Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub.İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.
Çox gənc ikən ağlasığmaz qədər sevilib.
Onu hamı sevirdi.
Gənc, yaraşıqlı, istedadlı Müslümü hamı sevirdi.
Mən də ağlım kəsəndən onun vurğunu idim. Bu nə idi, hansı duyğuydu, bilmirəm. Çoxlarının həyatında olur bir aktyora, bir futbolçuya, bir yazıçıya,bir müğənniyə vurğunluq. Bu kiməsə vurulmaq, onu sevmək deyil sadəcə. Daha möhtəşəm bir duyğudu. O, gözlərimdə, qulaqlarımda, ürəyimdə, beynimdə olub həmişə. O, qurduğum xəyal dünyamda mənimlədi həmişə.
İndi də özümə sual verirəm: Niyə onunla görüşmədim? Niyə ona çox sevdiyimi demədim? Yəqin ona görə ki, onun üçün bunun adi olacağını düşündüm.
Ötən illərin 70-ci illərində bircə dəfə Bakıda konsertində oldum.Oxuya - oxuya sıraların arasında gəzirdi hərdən. Oturduğum sıranın yanında dayananda əlimdəki çiçəkləri ona vermək üçün ayağa durub qarşısına keçdim. Onun möcüzəli təbəssümü vardı. Bilmirəm əllərimin əsdiyini gördümü, amma əlimdən tutdu yavaşça.Gülümsədi...
Onu bircə dəfə yaxından gördüm, xatırlayanda indi də əllərim əsir.
O qədər böyük idi ki!..
İstedadın böyüklüyü heyrət doğurur. Böyüklüyün istedadı heyrətə salır. Konsertə gələrkən pərəstişkarları maşınla birlikdə çiyinlərinə qaldırmışdı Onu. Bu istənilən sənət adamının həsrət çəkdiyi zirvə idi əslində.
Olduğu zirvəni təsəvvür etmək belə çətindi.
Bu heç kimin qalxa bilmədiyi Müslüm zirvəsi idi.
Uşaqlığı kədərli olub. Atasını heç görməyən, anasından ayrı əmisinin və nənəsinin himayəsində böyüyən Müslümün ürəyindən keçənləri bilmədik. Nə atasızlıqdan, nə ana həsrətindən söz açmadı, ağlayıb sızlamadı. O şəxsi həyatından danışmağı sevməzdi. Qalxdığı zirvədən baxanda "ah uşaqlığım belə keçib” deyə ağlamaq, nədənsə giley etmək çox kiçik idi. Osa çox möhtəşəm idi.
Möhtəşəm olmaq üçün Özü kimiydi.
O səhnədə artıq hərəkət etmədi heç vaxt. Şahanə duruşuyla ürəklərə yol tapdı. Səhnə geyiminə də xəyanət etmədi.
O öz böyüklüyünə, öz istedadına, möhtəşəmliyinə - Özünə xəyanət etmədi. Edə bilmədi.
Səhnədən tez ayrıldı. Onun haqqında çəkilən filmlərdən birində belə bir fikir səslənib: "O məşhurluq naminə səhnədə oyunbazlığı qəbul edə bilmirdi”...Çünki Onun zirvəsindən bunlar qara nöqtələr kimi görünür.
O bu qara nöqtələrin yanında ola bilməzdi.
Çünki O dünyaşöhrətli Müslüm Maqomayev idi.
Avqustun 17- də dünyaya şöhrət gətirən Müslüm...
P. S. Onu indi də həyacansız xatırlamağı bacarmıram. Kövrəlirəm.Və sadəcə düşüncələrimi azca bölüşdüm...
Kamalə Abiyeva
qadinkimi.com