YAZI / DÜŞÜNCƏ, KİŞİ KİMİ
Zülfü Ağayev Tarix : 12 Avqust 2021, 00:19

1977-ci ildə Astaranın Lələkəpeştə (Vaqo) kəndində fevralın 1-də anadan olub Zülfü Ağalı oğlu Ağayev. Böyüdükcə içindəki ağrı-acı da böyüyüb. "Niyə”lər rahatlıq verməyib. Tariximizə azacıq baxanda yurdumuzun başına gələnlər hər birimizi sarsıdır məncə. Zülfi Ağayevi də sarsıdıb. Ona görə də hərbiçi –vətən keşikçisi olmağa qərar verib.

Orta təhsilini və həqiqi hərbi xidmətini başa vurduqdan sonra imtahanları uğurla verərək Müdafiə Nazirliyinin "Gizir hazırlığı kursu”na qəbul olur. Tankçı ixtisasını seçir. Ailə üzvlərinin sözlərinə görə uşaqlıqdan tankist olmaq arzusunda olub.

 

 

 

 


Əliyev Orxan Məhərrəm oğlu 1990-cı ildə Astarada həyata gəlib. Tam orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağrılıb. Daxili işlər nazirliyinin daxili qoşunlarında xidmət edib. "Gizir kursu”nu bitirib. O da tankçıdır: Bakıda hərbi xidmətə başlasam da, xidmətə 2013- cü ildə Beyləqanda N saylı hərbi hissədə davam etmişəm. Zülfüylə orda tanış olmuşduq. Yerliydik deyə bir-birimizə "yerli” deyərdik. Ona sayğım, sevgim hədsizdi. Çox dürüst, sadiq insan idi. Nümunə insan idi. Çox vətənpərvər idi. Əsil məktəb idi-hərbi məktəb. Xidmət boyu, təlimlərdə bunu görürdüm. Aprel döyüşlərində iştirak etmişik. Onun təmkininin, peşəkarlığının bir daha şahidi oldum. Aprel döyüşlərində mən yaralandım, ehtiyata buraxıldım. Amma dostluğumuz davam edirdi.

Orxan Əliyev Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Astara rayon filialının sədridir. Öz işini vicdanla yerinə yetirən, ziyalı vətəndaş, hər an vətəni qorumağa hazır olan hərbiçidir.

 

 Open Photo

 

İlk hücuma keçənlərin sırasında qələbəyə yol açanlardan olub Zülfü Ağayev. Müharibənin ilk günlərində döyüşlər daha ağır idi. Düşmən hələ özünə inanırdı. İlk hücuma keçənlərimiz canları bahasına bu inama ağır zərbə vurdular, yaraladılar. Elə yaraladılar ki, sağalması mümkün olmadı. Zəfərə gedən yolda da şəhid oldu Zülfü Ağayev.

"Həmin günlərdə düşmən təxribatları ara vermirdi. Nə qədər dözmək olar ki? 27-də hücum əmri aldıq. İnanın, ağrı-acısını bilsək də sevinirdik. Ölüm bizi qorxutmurdu. Hər an, hər gün o böyük günü gözləyirdik. Ali Baş Komandanın əmrini gözləyirdik. 2011-ci ildən hərbidəyəm, gizir kimi xidmət edirəm. 2014 – cü ildən Zülfüylə birlikdə olmuşuq. Dost kimi dost, hərbiçi kimi hərbiçi idi. O məndən əvvəl hərbidə olub. Çox təcrübəliydi. Biz hərbiçi olmağı daha təcrübəli olanlardan öyrənirik. Döyüş maşın komandiri idi. BMP - 2 zirehli piyada döyüş maşınını o qədər mükəmməl idarə edirdi ki. Ən xırda nasazlığı belə hiss edirdi. Bildiklərini bütün əsgərlərinə öyrədirdi. O qədər savadlı idi ki, ondan, məhz Zülfü kimi hərbiçilərdən öyrənirdik. Çox məsuliyyətli, bacarıqlı vətən zabiti idi. Zülfü bizim idealımız olub. Dəfələrlə fəxri-fərmanlar alıb. İlk günlər ağıri idi. Düşmən hər yeri minalamışdı, istehkamlar qurmuşdu illər boyu. Zülfü də həmin gün şəhid oldu. 2014-cü ildən şəhid olana qədər birlikdə bir ömür yaşadıq. Önündə baş əyməli igid bir vətən əsgəri idi. Şəhidlik zirvəsinə ucalan bütün oğullrımızın ruhları şad olsun. Torpaqlarımızı azad etdik. Hərənin bir ömrü var. Bir dəfə yaşayıb, bir dəfə ölür yaxşı insan. O da kişi kimi, əsil hərbiçi kimi yaşadı. Şükürlər olsun ki, Ali Baş Komandanın, xalqın dəstəyi ilə qələbə qazandıq. -1987 – ci ildə Lənkəranda anadan olan maşın döyüş komandiri Azər Hüseyn oğlu Məmmədov hal-hazırda hərbi xidmətdədir.

Zülfü Kamalə xanımla hərbi xidmətdə olarkən tanış olub. Görən kimi ürəyinə yol tapıb və həyatını onunla bağlamaq istəyi yaranıb.

Kamalə xanımın xatirələri: Təsadüfən rastlaşmışdıq. Təsadüfü görüşümüz ciddi münasibətlərə apardı. 2008 - ci ildə də ailə qurduq. O vaxtdan da heç ayrılmadıq. Yoldaşım harda xidmət etdisə, yanında oldum. Cəlilabadın Göytəpə kəndində, Beləqanda, sonra Ağcabədidə yaşadıq... Sonra yenə Beyləqana 702 nömrəli hərbi hissəyə yolladılar. Nə deyim... Harda xidmət etdisə yanında oldum. Vətən müharibəsi başlayana qədər, şəhid olana qədər heç ayrılmadıq. Tankist idi. Vətəni, övladlarını canından çox sevirdi. Tankına da övladı kimi baxırdı. Bütöv adam idi. Çox xoşbəxt idik. Amma ilk gündən "mən hərbiçiyəm, hər bir hadisə ola bilər, bunu bilməlisən, hazır olmalısan. Mənim bir vətən borcum, vətəni qorumaq kimi vəzifəm var”. Mən heç tərəddüd etmədim. Nə qədər danışsam bitməz. 25-də axşam evdə idi. Müharibə haqda heç nə demədi. Hərbi işləri haqda danışmazdı. Sadəcə arada "hərbiçi olmağımı unutma” deyərdi. 26 – da səhərə yaxın getdi... Gecə bir də gəldi bir - neçə dəqiqəlik. "Bir-neçə gün gələ bilmərəm, zəng edə bilmərəm, narahat olma. Özündən, Orxandan muğayat ol – dedi. Getdi, maşına çatanda bir də dönüb geri baxdı... Sonuncu baxışı oldu...

 

 

 


Zülfü Ağayev "Füzulinin azad olunmsına görə” və "Vətən uğrunda” medalları ilə təltif olunub.

Orxan adlı oğlu böyüyür ərazi bütövlüyü uğruna şəhid olduğu vətəndə.

Hərbi xidmət zamanı peşəkarlığı, məsuliyyəti, işinə, vəzifəsinə vicdanlı münasibəti ilə kollektivinin, əsgərlərin sevgisini qazanıb. Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları və "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. Özü, sözü, şəxsiyyəti kimi xidməti də qüsursuz olub. Azərbaycan Silahlı Qüvvələrinin baş giziri Zülfü Ağayev 24 il qüsursuz xidmət edib vətənə.

 

Vətənə qüsursuz xidmət etməkdən uca nə ola bilər ki?!  bacarsaq...

 

 

 

 


 

Kamalə Abiyeva

 

 

qadinkimi.az