FEMİNİZM
Xoşbəxt olmaq üçün hər şeyin var Tarix : 25 Yanvar 2021, 13:00

 

"Qızlar ağlamaz" kitabından parça 

 Çox sevdiyim, mənə çox əziz olan cavan bir xanım var. İllərlə məcburi köçkünlərə ayrılan uşaq bağçasının darıs­qal otaqlarında yaşayıb, orada ağıllı bir bala böyüdüb, səhər­dən axşama işləyib. Bircə dəfə onu üzgün, qanıqara görmə­dik. Problemləri təzəcə səngimişdi ki, onkoloji xəs­təlik aşkarlandı onda. Süd-vəzi xərçəngi. Elə bu dönəmdə həmin güləyən, zarafatcıl qadın ikiqat gücləndi. Bir an yenik düşmədi. Bir dəfə üsyan etmədi, "bezdim” demədi. Müalicəsinə çox ciddi yanaşdı, həkimin dediklərini birə-bir etməyə başladı. Panikasız, əminliklə. Kimyaterapiya alır, bu terapiyadan sonra günlərlə dəhşətli ağrıları olur. 


"Ağrıyıram” belə yazmaz adama. Nə vaxt soruşsan, "keçəcək” deyir. Gücü, mədəniyyəti qarşısında baş əyi­rəm. Diqqət ayıra bilməsən, bircə dəfə qınamaz, "mənlə ma­raqlanmadın” – deyib inciməz. Heç kimdən heç nə ummaz. Araşdırır, oxuyur, xəstəliyi aşmaq üçün bütün rejimi gözləyir, özünü sağaltmaq üçün tibb nə məsləhət görürsə, edir. İnanılmaz iradədi. Onun indi yalnız xoş xəbərə, sevinməyə, həyatını işıqlandıran sözlərə ehtiyacı var. Belə bir çətin mərhələdə ən böyük arzusu bilirsiz nədi? Sağalıb eyni xəstəlikdən əziyyət çəkən qadınlara dəstək olmaq.


"Abla, onların ən adi şeylərə ehtiyacı var. Motiva­si­yaya, inam yaradan hər kəlməyə, mənəvi dəstəyə. Tera­pi­yadan saçları tökülür. Bir parikə necə sevinirlər, görsən... Sağalıb onlara kömək etməyi çox arzulayıram. Bu xəstə­likdən sonra xoşbəxt olmağa səbəb axtarmıram, yuxudan oyanıram və hər şey gözümə xoş görünür. Hər şeydən xoşbəxt oluram. Demə, özümə dəyər verməmişəm. Gözlə­rim necə gözəlmiş, ...əllərim necə səliqəliymiş. Abla, mən bunları niyə əvvəl düşünmürdüm?” 


Onunla danışanda, özümdən utanıram bəzən. Gərəksiz şeylərə enerji tükətməyim, sinirlərimi boş yerə xərclə­məyim yadıma düşür. Həyat mənə xoşbəxt olmaq üçün hər şey verib. Nə çətinlik yaşasam da, "necəsən?” sualına "əla” cavabı verən mən belə, onun gücü qarşısında özüm­dən utanıram. Aysel, – deyirəm özümə, – bax, necə in­sanlar, necə iradəli qadınlar var. Fikrən belə şikayət etmə! 


Əminəm ki, həyatruhlu o qadın tezliklə sağalacaq, tez­liklə arzusunu reallaşdırmaq imkanı olacaq. Və biz bir­likdə gözəl günlər görəcəyik.

Əməliyyat olunduğu gün elə bu kitabı yazırdım, yarımçıq qoyub halını xəbər aldım:

– İndi necəsən? Çox şükür, çətini keçdi.

– Keçəcək, bir də gəlməsin.

–Az qalıb. Bacardın. Sən çox ciddi qadınsan. Afərin sənə. Öpürəm gözlərindən.

–Həkim də deyir, afərin, əməliyyata belə pozitiv gəl­misən.

–Bilirəm, çox çətindi, ağrılıdı, əzablıdı. Bunu da bilirəm ki, sən ağrıdan güclü və böyüksən.

–Dözməliyəm, abla. Ağlamaq yox. Ağlasam, o məndən güclü olacaq. Məni ağrılar ağlada bilməyəcək. Dişimi sıxıb dözəcəm.

–Sənlə qürur duyuram. Kitab yazıram. Adı da belədi: Qızlar ağlamaz. 


Bilirdim ki, kövrəlir. Hədsiz ağrıyır. Onkoloji xəstə olmağın, üstündə ölüm gəzdirməyin nə boyda psixoloji yük olduğunu anlayırdım... Onun həyat eşqi, qalib olmaq ehtirası, dirənişi, günlərlə rejim qaydalarına əməl etməsi, qaşı-kirpiyi kimyaterapiyadan tökülməsin deyə, gərəkli maskalar, yağlar çəkməsi, saatbasaat yemək proqramını gözləməsi, gərəkli meyvə-tərəvəz şirəsi hazırlaması, orqa­nizmini bir kapitan kimi yönəltməsi nəyin bahasına başa gəlir. O, bu yaşımda mənə yaşamağı öyrədirdi öz dirə­ni­şiylə. Onunla gerçəkdən qürur duyurdum. Həyatı ovcuna sıxıb əlindən buraxmırdı. Bərk-bərk öz dalıyca aparırdı. Gedək deyirdi, gedək, gedəcəksən! 


Mən eyni zamanda onkoloji problemi olmayan, özünü zorla böhrana soxub səhər yuxudan həvəssiz oyanan, gecə həvəssiz yatan, yaşamaq üçün əslində hər cür imkanı olan və yaşaya bilməyən, yaşaması üçün xarab maşını necə arxadan itələyib işə salırsansa, o cür itələməli olduğun adamları da görmüşəm. Özünü sağalmaz xəstə kimi aparan və bu aparmanı yaşamaq bilən adamlar görürük.

Mən ağlamağı tərgitmişəm. Ölümə ağlayıram, yaxın adamları itirəndə. Özümlə bağlı ağlaya bilmirəm. Kədərli musiqi də qoyuram bəzən içimi boşaltmaq üçün. Özümü ağlatmaq istəyirəm, alınmır. 


Bir qadın danışır:

"Qızımın boşanma ərəfəsində əsəbləri pozulmuşdu. Otağına girirdin əlinə keçəni atırdı, özündən gedirdi. Hamı, – əlini üz, bundan adam olmayacaq, – deyirdi mənə. Qızımı o halda görəndə doldum bir gün. Girdim otağıma, ilk dəfə hönkürmək istədim. Birdən özümə şillə vurdum. Sənin nə haqqın var ağlamağa? Sən qızını xilas etməlisən! Güclü olmalısan! İnsan özünü gücə köklə­yən­də, onun yadına ağlamaq düşmür”. 


Özümüzü ağlatmayaq. Kimsəyə də bizi ağlatmağa ica­zə verməyək. Özümüzü ağrı borusuna soxmayaq. Ehtiyac yox­du. İçimizə boylanaq, əslində xoşbəxtik. Necə gözəl duyğular oynaşır qəlbimizdə. Gözlərimizi yumub içdən nəfəs dəririk. Gözümüzü açdığımızda dünyanın çöhrəsi dəyişir. Sakitlik axın edir ruhumuza. Beynimizin dumanı çəkilir. Başımızdan qara buludları qovuruq gedir. Qucaq açırıq kainata. Bütün ağırlığımız çıxır. Hər şey yaxşıdı.

 

Aysel Aydın Əlizadə 

qadinkimi.com