BURA / ORA, BİLİM / DİN
Özünü zirvədə hiss etmək böyük səhvdi - Kamilə Akgül ilə MÜSAHİBƏ Tarix : 01 Noyabr 2024, 09:30
Yazar : Qadinkimi.com

"Professor olmağıma baxmayaraq yeni sahələrdə magistr və bakalavr təhsili alıram"

 

Qadinkimi.com İstanbuldakı Haliç Universiteti Sosial Elmlər İnstitutunun direktoru, professor Kamilə Akgül ilə eksklüziv müsahibəni təqdim edir.


Qadınkimi:  

- Professor elmi titulunuzun olmasına baxmayaraq, hal-hazırda psixologiya sahəsində magistratura təhsili də alırsınız. Buna niyə ehtiyac hiss etdiniz?

Akgül:

- Öyrənmək - mənim hobbilərimdən biridir. Öyrənməkdən aldığım zövqü bundan başqa çox az şeydə tapa bilirəm. Bundan əlavə - daima gənclərlə bir yerdə  olmağın ayrı zövqü vardır. Həyat dinamikdir,  o dinamizmə ayaq uydura bilmək üçün fərdi inkişafa önəm vermək lazım olduğunu düşünürəm. Qadın, ana, müəllimə kimi cəmiyyətin gələcəyində mənim hansı rolum ola bilər? Bu anlayış içində daim özümü yeniləməyə çalışıram. Mənim dosentlik dissertasiyamın mövzusu  səhnə sənətləri ilə bağlıdır. Sonra jurnalistika sahəsində professor titulu aldım. Fəlsəfənin "övladları” olan sosiologiya, psixologiya da jurnalistikanın qidalandığı sahələrdir. Hal-hazırda magistratura təhsilimi bitirmək üzrəyəm. Bundan əlavə - sosiologiya sahəsində bakalavr təhsili alıram, birinci kursdayam.

Qadinkimi: 

- O biri professorlar kimi özünüzü zirvədə hiss etmirsiniz...
 


Akgül:

- Yox. Onsuz da mən insanın özünü zirvədə hiss etməsini həyatın ən böyük səhvi olduğunu düşünürəm. "Mən artıq maksimum səviyyəyə yüksəldim” -  deyən adam yerində sayan adamdır. Yerində sayan adamın isə geridə qalmaqdan başqa alternativi yoxdur. Mən daim öyrənməyi çox sevirəm. Ancaq bu qədər dolu olan gündəmim içində bunların öhdəsindən necə gəlirəm?

Qadınkimi: 

-  Necə  gəlirsiniz? Bədri Baykam demişdi ki, mən öləndən 100 il sonra həyatımla maraqlananlar yazacaqlar ki, eyni vaxtda 3 Bədri olub: İldə təxminən 10 sərgi açıb, televiziyada futbol şərh edib, QHT sədri olub, köşə yazıları və romanlar yazıb və s. Gələcəkdə neçə Kamilə Akgül olduğunu iddia edəcəklər?

Akgül (gülür):

- Cəmiyyətdə gördüyümüz işləri saymağa başlasaq, daha da artdığını görəcəyik. Mən eyni anda bir neçə qurumda fəaliyyət göstərməkdən də zövq alıram. Universitetdəki işlərimdən başqa bir neçə vəqf və dərnəkdə idarəçiyəm. İndiki zamanda əlinizə kitab alıb bir küncə çəkilmək imkanınız yoxdur. Vaxtımın  məhdud olmasına baxmayaraq, dərslərimdə mənə lazım olan kitabları gündə 3 saat keçirdiyim yolda dinləyərək onlardan önəmli şeylər öyrənirəm.
 


Qadınkimi: 

- Magistratura və bakalavr dərslərindəki tələbə yoldaşlarınız sizi adınızla çağırırlar yoxsa...?

Akgül: 

- Öz tələbələrim mənə "müəllim” deyə müraciət edirlər. Oxuduğum qruplarda isə professor kimliyimi qəti şəkildə gizləyirəm, heç kim bilmirdi. Xüsusilə, müəllimlərimin bilməməsini istəyirdim. Çünki mən professor olsam da, onlar mənim müəllimlərim idi. Ancaq bir dəfə müəllimlərdən biri yazdığım kurs işini müdafiə etmək üçün mənə 45 dəqiqə vaxt verdi. Mənə dərs deyən müəllimlərin hamısı baş müəllim idi. O müəllimim məni dərs qurtarandan sonra bayıra çağıraraq dedi ki, sən nə işlə məşğulsan? Demədim. Müəllim dedi ki, elmi işlə məşğul olduğunu görürəm, titulun nədir? Dedim ki, müəllim, onu heç soruşmayın. Məcbur qalıb deyəndən sonra müəllim auditoriyada mənə "xocam”- deyə müraciət etməyə başlayandan bir müddət sonra tələbə  yoldaşlarımın da mənə münasibəti dəyişdi. İnsanların həqiqi üzünü görmək üçün öz kimliyinizi gizləməyiniz bəzən sizə çox şey qazandırır. Tələbələrim mənə "xocam”- deyə müraciət edir, mən də öz assistentlərimə "xocam”- deyirəm. Buna görə məni çox tənqid ediblər. Bir dekan öz assistentlərinə niyə "xocam”- deyir? Tənqidə məruz qalsam da  geri addım atmayaraq ənənə yaratdım. Onlar gələcəyin alimləri və universitet müəllimləridir, bunu onlar hiss etdirməyimiz lazımdır.

Qadınkimi: 

- Son illərdə Türkiyədə iqtidara yaxın fətvaçılar qadınların əleyhinə  fətvalar verib daima qadına təzyiq göstərməkdən danışırlar. Siz bu qədər çoxşaxəli fəaliyyətinizdə  hər hansı təzyiqlə üzləşdinizmi? Bu mərhələ sizin üçün sıxıntılıdır

Akgül:  

- Açığını deyim ki, mən belə bir təzyiqlə üzləşdiyimi xatırlamıram. Söhbət qadın cinsinin təmsilçisi olmaqdan gedirsə, mən bunu daima qürurla yerinə yetirmiş və təqdirlə qarşılanmışam. Qadını kişidən fərqləndirən əsas cəhət - bir çox işi eyni anda görə bilməsi, üzərinə bir çox vəzifə götürüb hamısının öhdəsindən ləyaqətlə gəlməsidir. Mənim elmin müxtəlif sahələri ilə olan əlaqəm QHT-lərlə də yaxın əlaqə yaratmağıma səbəb olub. Qismət olsa, bundan sonra fəlsəfə sahəsində də təhsil almaq istəyirəm.  Bu, mənim idealımdır. İngiliscə öyrənmək mənim həyatımı alıb apardı (gülür), indi isə ispanca öyrənməyi qarşıma məqsəd qoymuşam. Bəlkə mən bütün bunları qadın genləri daşıdığıma görə həyata keçirə bilirəm. Qadının bu potensialının fərqinə varmasına nail olmaq lazımdır.  Ona görə də cəmiyyətdə qadına qoyulan investisiya ən dəyərli investisiyadır. Çünki qadın öz bildiyini mütləq övladlarına öyrədəcəkdir. Qadınların təhsil almasına investisiya qoyulmalı və onların önündəki hər cür əngəl aradan qaldırılmalıdır. Mən Kültür universitetində işləyəndə qızı ilə eyni vaxtda tələbə olan ana vardı. Hal-hazırda qadınların daha şüurlu hala gəlmələri üçün kişilərin bir qismi də əllərindən gələni etməyə çalışırlar. Biz Şanlıurfada çox mühüm bir layihə həyata keçirməyə çalışırdıq. O layihəni keçirə bilməməyimizin əsas səbəbi-bölgədə terrorizmə qarşı aparılan mübarizə idi. Bizə orada yer vermişdilər, qadının mühafizə edilməsiylə bağlı layihəni həyata keçirəcəkdik. Mühafizə evlərində qalan və 18 yaşını keçməsinə baxmayaraq, hələ də təhsil ala bilməyən qızlara  təhsil verəcək, eyn zamanda, peşə sahibi olmalarına çalışacaqdıq. Qadına təhsil və elm  verib onun cəmiyyət həyatında fəal iştirakına nail olmaq-hamının vəzifəsi olmalıdır. Qadınla elm bir araya gətirilməlidir. Nə qədər təzadlı olsa da çox bilikli olan qadının o qədər də  çox  içi yanır.  Çünki haqqını tələb edə bilir. Biz bilikdən qadını xoşbəxt etmək üçün istifadə etməliyik.

Qadınkimi: 

- Saytımız Azərbaycanın ilk peşəkar  feminist  internet  sitesidir.  Yenicə fəaliyyətə başlayan saytımıza hansı diləkləriniz var?

Akgül:  

- Hər şeydən əvvəl, təbrik etmək istəyirəm. Çünki hamıdan fərqli şəkildə və fərq yaratmaq üçün yola çıxdığınızı  görmək mümkündür. Ürəkdən təbrik edirəm. Mənimlə müsahibə almağı uyğun gördüyünüz üçün  təşəkkür edirəm. Məncə, çox doğru bir addımdır. Qadına qoyulan investisiyanın qadınların vasitəsi ilə dəstəklənməsinin çox mühüm olduğunu düşünürəm.

qadinkimi.com