SEVGİ
Özümə məktub: Salam, gələ bilərəm? Tarix : 14 Sentyabr 2020, 02:47

Salam, gələ bilərəm?

Külək əsib, asta, cırıltılı səslə güclə açılan qapını üzümə necə çırpırsa diksinirəm. Qapının bu tərəfindəki mən o biri tərəfindəkinin nəfəsini eşitsəm belə bu qapının bir daha açılacağına inanmıram. Amma gözləyirəm. Addım səsləri qapıdan uzaqlaşır.

-Aç da niyə getdin?!

Səsimi özümdən başqa eşidən yoxdu, sanki bu boyda dünyada təkəm. Bu tənhalıq xofundan qorxub, o qapını itələyirəm. Qapı bağlıdı.

-Axı açarın səsi gəlmədi, kim bağladı bu qapını? Düz gəlmişəm, bilirəm! Bu qırxıncı qapıdı...

Sakitcə səkinin üstə oturmaq istəyirəm. Bu vaxt bu boyda şəhərdə mənə tərəf qaçan tək canlını, iti görüb, qamətimi düzəldirəm.

-Ay it!

İt dayanıb, ətrafa baxır bir də əlimdəki çantaya. Əlim çantaya girir. Ordan uşaqlığımın ətri gəlir. Çörəyin arasında anamın bişirdiyi kotletdən var. Təəccüblə ətrafa baxıram, ani olaraq neçə yaşım olduğunu düşünürəm. Gülməyim gəlir, həm də ağlamağım. Bu iki işi birdən görə bilməyəcəyimi düşünüb, kotleti itə sarı uzadıram.

-Gördüm, yenə yeməyini itə verib, məktəbdə nə gəldi alıb yeyəcəksən?

Səsə diksinirəm, geri baxıram.

-Ana?!

Səs evdən gəlsə də heç kim görünmürdü. İt iştahla yeməyini yeyir, mən isə reallıqla keçmişin tən ortasında gülüb ya ağlayacağımı bilmədən yenə qapını açmaq istəyirəm.

-Səs kimin səsi idi, açın qapını, kim idi o?!

Qapının ağzındaca sakitcə otururb, kimi isə gözləməyə başlayıram. İt yeməyini yeyib gedib. Nə yoldan ötən var, nə bir nəfəs, sanki surət dövründə deyiləm. Çarəsizlikdən ağlayıram. İçəridən isə mənə acıq verirmişlər kimi səslər gəlir.

Balaca qız şeir deyir:- Can nənə bir nağıl de...

Nə qədər tanış səsdi, ilahi...

Oğlan atası ilə ağıllı-ağıllı danışır.

Kişi səsi oğluna məsləhət verir.

Ana:- Yeganə, Sevinc süfrə hazırdı?..

Ayağa dururam, əlim qapıya sarı uzanır, qapı qəfildən açılır, içəri addım atmaq istəyəndə yuxudan ayılıram...

Çaydanı qaynamağa qoyub, bu məktub yazmağa başlayıram.

"Salam. Yadındadı? Nağıllardakı qırxıncı qapının sirrini tapdım! O qapı bizim tənha qalıb, özümüzə qayıdan günümüzdür... ”

Yeddi səhifəlik məktubu qatlayıb, onu kimə göndərəcəyimi bilmirəm. Zərfin üstünə nə yazacağımı xeyli düşünüb, "özümdən özümə məktublar” yazıram...

Çaydanın suyu tam quruduğundan, onu yenidən doldururam, oğlum yuxudan oyanacaq, səhər süfrəsini açıram. Sabahın xeyir, sözünü eşidən vaxt məktubu qoyacağım yerə əlim uzananda qapı doyülür...

 

 


 

 

 

Yeganə Kərimzadə.

 

qadinkimi.com