Diasporla İş üzrə Dövlət Komitəsi: "Xaricdə yaşayan azərbaycanlılara imtiyazlar verilə bilər"
Xaricdə yaşayan Azərbaycan mənşəli şəxslər üçün müxtəlif imtiyazlar vəd edən qanun layihəsi hazırlanır.
Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" qanun layihəsində "soydaş" anlayışı müəyyən edilib.
Komitənin rəsmisi Şahin Camalov BBC News Azərbaycancaya bildirib ki, bu qanun layihəsi xaricdə yaşayan və özünü azərbaycanlı sayan hər kəsə şamil olunacaq: "Valideynləri Azərbaycandan olan, Azərbaycan SSR-in və indiki respublikanın vətəndaşı olmuş, amma indi xarici ölkə vətəndaşı olanlara "soydaş vəsiqəsi" veriləcək".
Onun sözlərinə görə, dünya təcrübəsindən yararlanaraq, Azərbaycan da özünü azərbaycanlı sayanlara müxtəlif imtiyazlar verməyi düşünür: "Məsələn, soydaş vəsiqəsi olanlar və onların ailə üzvləri 90 gün ərzində Azərbaycana vizasız gəlib qala biləcəklər. Amma imtiyaz təkcə bununla bitməyəcək.
Onlar Azərbaycanın orta ixtisas ve ali təhsil məktəblərində dövlət hesabına təhsil ala biləcəklər, o cümlədən, vergi sistemində, ölkəyə investisiya qoyan zaman onlar xarici vətəndaşlarla bir tutulmayacaqlar. Bir üstünlük də odur ki, soydaş vəsiqəsi daşıyan xaricdəki azərbaycanlılar Azərbaycanda işləmək arzusuna düşsələr, o zaman onlar əmək miqrantı icazəsinə ehtiyac duymayacaqlar, yəni belə bir icazəni almaqdan azad ediləcəklər".
Şahin Camalov qanun layihəsi üzərində işin artıq yekunlaşdığını və onun yaxın vaxtlarda parlamentə göndəriləcəyini bildirib.
Mənbə: bbc.com
Qadinkimi.com