SEVGİ
Özümə məktub: Salam əzizim, bu mənəm Tarix : 24 Avqust 2020, 09:24

Salam əzizim, bu mənəm.

Sənə baxıram, üzümdə təbəssüm yaranır, "heç dəyişməmisən"- desələr də özün yaşının üstünə yaş gəldiyini bilirsən.

Son görüşdüyümüzdən çox vaxt keçib. Bilirəm, indi özünü sərbəst ifadə etməyə çox can atırsan. Son illər dəyişdiyini, sərbəstliyə meylini duyuram. Yazılarında, insanlar arasında fikrini qismən də olsa, ifadə etməyi öyrəndiyini sevinərək hamıya söylədiyini görürəm. Ürəyindəkiləri sevinclə insanlara olduğu kimi çatdırarkən heç bir sirrinin olmamasını da fərəhlə söyləyirsən. Sənin bu keyfiyyətini sadəlövhlük hesab edənlər var. Amma buna dəyər verənlər, rəğbət bəsləyənlər də az deyil.

Bəzən düşünürsən ki, zaman dayanıb. Adamların yalan söylədiklərini anlayanda, haqlı – haqsız, güclü insan prototipi müdafiə mexanizmini mənən məhv etdikdə və daha kədərlisi - dəyər verdiyin insanlar səni incitdikdə qəzəb, kin hissinə qapılma, onları bağışla, nifrət sənlik deyil. Həyatına qaldığın yerdən davam et. Bu vaxt özünü də sakitləşdirər, həyatındakı daha müsbət məsələlərə fikrini yönəldə bilərsən.

Bağışlamaq fiziki, emosional və mənəvi cəhətdən də sağlamlığa müsbət təsir edir. Səni incidən və ya qəlbinə toxunan hərəkətlər yaddaşına həkk oluna bilər, amma həmin insanlara qarşı səndə mərhəmət və anlayış da doğura bilər. Bağışlamaq o demək deyil ki, onların etdiyi hərəkəti doğru hesab edir və qəbul edirsən. Sadəcə bağışlamaq sənin mənəvi rahatlıq tapmağına kömək edər.

Bütün bunlarla yanaşı, bilirəm ki, kədərli üzlərdə sevinc, xəstələrə şəfa verən təbib, mələk üzlü xoş simalarda, işiğa həsrət gözlərdə nur olmaq istərdin, arzularını boğanlara, ümidsiz olanlara ALLAHdan dualarının yetməsini istərdin, sevdiyin insanların xoş niyyətli istəklərinin reallaşmasını, məğrur qadınların səsi - ünü olmaq istərdin, qəmdən, nisgildən sızlayan ürəklərə dərman olmaq, ruhun ağıla siğmayan tərəflərini çözmək, dostlarına həmdəm olmaq istərdin. Öhdəliklərini unudan, vicdanı susan insanların pislikləri unutmağını, sevməyi uşaqlardan öyrənməklərini istərdin. ruhu öldürənlərdən, sevinci oğurlayanlardan qorunmağını istərdin. Içində sevgi və işıq daşıyan, bölüşməyi bacaran insanların çox olmasını, varlıqları belə insanı həyata bağlayan, ləyaqətli, insanlığa yüksək dəyər verən, başqalarına təmənnasız qayğıyla, diqqətlə yanaşan insanların çox olmasını, sənin və sevdiklərinin ətrafında yalnız belələrinin olmasını istərdin.

Arzular bitmir. Mən səndən heç vaxt cavab ala bilməyəcəyimi bilirəm, amma bəlkə də elə ən yaxşısı budur. Sən keçmişdə, mənsə reallıqdayam.

Qarşıda nə olduğunu bilmək mümkünsüzdü, heç yaxşı da deyil. Bu gün məğrurcasına yaşayıramsa, demək ki, bunun üçün sənə borcluyam. Çətinliklər həmişə olub, var və olacaq. Bilirəm ki, ömrünü hədər verməmisən. Arzularının çoxu yerinə yetib, bir qisminin gerçəkləşməsi tək səndən asılı olmayıb. Hər şeyə görə sənə təşəkkür edirəm. Son 5 ayda ətrafında baş verənlərdən hamı kimi sən də həyəcan keçirirsən, həyat tək sənin yox, bütün insanların nəzərində boz və qeyri-sabit görünür, olanları bir o qədər dərk etməsən də, həmişə olduğu kimi yenə də həyatını tənzimləməyi bacaracağını bilirəm.

Bu çətin, keşməkeşli zamanda sağ qaldığın üçün səninlə qürur duyuram.

 

 


Yeganə İskəndərova

 

 

qadinkimi.com