YAZI / DÜŞÜNCƏ
Özünü eybəcərləşdirmək - Flora Hüseynova Tarix : 27 İyun 2019, 09:20
Yazar : Flora Hüseynova
Gözəllik – insan övladının lap qədimnən uzun bir inkişaf yolu keçərək yaratdığı hər şeydə, gördüyü hər mənzərədə axtardığı bir meyardır. Gözəllik insanın ruhunun qidasıdır da demək istərdim.

 
Son zamanlar gözəllik uğrunda (qadınlarımızın yazacaqdım, haqsızlıq etməyim qadınlara, kişilər də maşallah olsun heç geri qalmırlar) aparılan mücadilə çətin ki, ruhlara qida olsun. Bilirəm indi zaman başqadır. Tibb çox inkişaf edib. Bir zamanlar xəyal kimi görünənlər indi tam real həyatımıza girib. Güzgü qarşısında "kaş ki” deyilənlər üçün indi heç üzülmədən klinikalara gedib, o kaşkiləri istənilən formaya salmaq çox rahatdır.

 
Düzgün anlaşılsın, lütfən, mən gözəllik aşiqiyəm. Genetikdi bu, rəhmətlik babamın bir sözü vardı – adamın evdə pişiyi də gözəl olmalıdı. Amma klinikalarda qadınlı , kişili hamının eyni simaya salınması, sanki inkubator kimi eyniləşməsi gözəllik deyil.

 
Bu başdan bir qeyd edim, mən də hər bir normal insan kimi bunun qüsuru olan insanlara aid olduğunu istisna edərək deyirəm. Məcburluq olan yerdə məqbuldu. Bir müəllimimiz vardı. Rejissorluqdan dərs deyirdi bizə, gözəl bir sözü vardı. Deyirdi ki, unutmayın, bir insan ki, xarici görünüşü ilə mütləq aşırı dərəcədə hər kəsdən fərqlənmək istəyir, onun daxili dünyası boşdu. Bu yolla ətrafdakıların diqqətini çəkmək istəyir. Həqiqət var. Bir insan nədən dodaqlarını qeyri - normal dərəcədə böyütsün? Nədən qaşlarını heç qaş bitməyəcək yerə qaldırıb təbiətin ahəngini pozsun? Nədən dırnaqlarını qartal caynağı formasına salsın? Həqiqətən də bütün bunların gözəllik gətirirmi? Belə insanlara ciddi yanaşıldığına şübhəm var. Hər bir kəs fərdiliyi ilə seçilməlidir. İnsan necə özəlliyini itirib, "mənim dodaqlarımı filankəsin dodaqları kimi, qaşlarımı başqa birinin qaşı kimi, burnumu da digər birinin burnu kimi düzəldin” desin? İnsan özəlliyini hər hansı bir qəzada yox, könüllü surətdə, üstəlik, külli miqdarda pul ödəyib dəyişir.
 
 

Neçə il bundan əvvəl Hollivudun məşhur aktyoru Tom Kruz qabaq dişlərinin əyriliyini düzəltdiyinə görə tamaşaçıların qınağına tuş gəldi. "Sən artıq bizim sevdiyimiz o Tom deyilsən” deyə etiraz etmişdilər ona.

 
Dünya şöhrətli aktrisa Monika Belluççi heç bir plastik əməliyyat etdirməyib. "Üzümdəki qırışları sevirəm” deyir. Qırışlarımı itirsəm, yaşımı da itirəcəyəm? Özümü üzümdəki qırışlarımla birgə sevirəm”.

 
Sizi sevənlər olduğunuz kimi sevəcəklər. Özəlliyinizi qoruyun. Özünüzü qınaq obyektinə çevirməyin. Ruhunuzu gözəlləşdirin , beyninizi qidalandırın. Zamanla barışın, zamanın sizdən aldıqlarını süni surətdə geriyə qaytarmağa çalışmayın, zamanın sizə verdiklərini dəyərləndirib sahib çıxın. Fərdiliyinizi qoruyun. Şəxsiyyətiniz sizin həm daxili, həm xaricinizlə birlikdə sahib olduqlarınızdı. Şəxsiyyətinizi qoruyun.

 
Gözəllik nələrəsə müdaxilə edib istədiyin formaya düşmək deyil. Gözəllik təbiilikdi. Bir aktyor oyununu bəyəndikdə dediyimiz ilk söz belə olur : "Necə təbii oynayır”. Rəsm əsərinin gözəlliyindən təsirlənəndə "necə gözəldir, təbiidir” deyirik. Təbii olaq ...
 

Flora Hüseynova

 
 
Qadinkimi.com