Aslanın erkəyi-dişisi olmaz deyirlər. Tarixdə zaman-zaman şücaət göstərib azadlıq uğrunda mübarizə apararaq xalq sevgisi qazanan xanımlar az deyil. Bu yazıda nakam ömrünə dillərə dastan qəhrəmanlıq sığdırmış gənc xanımdan bəhs edəcəm.
Haqqında söz açacağım gənc xanım müxtəlif mənbələrdə gah Zeynəb, gah da Hökümə kimi göstərilən, lakin xalq arasında tarix elmləri doktoru, professor Zülfəli İbrahimovun yazdığına görə Firdovsinin "Şahnamə”sindəki Rüstəm Zalın şərəfinə Rüstəm Əli, sonradan isə qısaldılaraq Rüstəmə deyə çağırılan Güney Azərbaycanımızın döyüşkən, mübariz ruhlu gənc qəhrəman qızıdır. Əvvəlcə Rüstəməni yetişdirən tarixə dönüb onu ölkədəki hadisələrin mərkəz nöqtəsinə gətirən şərt və vəziyyəti təsvir və təhlil edək.
Bunun üçün Arazın o tayında Güney Azərbaycanımızın XIX əsrin birinci yarısına aid səhifələrini vərəqləməli olacağıq. Bu, həmin vaxtlar idi ki, bütün ölkə ərazisində siyasi vəziyyətdə gərginlik vardı. Ölkədə feodal zülmü xalqın canını boğazına yığmışdı. Belə vəziyyət, əlbəttə ki, uzun müddət səssiz izlənilə bilməzdi. Üstəlik də Qərbi Avropadan əcnəbilərin ölkəyə mal idxalı yerli tacirlərin müflisləşməsinə səbəb olurdu. "Azərbaycan tarixi” kitabına istinad edərək 30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Təbrizdə şah üsuli-idarəsini təşvişə salan həyəcanlı çıxışlar baş verdiyini, lakin bunların mövcud rejim tərəfindən əlüstü yatırıldığını öyrənirik. Bəs əslində ölkədə bu vəziyyəti yaradan hansı amillər idi? Ölkədə vəziyyət çətinləşirdi. Əhali rejimdən narazı idi.
1847-ci ildə Cənubi Azərbaycanın əksər şəhərlərində əhali ayağa qalxmağa başladı. Üsyanlar getdikcə daha çox ərazini ağzına alır, üsyançılara dəstək olan və onlara qoşulan insanların sayı artırdı. Bu üsyanlardan ən böyüyü, tarixdə iz salan çaxnaşma Zəncan şəhərində özünün kulminasiya nöqtəsinə çatdı. Dolanışığın çətin olması, məmur və yerli feodalların məzlum camaata divan tutması, hakimiyyət adamlarının özbaşınalığı səbəbilə sənətkarlar, xırda tacirlər, şəhər əhalisinin yoxsul təbəqəsi hakimə qarşı çıxmış və onu qovmağa müvəffəq olmuşdular. Bu hadisədən cəmi-cümlətanı bir il sonra Təbrizdə yenidən sənətkarların və yoxsulların nümayişləri baş qaldırdı.
Ölkədə vəziyyət heç də yaxşılığa doğru dəyişmirdi. 1848-1852-ci illər ərzində babilər hərəkatı yenidən canlandı, ona qoşulanların sayı günbəgün artırdı. Daha güclü, qorxmaz üsyançılar ordusu yetişirdi. İnsanları bu üsyana sövq edən o qədər siyasi və sosial amillər vardı ki… Aclıq, səfalət, hüquqsuzluq, zülüm. İnsanların gözü dönmüşdü. Şah ordusuna qarşı silahı olan silahla, olmayan yaba ilə, daşla vuruşurdu. İnsanlar o qədər bezmişdilər ki… Şah üsuli-idarəsi xalqın babilərə olan rəğbətindən təşvişə düşmüşdü. Amansızlıqla yatırılan 1850-ci il üsyanının nəticəsi idi ki, həmin müddət ərzində və ondan sonrakı dövrdə gələcəyin inqilabçıları yetişdi.
Tarixə daha dərindən nəzər yetirək: 1850-ci ildə Zəncanda babilər deyilən hərəkat geniş vüsət aldı. Həmin vaxtlar babilərin sayı on beş minə çatmışdı. Onların diqqət çəkən şüarlarından biri də qadınların kişilərlə eyni hüquqa malik olmalarının təmin edilməsi idi. Yaxın kəndlərin camaatı da babilər hərəkatına qoşulduğuna görə kifayət qədər böyük üsyançılar ordusu əmələ gəlmişdi. Güc toplamış babilər şəhər qalasını tutaraq şəhərin böyük bir hissəsinə nəzarəti əllərinə keçirdilər. Rejimə qarşı üsyanda babilərin arasında xeyli sayda xırda tacir və ruhanilər, onların ailə üzvləri də iştirak edirdi. Ətraf kəndlərin əhalisi onları pal-paltar, ərzaqla təmin etdiklərinə görə onlar möhkəm dirəniş göstərə bilirdilər.
Şah üsuli-idarəsi bu vəziyyətdən qalib çıxmaq üçün hər şeyə əl atmağa başladı. İyun ayının əvvəlində Zəncana göndərilən qoşunlar şəhəri mühasirəyə alsalar da üsyançıları məğlub edə bilmədilər, əksinə, son damla qanına qədər vuruşmağa hazır olan silahlı üsyançıların sərt müqaviməti ilə qarşılaşaraq itki verməməyə çalışaraq geri çəkildilər. Lakin həmin ilin dekabr ayında daha hazırlıqlı otuz minlik şah qoşunu və feodal dəstələri Zəncanı yenidən mühasirəyə aldı və dörd bir tərəfdən hücuma keçdilər. Bu döyüş üsyançılar üçün faciəvi sonluqla nəticələndi. Əksəriyyəti həlak oldu, başçıları Məhəmmədəli də ağır yara alaraq üç gündən sonra vəfat etdi. Üsyançı babilərdən vur-tut yüzə yaxın adam sağ qalmışdı və onlar beş gün vuruşduqdan sonra döyüşməyin mənasız olduğunu anlayıb, şəhərdən salamat çıxıb getmələrinə imkan vermək şərtilə könüllü olaraq mübarizəni dayandırmağa razılaşdılar. Razılığa gələn şah qoşunları onları salamat buraxacaqları barədə Qurana and içsələr də, andlarını pozdular, silahı yerə qoyub təslim olan üsyançıları öldürdülər. Bununla da Zəncan üsyanı yatırılmış hesab olundu.