HÜQUQLARIMIZ
Üzr videosunun yayılması Hərbi Prokurorluğun qüsurunu göstərir Tarix : 16 Sentyabr 2022, 18:40



Bu məsələdə Hərbi Prokurorluğu

qüsurlu fəaliyyət-mövqeli sanıram. 


Azərbaycan ordusunun "Komando" bölüyündə xidmət edib, şəhid olmuş Əhmədov Səbuhinin qardaşı Sənanın əvvəlcə öz qardaşının həminki hərbi xidmətə rüşvətlə götürülməsi iddiası irəli sürməsi, sonra isə tezliklə buna təkzib verməsi müəyyən ictimai müzakirə, ajiotaja səbəb olub.


Açıq deyim ki, bu məsələnin həqiqiliyinə elə də əmin olmamışam. Çünki "Komando" ölkəmizdə yeni yaradılmış xüsusi nümunəvi və elitar hərbi silahlı qüvvədir. Bildiyimə görə qardaş Türkiyə zabitlərinin təlimi, seçimi və təlimatında, NATO hərbi sistemi üzərində qurulmuş və həm də Ali Baş Komandanın xüsusi nəzarətində olan qüvvədir. Bu xüsusi elitar qüvvələrə xüsusi idman, təhsil, təlim, mənəvi-vətənpərvər keyfiyyətlərə uyğun gənclər seçilir. Buraya rüşvətlə keçmək olarmı?


İkincisi, hüquqi tərəfdən yanaşanda qardaşı şəhid olmuş ağır, emosional durumdakı şəxsin birdən-birə bu cür ittihamı araşdırılmalı, fakta çevrilməlidir aidiyyəti hüquq-mühafizə orqanı tərəfindən ki, əsil həqiqəti, necə olduğunu bilək.


Bunu edəcək məsul hüquq-mühafizə orqanı, hərbi-ordu sferasında qanunsuzluqlara nəzarət funksiyası daşıyan orqan, cənab Xanlar Vəliyevin rəhbərlik etdiyi Hərbi Prokurorluqdur!  


Qanunla mətbuatda işıqlandırılmış bu aydın və açıq mənşəli və orduya yönəlmiş ciddi ittihamı Hərbi Prokurorluq dərhal icraata götürüb iddia faktı üzrə araşdırma başlamalı idi. Hətta iddianı irəli sürən şəxs qardaşının ölümündən hissiyata qapılmanı, ya nədənsə bunu yanlışmı, səhvimi etdiyini bildirsə belə, məsələ tam köklü araşdırılmalı idi. Bəlkə sabah da, qayıdıb deyər ki, emosiya ilə təkzib verdim, indi isə şikayətliyəm?


Hərbi Prokurorluq öz rəsmi araşdırma işini tam, prosessual qaydada, hər ehtimala görə davam etdirməli və Əhmədov Səbuhinin hərbiyə hansı qaydada qəbulunu araşdırmalı idi. Bu qəbul prosesini icra etmiş aidiyyəti Hərbi Səfərbərlik və MN kadrlar idarələrinin, əlaqəli əməkdaşlarının izahat, ya ifadələrini almalı, qəbul, sənədləşmə prosesininin sənədləri tam yoxlanılmalı idi. Yekunda, iddiaçının da ilkin və sonrakı izahatlarını tutuşdurmaqla müəyyən etməli idi ki, Əhmədov Səbuhinin hərbi xidmətə qəbulunda qanun pozuntusu olubmu, ya yox!


Bu məsələdə, qanuna uyğun əsaslı araşdırma aparmayıbsa, Hərbi Prokurorluğu qüsurlu mövqeli sanıram. Əgər araşdırma aparılırsa və araşdırma-icraat dövründə ittihamçının Müdafiə Nazirliyi binasının otağında tələsik təkzib videosu çəkilib yayılırsa, hətta orada çəkilməsə belə - bütün hallarda vəziyyət Hərbi Prokurorluğun nəzarətsizliyini göstərir. 


Bunlar hamısı ölkə məmur mühitinin təəssüf ki, bir sıra sahələrində mütəmadi rast gəlinir. Çoxu dövlət qulluq-xidmətini əsas qayda ilə yerinə yetirmək, başa çatdırmaq əvəzinə tələsik dövlət rəhbərliyinə və ya xalqa, cəmiyyətə "uğurlu raport" vermə 'azarındadır. 


Bunun da səbəbi var: Birincisi, öz dövlət vəzifəsinə, ölkə və dövlətçiliyə olan vecsizlik, başının başqa böyük şəxsi işlərə qarışması; İkincisi: belə "raportlarla" öz mənfiliklərini ört - basdır etmək. 


Nəticəsi də xalqa, dövlətə ziyan.


İlqar Altay - hüquqşünas

Qadinkimi.com