BURA / ORA
Yaponiyalı jurnalist təcavüz iddiasında qalib gəlib Tarix : 19 Dekabr 2019, 17:05
Yazar : Qadinkimi.com
Yaponiyada  #MeToo hərəkatının qabaqcıllarından olan jurnalist Şiori İto təcavüz iddiasında qalib gəlib

Yaponiya məhkəməsi çərşənbə günü aparıcı Noriyuki Yamaquçinin Şiori İtoya verdiyi zərərə görə 3,3 milyon yen (təxminən 52 min AZN) təzminat ödəməsinə qərar verib. 

Qərarın açıqlanmasından sonra əlində "zəfər” yazılan bir plakat tutan 30 yaşlı Şiori İto "Çox xoşbəxtəm” deyib. 
 


İtonun 2017-ci ildə qaldırdığı təcavüz iddiasında hakimlər dəlillərin cəza iddiası üçün kifayət qədər olmamasını bildirmişdilər. Bundan sonra jurnalist təzminat iddiası ilə məhkəməyə müraciət etmişdi. 

Şiori İto aparıcı Noriyuki Yamaquçinin onu 2015-ci ildə bir iş təklifi üçün axşam yeməyinə dəvət etdiyini və yeməkdən sonra huşsuz vəziyyətdə təcavüzə məruz qaldığını iddia edirdi.  
 


Noriyuki Yamaquçi isə təşkil etdiyi mətbuat konfransında təcavüz iddialarını rədd etdiyini, ancaq qərara etiraz etmək istəmədiyini də açıqlayıb. Yamaquçi də İtoya qarşı təzminat iddiası ilə məhkəməyə müraciət etmişdi. 

Jurnalist İto cinsi cinayətlərin nadir hallarda məhkəməyə verildiyi Asiya ölkəsi olan Yaponiyada #MeToo hərəkatının bir simvoluna çevrilib.
Yaponiya hökumətinin 2017-ci ildə apardığı bir araşdırmanın nəticələrinə görə təcavüzə uğrayan qadınların yalnız 4%-i qanuni yollara baş vurur. 
 



qadinkimi.com