KİŞİ KİMİ
Yekə-yekə kişilər, arvadlar müğənni tumanı müzakirə edirlər - Murad Arif (müsahibə) Tarix : 26 Sentyabr 2018, 09:28
Yazar : Qadinkimi.com

QADINKİMİ.COM APARICI, BƏSTƏÇİ, POP İFAÇISI MURAD ARİFLƏ MÜSAHİBƏNİ TƏQDİM EDİR :

                MURAD ARİF: Yekə-yekə kişilər, arvadlar  müğənni tumanı müzakirə edirlər


Sizi fəal, cəmiyyətin problemlərinə laqeyd ola bilməyən sənətçi kimi tanıyırıq. Bu aktivliyinizi nəyə bağlayırsız?                                                                   
 
Mən bu cəmiyyətdə, bu ölkədə 2 uşaq böyüdürəm.  Biganə qala bilmərəm. Görünür, həssaslığım daha çox, siyasətim isə azdır. Çünki bizdə belədir ki, bir qurum, bir idarə, bir nazirlik və ya icra orqanının problemlərindən danışarkən, özünə düşmən qazanırsan. Bu şeyləri düşünməyə siyasətim çatmır. Amma peşman deyiləm... Deyilməyən hər iradın ağrısı daha böyük olar. 

Sizi nələr daha çox narahat edir? 

 
Bir pop sənətçi olaraq mən cəmiyyəti sosial şəbəkələrdən çözə bilirəm. Hər gün, yüzlərlə bizə yazan, bizdən yazan və bizi müzakirə edənlərlə rastlaşıram. Bu kütləni ümumi dəyərləndirsəm, məhz "bekarçılıq" kəlməsi ağlıma gəlir. Cəmiyyətimizdə insanlar reallaşsa, aqressiya da azalar, mənasız şərhlər də... Məsələn, araşdırmışam ki, Qərbdə "heyterlər" (nifrət dolu şərhlər yazan istifadəçilər) əsasən yeniyetmələrdir. Bizdə isə yekə-yekə kişilər və arvadlar instaqramda oturub müğənni tumanını müzakirə edirlər... Bu bekarçılıqdan, cəmiyyətin reallaşa bilməməsindən xəbər verir. Adamlar ya arzulamağı bacarmır, ya arzusu üçün əziyyət çəkməyə tənbəllik edir, ya da arzusunu həyata keçirtmək üçün iş tapa bilmir. Sonucda total bekarçılıq cəmiyyəti həm kütləşdirir, həm də aqressivləşdirir. Belə cəmiyyətlər dini radikalizmə də, xürafata da, cəhalətə də daha tez "yoluxur". Bax, bu bekarçılıqdır məni narahat edən. 

Dünya musiqisini yaxşı bilirsiz. Musiqi tarixində sizi duyğulandıran hadisə, hansısa musiqiçinin həyat hekayəsi varmı? 

 
Bir meloman üçün çox çətin sualdır. Dalida, Edit Piaf, Michael Jackson, Whitney... taleləri çox kədərlidir zənnimcə... Ümumiyyətlə belə bir qayda var ki, sənətdə lider olmaq üçün şəxsi həyatı da qurban verməlisən. Tarixdə iz qoyan sənətçilərin  çoxunun şəxsi həyatı darmadağın olub. Bu, çox kədərli gerçəkdir. Böyük sənət yolunda tez-tez məhrumiyyətlər, yalnızlıq, narkotiklər, alkoqol, intiharın izləri olur. 
 


Azərbaycanda feministlərin, genderçilərin kifayət qədər aktiv olduğunu düşünürsüzmü və ümumiyyətlə bu aktivliyə gərək duyursuzmu? 

 
Facebookda bir statusuma görə çox tənqid olunmuşdum. Yazmışdım ki, Azərbaycan qadını kişisinə nisbətən daha fədakar, mərd, ürəkli və zəhmətkeşdir. Qadınlarımız nisbətən daha keyfiyyətlidir. Analarımızın çəkdiyi əziyyətə, hər ata dözməz. Sorğu etsəniz, bu cümləmin təsdiqini 10 aildən 7-sində tapa bilərsiniz. Buna görə də  istər dövlət səviyyəsində, istərsə  lokal məsələlərdə Azərbaycan qadınının aktivliyini alqışlayıram.

Övladlarınıza hansı dəyərləri aşılayırsız? Onlarla necə münasibət qurursuz və necə bir fərd kimi yetişmələrini istəyirsiz? 

 
Oğlum hiperaktiv və şuluqdur. Görünür, ilk övlad olduğundan əzizləmə dozası artıq olub (gülür). Hərdən düşünürəm ki, Mikayıl ilə dost olmalıyam. Lakin sonra anlayıram ki, hələ tezdir.  Evdə valideyn avtoritetini hiss etməyəndə oğlum şuluqluq edir. Buna görə də oğlumla hərdən sərt olmağa məcburam. Qızım Ayla isə ipək kimidir, mülayimdir, sözə baxır. Onu heç vaxt tənbeh etməmişəm, ehtiyac olmayıb. Bir sözlə, övladlarımla bir yerdə, mən də böyüyürəm. Yaxşı valideyn ola bilmək ən böyük arzum və ən zəif yerimdir... 
 
 
 
 "Qızım" adlı sosial layihə hazırladız. Qız uşaqlarına qarşı ayrı-seçkiliyə qarşı çıxdız və digərlərini də cəlb etdiz.  İdeya necə yarandı? Səbəb nə idi? 

 
Liderdə "Status" aparırdım. Verilişin mövzusu "Selektiv abortlar" idi... Qonaqların söylədikləri statistika, müzakirəyə çıxartdığı bölgələrdən xəbərlər həqiqətən də təsiredici oldu. Təsadüfdən eyni ərəfədə mahnı da çıxmışdı. Anladım ki, bu ideyanı videoda işləməliyəm. İctimai insan olub cəmiyyətdəki əyrilərə etinasız qalan adamlardan hər zaman acığım gəlib. Bu məsuliyyət hissi, zamanla autizm sindromlu uşaqlar üçün "Fərqliyəm" adlı layihədə də mənə dəstək oldu... Güman edirəm ki, ardı var.
 

 
Qadınlara qarşı ayrı-seçkiliyin ən gözəgirən nümunəsi və ya nümunələri nədi? 

Atalar sözlərinə fikir verin, "7 oğul istərəm, bircə dənə qız gəlin", "Qızını döyməyən dizini döyər"... Bunun nəticəsində bir zamanlar qız uşaqlarının düşürülməsi deyilən adət yayılmışdı.  İndi ölkədə qız və oğlan sayının nisbəti də bundan xəbər verir. Ölkədə rəhbər vəzifələrdə çalışan xanımların və bəylərin say fərqini də araşdırsaq, eyni nəticə alınar. 

Bir dəfə demişdiz ki, imkansız ailədə böyümüsüz və hər şeyi köməksiz, özünüz əldə etmisiz. Həyat hekayənizi qısaca danışa bilərsizmi? 

 
Sadəcə musiqi və mediya xəstəsi olan bir uşaq idim. Öz üzərimdə, arzularımın üzərində çox işlədim və istədiyim çox şeyə nail ola bildim. Mənimlə Sumqayıtda böyüyən bir çox uşaq həyatın hər üzünü görürdü. O mühitdə sənin seçimin elə də çox deyil. Amma bu məqamda ailə tərbiyəsi, zəhmətsevərlik və arzularıma sədaqətim məni müəyyən dərəcəyə çatdırdı. Çox istərdim ki, övladlarım həm arzulamağı, həm də arzu uğrunda zəhmət çəkməyi bacarsın. 
 
 
Uşaqlığınızla bağlı ən kədərli və ən sevincli hansı hadisə yadınızda qalıb? 

 
Xalamgil Ağdamda, babamdan yadigar qalmış 3 mərtəbəli mülkdə, ən lüks şəraitdə yaşayırdı. Xalam və nənəm tibb işçiləri idi. Ağdamda Afət həkimin hörməti, sayğısı vardı... Heç vaxt, ərzaq, geyim, texniki avadanlıq problemi yaşamayan bir ailə, günlərin bir günü canlarını xilas edərək, hər şeyini Ağdamda qoyub, Sumqayıta, "obşejitel"ə köç etməli oldu. Bu dramı, xalamgilin qayğılarını, çabalarını detallı təsvir etmək çətindir. Sevincli hadisə isə 3 manata aldığım audio kasetlər idi. Evdə maqnitofon olmasa da, qohumdan, tanışdan bir günlük alıb sevdiyim kasetləri oxudurdum. Beatles, Aerosmith, Sting, Candan Erçetin, Mirkelam, Deep Forrest, Linda, Meladze... Bilirsiniz, indi o nəğmələrdən hansını eşitsəm, dərhal o günlərə qayıdıram. 
 
 
Sevdiyiniz yaradıcı şəxslər kimlərdi? 

 
İdolum Pol Makkartnidir. Ümumiyyətlə Beatles musiqisi mənim üçün çox mühümdür. İndi təqib etdiyim onlarla isim var. Amma şübhəsiz ki, ən çox sevdiklərim əsasən həyatda olmayan, 20-ci əsrin əfsanələridir. 

Bir mahnınız  Aygün Səmədzadənin mahnılarını xatırladır. Elza İbrahimovanın da təsiri duyulur deyənlər var. "Sənə ehtiyacım var" mahnısı haqda danışırıq. Bu bəstəkarların həqiqətən sizə təsiri var, yoxsa təsadüfdü? 

 
Hər dinlədiyim, sevdiyim motiv hökmən təsir edir, müəyyən izlər qoyur.  Bunu mən özüm də hiss edirəm və belə paralellərdən əsla çəkinmirəm. Diqqətlə qulaq asın, o mahnıda Kayahan mehi də əsir. Nəticədə, milyonların sevdiyi, az qala hər kəsin oxuduğu nəğmə yaranıb. Fəxr edirəm o işimlə. 

Kimin mahnınızı oxumasını istərdiz? 
 

Azərbaycanda çox sevdiyim ifaçılar var ki, hətta istəklərinə rəğmən, onlara mahnı yazıb göndərə bilmədim. Ya yazılmadı, ya yazıldı ünvana çatmadı, beləcə ertələdik. Flora Kərimova, Nisə Qasımova, Brilliant Dadaşova, Eyyub Yaqubovun ifa etdiyi onlarla nəğməni sevirəm. Hətta ölümündən 3-4 gün öncə İlhamə xanım israrla mahnısını tələb edirdi. Təəsüf ki, yaza bilmədim. Bu prosesdə rasional, praktik ola bilmirəm. Sırf kimisə düşünərək mahnı yazmaq alınmır. Görünür "mənim olan və mənim olmayan" səslər var.

"Həyat yoldaşım" mahnısı necə yarandı? 

 
İfaçılığa başlamağı düşünürdüm. Sadəcə çəki problemi məni çəkindirirdi. Həkim Leyla Zülfüqarova ilə arıqlama rejiminə başladıq. Çox çətin dönəm oldu. Bu prosesdə və hər zaman yanımda olan həyat yoldaşım aktiv iştirak edirdi. Bir az onun qayğısı, bizim hisslərimiz o nəğməni yaratdı. Çoxu deyir ki, toylar üçün yazılıb. Amma mənimçün həmin nəğmə  o qədər şəxsi, o qədər özəldir ki, başqa ifaçıya təqdim edə bilməzdim. Özüm oxudum və ifaçı kimi səhnəyə gəldim. 
 
Sevgi hekayənizi danışa bilərsiz? Necə başladı, necə davam edir? 

 
2007-ci ildə internet forumların birində tanış oldum. Müxtəlif mövzuların müzakirəsində fikirlərimiz üst-üstə düşürdü.  Üzümüzü görmədən, adımızı bilmədən ünsiyyətə başladıq, 1 il yazışdıq. O, valideynlərilə İsveçdə yaşayırdı, mən Bakıda... 4 il davam edən və daha çox virtual yazışmalardan, zənglərdən ibarət olan münasibətimiz 2011- də gözəl bir toyla nəticələndi. Bakıya gəlin köçdü və artıq 7 ildir gözümün qabağında, övladlarıma analıq, ürəyimə hakimlik edir. 
 

Televiziya təcrübəniz də var. Aparıcısız. Televiziyalar tənqid edilir tez-tez. Özünüz də tənqid etmisiz. Sizcə, nə çatmır, nəyi və necə dəyişmək olar? 
 

Ən böyük problem, maddi problemdir. Kanalın bazası olmalıdır ki, kanal rəhbəri müğənninin cibinə baxmasın, sponsorun nazıyla oynamasın, reytinqdən asılı qalmasın, peşəkar işçini dolandıra bilsin. Mən anlyıram ki, sivil dünyada bütün media reytinq üzərində qurulur. Görünür ki, bizim cəmiyyət hələ buna hazır deyil. Baxın, kütləvi zövqlə oturub-duran verilişlər, həm əxlaq, həm də zövq korlayır. Məncə, kanal sayını azaldıb, keyfiyyətə yatırım etmək lazımdır. Bərbad efir verən kanallara bir əncam çəkilməlidir artıq. Çünki bu sektor Azərbaycanın imicini geri salır, ölkənin adını batırır. İslahatlar, kadr dəyişiklikləri qaçılmazdır. 

Azərbaycan popçusunun ən böyük problemi nədi? Sizə nə mane olur? 

Ən böyük problem radiolarımızda milli popun yayımlanma sayı və peşəkar klip kanallarının olmamasıdır. Radiolardakı musiqi redaktorlarında daha böyük patriotizm görmək istərdim. Sergeylər, Handələr, Hadisələr, Potap və Dimalar bizimkilərdən artıq hesab olunmasın. Xalqımız da eynilə  Kamran Ağabalayevi tanımayıb, hansısa türk artistini göylərə qaldırmasın. Öz qədrimizi bilək, özümüzünkülərə həvəs verək. Murad Arifin hitini 3 radiomuzda gündə 1 dəfə, Veraları, Svetlanaları hər yerdə, hər saat səsləndirməyək. Azərbaycan popçusunun ən böyük problemi budur. 
 


"Oppalar" çox yeri gəzdi, oppalara getdi. Necə baş verdi bu? 
 

Bir il studiyada saxladığım bir layihə idi. Hiss edirdim ki, mayın sonları klipiylə birgə təqdim etsəm, tutacaq. Yanılmadım. Sonra Ziynet Sali də məndən hüquqlarını, icazəsini alıb oxudu. 

Mahnılarınızın harda səslənməsini arzulayırsız? 

 
Ölkədən kənarda səslənərkən bir başqa hislər keçirirəm. 2012-ci ildə Nil Karaibrahimgil ilk dəfə başqa bir bəstəkarın mahnısını oxuyub alboma salmışdı. Tvitterdə də bunu qeyd etdi. Söhbət mənim yazdığım "AY QIZ OYAN" mahnısından gedirdi. Həmin məqamda mənə elə gəldi ki, Türkiyədəki bütün Nil fanatlarına Azərbaycanı bir az daha yaxınlaşdırmışam. İnanılmaz duyğudur. 

Necə ədəbiyyat oxumağı sevirsiz? 

 
Yalnız bədii, əsasən də əcnəbi müəllifləri... Fantastik, utopik, sürrealistik, mistik nə varsa, maraq dairəmdədir. Bredberi, Oruel, Bulqakov və s. 

Popla bağlı deyirsiz ki, xariciləri bizdən çox səsləndirirlər. Özünüz isə yerli ədəbiyyatı yox, xarici ədəbiyyatı oxuduğunuzu deyirsiz. Təzad yaranmır?
 

Təzad var, bilirəm. Yerli ədəbiyyatı oxumadığımı demədim. Oxuyuram. Radionun siyasəti ilə bir fərdin zövq üstünlüyü arasında fərq var. Hindistan mantralarını dinləməyi sevirəm. Amma mənim ölkəmdə radiolar yerli musiqiyə önəm verməlidilər ki, ölkənin musiqi sektorunda rəqabət və dirçəliş baş versin. Suala bilavasitə gəlincə, mən milli ədəbiyyatı orta və ali məktəb dönəmində çox oxudum. Hal - hazırda oxumadığım onlarla dünya şedevri məni gözləyir. Bir az  ləng oxuyuram. Bir aydır balaca bir kitab var "Tsveti dla Eljerona".... oxuyub qurtara bilmirəm...Kitab mövzusu ümumiyyətlə çətin mövzudur. Adam var 1 günə 1 kitab bitirir. Onlardan soruşmaq olardı yerli ədəbiyyat haqda. Mənim kimi ləng oxucu üçün Markeslə Seymur Baycanı eyni vaxtda oxumaq çox çətindir. Onsuz da hıqqana - hıqqana oxuyuram. Klassikadan, trendlərdən xəbərim olsun deyirəm. Bunun vətənpərvərliklə əlaqəsi yoxdur. Amma ədəbiyyat radiosu açsam, milli ədəbiyyata önəm verəcəm.
 
Ədəbiyyat radiosu maraqlı ideyadı. Bəs, mahnılarınıza sözləri necə seçirsiz və ya necə yazırsız? 

 
Mövzu və bir neçə açar kəlmə ilə melodiya yaranır.  Sonra da mövzuya uyğun mətn yazıram. 

Oğlanlarımızı feminist yetişdirmək üçün nə etməliyik? 

 
Maraqlı sualdır. Ata qadınına hərdən çiçək alırsa, qadınına olan sevgisini övladları görürsə, o aildəki oğullar da belə münasibəti yaşadacaq. İnsanlar qohumluqla və ya zorən evlənməsə, sevgilərinə dəyər versələr, sevgiylə ailə qursalar, cəmiyyət də sağalacaq. 
 


İnsanın nəyə ehtiyacı var, insan cəmiyyətində nə çatmır? 

 
Planetin su və qida ehtiyatları məhdudlaşarkən güclü dövlətlər hərbi və kosmik sənayeyə böyük maliyyə ayırır.  Qida tullantıları Afrikadakı qida ehtiyaclarını üstələyir. Planetimiz sanki şər qüvvənin əlində uçuruma yuvarlanır. Çox sevdiyim Con Lennon bunu gözəl ifadə edib: "Imagine all the people sharing all the world" - Təsəvvür et ki, bütün insanlar yer kürəsini paylaşa bilir. İnsanlığın paylaşmaq qabiliyyəti yoxdur. Şəfqət çatışmır.
 
 
Hazırladı: Günel Dəniz