beynəlxalq Demokratik Federasiya Sovetinin sessiyasında 2-ci konqresin qərarı ilə həmfikir olaraq bu günü-iyunun 1-ni Uşaqların Müdafiə günü kimi təsis edirlər. Bir ildən sonra 1950-ci ildə ilk Beynəlxalq Uşaq günü keçirilir və hər il bayram olaraq qeyd olunur. Bayramın öz bayrağı da var. Yaşıl fonda boy, harmoniya, təravət, bərəkət simvolu yer alıb. Yer kürəsinin ətrafında qırmızı, sarı, göy, ağ və qara fiqur təsvir edilib. Bu, dözümlülük və fərqlilik simvolu olan insan fiqurlarıdı. Ortada olan planet isə bizim ortaq evimizdi.  

Dünya valideynlər günü isə BMT-nin Baş Assambleyasının 2012-ci il sentyabr ayında  66-cı sessiyasında təsis edilib. Məqsəd bütün planet sakinlərinin ortaq dəyərlərə, uşaqlara, dünyadakı sakitliyə sahib çıxmalı olduğunu xatırlatmaqdı. Hər kəs uşaqlar qarşısında məsuliyyət daşıyır, onları harmoniya, sevgi, qayğı ilə əhatə etmək təkcə valideynlərin yox, bütün insanların borcudu. Yer üzünün hər yetkin sakini uşaqların valideynidi. Hər cəmiyyətin onlar qarşısında öhdəliyi var. Dinindən, irqindən asılı olmadan bütün uşaqların xoşbəxt, tam, sağlam, rahat yaşaması üçün böyüklər əllərindən gələni etməli, hər kəs özünü onların valideyni saymalıdır. 
Dünya üçün önəmli olan bu saf, sevgi dolu varlıqların-uşaqlarımızın 
Bayramını təbrik edirik! 

qadinkimi.com