Yaşamaq ümidli bir işdir, sevgilim... Tarix : 14 Fevral 2019, 16:55
Yazar : Aysel Əlizadə

 


Cütləşmək və qovuşmaq kimi bir-birindən fərqli anlamlar sevginin varlığını, yoxluğunu göstərir. Bütün canlılar cütləşir, yalnız insan qovuşur. Hansı böyük şair, yazıçı sevgini çardağa atıb? Dünya poeziyasının ulu babası–Adəmi Homer sevginin bir şəhəri yıxacaq qədər böyük, qüdrətli hiss olduğunu yazdı. Bir yol açdı şeirə, sevgiyə… Bu yolun hara uzandığını heç birimiz bilmirik hələ də…

Bir qadın sevə bilməyən kişi, bir kişi sevə bilməyən qadın nə adlanır? Gəlib o yerə çıxmışıq ki, şairlər sevgidən, sevgi də şairlərdən utanır. Leyli ilə Məcnun dünyada Nizamidən çox tanınır. Nizaminin vətənindəsə, sevginin olmadığından danışılır, yazıb pozanlar sevgidən yazmadıqlarıyla lovğalanır. Gorun çatlasın, Nəsimi! Sən insanı böyük, sevgini ali sayırdın. İnsan sevə bilmir daha, Nəsimi. Gör insan nə gündədir. Gəl gör, o, haralara yuvarlanıb.

Yenə də Nazim Hikmət kimi siyasi ideolojisi olan şairin həbsxanaya yanına gəlmiş qadınına yazdığı gözəl şeirlər var…"Xoş gəldin qadınım… məmləkətim kimi əsir və yoxsuldur otağım…"

Yaşamaq ümidli bir işdir, sevgilim.

Yaşamaq

səni sevmək kimi ciddi bir işdir.

Bunu ancaq içi çox böyük olan bir kişi, bir şair yaza bilərdi… Çox sevgili biri…

Sevgi şüur hadisəsi deyilsə, refleksdir, instinktdir. Sevgi ağılla, şüurla, dərklə, dərketməylə bağlı anlayışdır. Və sağlam beyinlərdə bu hadisə baş verir. Bu yaxınlarda bir cavan oğlanın - gənc ədiblərdən birinin sevgi şeirləri yazmadığını və oxumadığını ədəbaz-ədəbaz dediyini eşitdim. Bu uşağı həmən yaxalamağa macal tapmadım. Anidən yoxa çıxdı. Ona deyəcəkdim ki, oğlum, başın çıxmayan mövzulara elə girişməsən yaxşıdır. Onsuz da bütün ölkə bilmədiyi işlərlə məşğuldu. Sevgi sən bildiyin şey deyil. Azərbaycanda yazan pozan adamlar ağızlarına gələndən yazıb özlərini ciddi işlə məşğul adam kimi aparırlar. Sən ol onlardan biri. Sevgidən yazma. Bu ağılla sevgidən nə yazacan? Bir tərəfdən də qınamıram. Sevgi cənnət hissidir. Cəhənnəmdə nə sevgi? 

 


Elə düşünməyin ki, ətrafda bu qədər predmeti, dünyada bu qədər olayı qırağa qoyub bütün günü sevgilinizin hüsni- camalından yazmağınızın tərəfindəyəm. Yox əşşi... Amma yaşadığınız evin önündəki çinarın gözəlliyini görə biləcək, sabah günəşinin qəlbinizə necə yaxın və məlhəm olduğunu anlayacaq, yediyiniz çörəyin dadını duyacaq, doğmalarınızın istisində ovunacaq - sevəcək qədər qəlbiniz yoxdursa, heç olmasa susun...Qaldı zamana, bəli, əsr başqa, dövr başqadır. Bunun da öz sevgisi var. Hünər istəyir yazmağa, hünər. Ama hardan? Hamı Nizami olmur...

Höte, sən ki, yan-yörəndəki şairi, filosofu, mifi qoyub böyük Nizamiyə şeir yazmısan, halal olsun qələminə. Söz verirəm, həmişə sənin şeirlərini oxuyacam. Höte yazır: "Kitabların ən maraqlısı məhəbbət kitabıdır. Dünyada məhəbbəti sənin kimi gözəl yazan olmadı, ey böyük şair”.

 

Sevgi niyəsizdirsə o nəsə başqa bir hissdir - bağlılıq, öyrəncə, nə bilim, sevgidən başqa hər şey. İnsan sevirsə, onun mütləq bu niyəyə bir cavabı var. Və ümumi götürsək, hər kəs üçün " o ” hamıdan başqadır. Hərənin bir "o”su var.

"O”su olmayan adamlara ürəyim ağrıyır. Özüm də bu "o”suzluğa düşəndə darıxıram. Mütləq sevgilim olmalıdı, mütləq. Sevgi Tanrı kimi həmişə başı üstündədirsə insanın, insan nə xoşbəxtdir. Tanrı və sevgi bir-birinə o qədər oxşar və qohum anlayışlardır ki, şəxsən mən onları ayırd edə bilmirəm. Mənim Tanrım sevgidir...Sevgidən qıraqdakı allahın yanında yoxam. Qəzəbli, cəzalandıran, hesab soran o yaşlı, qaşqabaqlı qoca olan yerdə kafirik biz. 

Tanrıçılıq çox qədimdir. Teistlər tanrıya inananlardır. Tanrı deyəndə nəyi gözünün qarşısına gətirdiyini bilməyən, qəlbində yaranan hissin nə olduğunu anlamayan teistin inancına açıq deyiləm. Tanrı konkret canlanma yaratmırsa təsəvvürdə ona bağın yoxdur əslində. Bir əfsanədə yazılmışdı ki, Tanrı yaşadığımız materiyanın - havanın, suyun, torpağın tərkibindədir. Bu eynən şərbətin şirin olduğunu yalnız içdiyimiz zaman anlamağımıza bənzəyir. Tanrı gözlə görünməz. Belə çıxır o, dad anlayışıdır. Tanrını dadmalıdır insan. Tanrı duyğuyla bağlı anlamdır. İnsan içdiyi şərbətin dadını yalnız duymur, bu duyğu onun beyninə siqnal ötürür. İnsan onun şirin olduğunu həm də anlayır. Deməli, Tanrıyla insan arasında instinktiv bağlılıq ola bilməz. Onlar mütləq bir-birini dərk etməlidir. O zaman əzbər sözlərlə dualar edən adam nə işlə məşğuldu?! Tanrıçılıq insan instinktinin ağıla keçid mərhələsində yaranıb. Min illərdir insan eyni yerdə ayaq döyür. Tanrı ağıl hadisəsi ola bilmir.

Deməli, o hələ sevgiyə çevrilməyib. 

 


Dostum danışır ki, Almaniyada kilsəyə getmişdim, orda gözəl bir qadınla tanış oldum. Azərbaycanda məscidə getmişdim, Almaniyadan aldığım ayaqqabılarımı oğurladılar. Bu da sizə sevgi... Sevgi olmayan yerdə Allah nə gəzir?!

Azərbaycanda qadınla kişi bir-birinə düşmən olub həmişə. Və yaş keçdikcə bizə elə gəlir ki, sevmək haqqımız azalır, hətta yoxa çıxır. Sevgi isə bayaq dediyimiz kimi, şüur hadisəsidir və yaşla-zamanla ona münasibət daha kamil, daha ağıllı və daha rahat olur. Yaş ötdükcə sevgini daha dərindən anlayırsan. Yetkinləşdikcə, sevginin insan üçün necə önəmli olduğunu suyun, havanın önəmi kimi bilirsən. Buna görə də əl-ələ tutan yaşlı cütlük gənc cütlükdən qat-qat sevimli görünür. Sevgi həm də zaman hadisəsidi. 

Qocaldıqca insan daha çox sevgiylə dolur. Yaşa dolduqca qulağı ögey nəfəsləri, səsləri yaxşı duyur. Cavanlığında görmədiyi hər şeyi görür, gördüklərini görmür. Evinin önündəki çinar daha cazibəli, yediyi çörək daha qiymətli, doğmalar daha doğma gəlir. Əvvəldən yığdığı bütün insanları çıx-daş edir. Öncələrdəki kimi adamlar həyatında bir, qəlbində başqa cür olmur. Hər kəs onun qəlbində kimdisə, həyatında da o olur. Bir qadın oğlundan soruşur ki, mən niyə səni elə - belə, heç nədən sevməliyəm? Sevdir özünü mənə. Anayla övlad arasındakı sevgi də ağıl hadisəsinə çevrilsin gərək. 

O təbiidir ki, qadınlarda analıq instinkti var. Doğdu doğmadı o həmişə kiminsə qayğısını çəkir. Uşağacan qadın öz kişisinin qayğısını çəkir. Uşaqdan sonra bu hiss azalır. Qayğı instinkti uşağa yönəlir.

Qayğıçəkmə instinkti dərketməyə çevrilməsə, övladla vlideyn arasında çox böyük fəlakətlər baş verə bilər. Ana gərək övladını təkcə doğduğu üçün deyil, həm də daha nə üçünsə sevsin. Uşaq heç nədən sevildikcə onun eqosunun yalnız bir tərəfi inkişaf edir - Özünü sevmə. Özünü cəmiyyətdə və ailədə təsdiq etmək hissi, ailəsinin qayğısını çəkmək onlara yarımaq hissi olmur. O düşünür: "Mən onsuz da önəmliyəm". Özünü sevdirmək üçün heç bir iş görmür. Cinslər arası sevgi də beyinə sığsın gərək. Kimisə boş yerə sevdinsə, yandın. Siz heç vaxt bir-birinizi anlamayacaqsız. Arada ağıl bağlılığı yoxdur çünki. Bir başqasını anlamaq üçün gərək onu həm də ağlın sevsin. 

Sevgi insandan qədimdir. Yağışların dənizlərə sevgisiylə başlayıb həyat. Həyat insana qədər çox yol keçib. Çox yerdən keçib. Sevgi insandan əbədidir. Bizdən də, sizdən də. Leyliylə Məcnunun sevgisi bizim hamımızdan qalıcıdır; 100 illərdir yaşayır. Bizdən sonra da yaşayacaq...Bəlkə də Nizamini də yaşadan Leyliylə Məcnunun sevgisidir, kim bilir...Əgər kiminsə  iş - gücü bütün bunlardan daha böyükdürsə, o başqa...

 

qadinkimi.com