YAZI / DÜŞÜNCƏ
Yeri olmayan tarixi bina Tarix : 02 İyun 2020, 03:43

Bakının gur yerlərindən birində xalq arasında "sürüşdürülən bina” kimi tanınan bir tarixi-memarlıq abidəsi var. Bəli, söhbət Füzuli küçəsində yerləşən məşhur binadan gedir. Bir neçə il əvvəl həmin bina öz əzəli yerindən bir neçə metr kənara doğru "itələnmişdir”. Hər gün o binanın önündən minlərlə insan keçir.

İndiki halda söhbət nə o binanın şərəfli tarixindən, nə təmirinin keyfiyyətindən, nə də bahalı bərpasından gedir. Söhbətin məğzi, mövzusu əslində çox "xırda” bir məsələ ilə bağlıdır. Bu "xırda” məsələnin kökündə, yumşaq şəkildə ifadə etməyə çalışsam, bizim doğma dilimizə laqeydlik, biganəlik, etinasızlıq dayanır.

Ortaya təbii olaraq belə bir sual çıxır: bina hara, dil məsələsi hara? Yaxşı sualdır. İş burasındadır ki, haqqında söhbət açılan binanın yaxasından bir lövhə asılıb və həmin lövhədə cəmi bir cümlədən ibarət olan çox əcaib-qəraib bir mətn yazılıb. Gəlin əvvəlcə həmin "mətnlə” tanış olaq:

"Azərbaycan Respublikasının Prezidenti
CƏNAB İLHAM ƏLİYEVİN
sərəncamı ilə 1908-ci ildə
Hacınski qardaşları tərəfindən
inşa olunmuş 18000 ton ağırlığında
tarixi-memarlıq abidəsi kimi
qeydiyyata alınmış yaşayış binası
Füzuli küçəsinin genişləndirilməsi
məqsədilə 23+27 aprel 2013-cü il
tarixdə 10.5 metr geriyə
sürüşdürülmüşdür”.

 

 

 

 Bu cür



Bu bir cümləlik məlumatın elə ilk söz və ifadələrini oxuyarkən, indiki "jurnalistlərin” və jurnalistikanın tez-tez istifadə etdiyi bir söz yada düşür: şok. Hələ şok bir yana, sanki adamı üstəlik "tok” da vurur. Necə yəni "Azərbaycan Respublikasının Prezidenti CƏNAB İLHAM ƏLİYEVİN sərəncamı ilə 1908-ci ildə Hacınski qardaşları tərəfindən inşa olunmuş” bina? Bu nə deməkdir? Bu hansı dilin "məhsuludur”? Hələ orasını demirik ki, "18000 ton ağırlığında tarixi memarlıq abidəsi kimi qeydiyyata alınmış” söz birləşməsinin "açmasını” kimin verəcəyi də sual altındadır.

 

 Əslində bu bir cümlənin "siqləti” haqqında çox şey yazmaq olar. Amma oxucuların qızıldan qiymətli vaxtını almaq istəmədiyim üçün, siyasətçilər demiş, birbaşa konstruktiv təklifə keçmək istəyirəm. İndi gəlin, təqdim edilən cümlənin quruluşunu bir az dəyişib "adam dilində” birlikdə "tərtib” edək.

Birinci variant:

1908-ci ildə Hacınski qardaşları tərəfindən
inşa olunmuş 18000 ton ağırlığında
tarixi-memarlıq abidəsi kimi
qeydiyyata alınmış yaşayış binası
Füzuli küçəsinin genişləndirilməsi
məqsədilə Azərbaycan Respublikasının Prezidenti
CƏNAB İLHAM ƏLİYEVİN
sərəncamı ilə 23+27 aprel 2013-cü il
tarixdə 10.5 metr geriyə
sürüşdürülmüşdür”.

Əgər hiss etdinizsə, bu cümlədə də "nəsə” bir "çatışmazlıq” var. Elə isə digər bir variantı təklif etmək olar:

"Hacınski qardaşları tərəfindən 1908-ci ildə inşa olunmuş 18000 ton ağırlığında tarixi-memarlıq abidəsi kimi qeydiyyata alınmış yaşayış binası Füzuli küçəsinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti CƏNAB İLHAM ƏLİYEVİN sərəncamı ilə 23+27 aprel 2013-cü il tarixdə 10.5 metr geriyə sürüşdürülmüşdür”.

Əlbəttə, yalnız "lövhədə” istifadə olunmuş leksemlərə istinadən yazılmış bu "mətn”də də çatışmazlıq var.

Amma "ehtiyatda” başqa variantlar da var. Allaha şükür, bizim zəngin dilimiz ən mürəkkəb fikri belə ifarə etməyə qadirdir.

Bu kiçik mətnin baş-ayaq qurulmuş strukturundan hiss olunur ki, "lövhəni” hazırlayan və ya hazırladan şanlı məmurlar bütün "intellektual” güclərini səfərbər edərək, nəyin bahasına olursa-olsun dövlət rəhbərinin adını cümlənin əvvəlində işlətməyə çalışıblar. Çalışıblar və çaşıblar. İstəkləri və istədikləri alınmayıb. Halbuki onların ürəklərindən keçən fikri ifadə edə biləcək kifayət qədər "variantlar” tapmaq olardı. Sadəcə, bunun üçün bir az baş işlətmək lazım idi. İndi mən həmin variantlardan birini sizə təqdim edirəm. Və rica edirəm ki, Allah xatirinə, o lövhədəki mətni tezliklə dəyişin. Belə bir "lövhəni” şəhərin düz ortasındakı gözəl bir binanın yaxasından asmaq həm onu inşa edənlərin, həm onun bərpasını və yerinin dəyişdirilməsini təşkil edənlərin adına təhqirdir. Hələ Füzulini demirəm. Axı həmin bina dilimizdəki hər sözün üstündə ürəyi nanə yarpağı kimi əsən dahi şairin adını daşıyan küçədə yerləşir.

Hə, indi isə elə bu "yazını” mərmər lövhənin üstündə həkk etdirmiş məmurların da arzu və istəyini təmin edə biləcək alternativ mətni təqdim edirəm:


"Azərbaycan Respublikasının Prezidenti

CƏNAB İLHAM ƏLİYEVİN

sərəncamı ilə 23-27 aprel 2013-cü il tarixdə Füzuli küçəsinin genişləndirilməsi məqsədilə 10.5 metr geriyə sürüşdürülmüş, 18000 ton ağırlığında tarixi-memarlıq abidəsi kimi qeydiyyata alınmış yaşayış binası Hacınski qardaşları tərəfindən 1908-ci ildə inşa olunmuşdur”.

Vəssalam. Cümlədəki "18000 ton ağırlığında” ifadəsini dəyişib "ümumi çəkisi 18000 ton olan” şəklində vermək daha münasib olardı...

Əlbəttə, bu kiçik lövhənin arxasında böyük istehlakçı məqsədi və merkantel maraq, sadə şəkildə desək "çörək ağacı” aşıq-aşkar görünür. Amma, ancaq, lakin və fəqət... Bu cür məsuliyyətsiz, savadsız, başdansovdu "yazının” bir adı var: BİABIRÇILIQ...

Öz şəxsi maraqlarınız naminə dilimizi korlamayın, cənablar. "Dilbilən” olmaq hələ "dili bilən” olmaq deyil. Çalışın yanınızda dili bilənlər olsun.


 

 

 

 

Firuz Mustafa


 

qadinkimi.com