BURA / ORA, FEMİNİZM, QADIN / KİŞİ, GENDER
Zorakılıqla mübarizədə Türkiyə qadınları birləşdi - FOTO Tarix : 25 Noyabr 2019, 14:53
Yazar : Qadinkimi.com

Türkiyədə qadınlar zorakılığa qarşı ayağa qalxdı!


25 noyabr qadına qarşı şiddətlə beynəlxalq mübarizə günüdü. Bu səbəblə dünəndən başlayaraq İstanbul, Ankara, İzmir, Adana, Eskişehir, Antalya, Manisa, Çorum, Trabzon daxil olmaqla Türkiyənin müxtəlif şəhərlərində "Yaşamaq istəyirik” sloqanı ilə aksiyalar keçirilir.  

 






İstanbul


İstanbulda Kadıköy və Avcılarda toplanan qadınlar "İstanbul Konvensiyası tətbiq edilsin”, "Əsla tək deyilsən” və "6284 qadının zəmanəti” kimi yazılı plakatlarla aksiyaya qoşulub. Aksiya iştirakçılarına cinayət qurbanı olan qadınların ailələri də dəstək olub. Aksiya iştirakçılarının adından mətbuata açıqlama verən Dilbər Sünnətçioğlu da qadın-kişi arasındakı bərabərsizliyin şiddət doğurduğunu dilə gətirib: "Hər gün qadınlar həyatı haqqında qərar vermək və çalışmaq istəyinə görə, eyni zamanda qarşısındakına "yox” cavabı verdiyi və boşanmaq istədiyi üçün öldürülür. Bütün bunlar böyük mübarizələr tələb edir. Biz də qadınların öldürülməsi bitənə qədər mübarizəmizi davam etdirəcəyik. Əgər 6284 saylı Qadını Qoruma qanunu tətbiq edilsə, İstanbul Konvensiyasının şərtləri yerinə yetirilsə, qadın cinayətləri də bitər. Cinsiyyətçi siyasətlər durdurulmalıdı. Biz kiminsə malı və ya köləsi deyilik. Sadəcə olaraq azad, bərabər və hüzur içində yaşamaq istəyirik”.

 



 

 

İzmir


Bu gün Türkiyənin üçüncü böyük şəhəri İzmirdə də "Qadın cinayətlərini dayandıracayıq” sloqanı ilə aksiya nəzərdə tutulub. 

 


 



Antalya


Dünən Antalya Qadın cəmiyyətinin müraciəti ilə qadınlar Antalya Aydın Kanza parkında toplaşaraq yaşanmış qadın cinayətləri və təcavüzlərə etiraz əlaməti olaraq yürüş keçirib. 

 



Manisa


Manisada Manolya meydanında "Qadınlar yaşasın, uşaqlar gülsün deyə qadınlara üz tuturuq - Heç kimə söz verməyin” sloqanı ilə bu gün axşam saatlarında aksiya planlanır. 

 




Adana


Adana Çukurova Bələdiyyəsinin "Sevgili qadınlar gəlin, gecələri əl-ələ verib rəngləndirək! Üsyanımızı küçələrdə birlikdə bağıraq” kimi sloqanlarla gecə yürüşü keçirilib.




 




Çorum


Çorumda Qadın cəmiyyətinin təşkilatçılığı ilə Saat Qalasının önündə bu gün axşam saatlarında aksiya keçiriləcək.

 


 



Kipr


Kiprdə də Qadın cəmiyyəti qadın cinayətlərinə qarşı "Mən də burdayam” demək üçün etirazlara qoşulacağını bildirib. 


Qadın Cinayətlərinin Dayandırılması qurumunun verdiyi məlumata görə, 2019-cu ilin ilk 10 ayında Türkiyədə 390 qadın öldürülüb. Noyabr ayında öldürülən qadın sayı isə 36-dır. 36 cinayətdən 8-i şübhəli ölüm hesab edildiyi halda, 17-nin səbəbi hələ də məlum deyil. Qadınların 5-i iqtisadi bəhanələrlə, 6-sı boşanmaq istədiyi və barışmanı rədd etdiyi üçün öldürülüb. 

 





6284 saylı qanunda nə deyilir?

Bu qanun şiddətə (fiziki, cinsi, psixoloji və ya iqtisadi baxımdan zərər və ya əziyyət görmək) məruz qalan və ya məruz qalma təhlükəsi ilə qarşılaşan qadınların, uşaqların, ailə üzvlərinin və tək tərəfli israrlı təqib qurbanı olan şəxslərin qorunması, bu insanlara qarşı şiddətin qarşısının alınması məqsədi ilə alınacaq tədbirləri nəzərdə tutur. Qanun üç tərəfli sistemi əhatə edir: qarşısını alma, qoruma və cəzalandırma. 



Xumar Hüseynova, İzmir

Qadinkimi.com