Şəfiqə xanım, onkoloji xəstəliyiniz olduğunu necə bildiz?
-Həyatımı bacıma borcluyam desəm, daha doğru olar. Bacımla söhbət əsnasında sol süd vəzimdə bir sancı hiss etdim. Təbii ki, mən bu sancını ciddiyə almadım, amma o sanki hiss etdi, USM-dən keçməyimi israr etdi. Keçdim.... Və elə orada diaqnoz bəlli idi - xərçəng....
Diaqnozu öyrəndikdən sonra nə baş verdi, nə hiss etdiz, nə qərar verdiz?
-Həkim diaqnozu açıqlayanda, beynim dondu bir anlığa, heç nə düşünə bilmədim... Axı bizdə xərçəng deyilən kimi ağlımıza ilk ölüm gəlir. Ölməkdən qoxmuram, amma erkən ölməkdən qoxuram. Diaqnoz qoyuldu və mənim ağrılı günlərim başladı. İlk olaraq üz tutdum sosial şəbəkələrdə axtarışlara. Kimlər sağalıb bu xəstəlikdən, kimlər savaşır, hansı həkim hansı məlumatı paylaşıb, çox təəssüf ki, Azərbaycan izləyicisi üçün heç bir məlumat tapa bilmədim. Elə o andaca qərar verdim ki, mən bu savaşdan qalib çıxacağam, hekayəm hər kəsə ümid olacaq. Bu gün İnstagram-da 14 mindən çox izləyicisi olan "Cehrayilent" adlı səhifəm var. Bu, xərçəng xəstəliyi haqda ətraflı məlumat verən və sağalmağın yollarını göstərən Azərbaycanda ilk səhifədi. Xəstəliklə mübarizə aparan neçə-neçə qadına ümid yeri ola bildim. Amma çox təəssüflə qeyd edəcəm ki, bu gün çəhrayı lenti sinəsində daşıyan qadınların sayı durmadan artır. Bu məni çox üzür.
Müalicə neçə il çəkdi, hansı mərhələlərdən keçdiz?
-İki il müalicə aldım. Kimyaterapiya, əməliyyat, şüa terapiyasından keçdim və indi də hormon terapiyası ilə davam edirəm. Bu gün artıq remissiya dövrundəyəm, hər 3 aydan bir kontrollara gedirəm. Keçdiyim o iki il mənim üçün 20 ilə bərabər oldu. Saç, qaş, kirpik tökülməsi - bunlar sizin kimyaterapiyanın gördüyünüz tərəfləridi, bir də onun görünməyən tərəfləri var. İnsanın bütün sağlam hüceyrələri ölür - başdan tutmuş barmaq uclarına qədər. Eyni bədən içərisində bir dəfə ölüb yenidən dirilmək nə deməkdi, bunu çox yaxşı öyrəndim.
Bu xəstəlik daha çox nədən yarana bilər, xərçəngi hansı faktorlar provokasiya edir?
-Bu sualı mən də Ankarada həkimimə verdim. Əslində, tam olaraq yaranma səbəbləri bilinmir və ya yoxdu demək olar. Genetik ola bilir, stressdən yarana bilir, özünə az qayğı, diqqət göstərməyən insanlarda daha çox rast gəlinir
deyirlər. Orqanizmdə B17 vitamini çatışmazlığından yarana bilir deyirlər. Mən deyərdim, xərçəngi ən çox stress, kədər, mutsuzluq, immunitetin aşağı olması provokasiya edir. Ən çox ailə problemləri, yaxın adamının itkisi, aldığın travmalar... bütün bunlar xərçəng hüceyrələrini qızışdırır.
Qadınlar özlərini xərçəngdən necə qorumalıdı?
-Hər qadın ildə iki dəfə müayinə olunmalıdır. 35 yaşına çatmamış qadınlar USM, 35 yaşdan yuxarı qadınlar isə mamoqrafiya keçməlidir, İldə iki dəfə istər
süd vəzi, istərsə də ginekoloji müayinə vacibdir. Gözəllik salonlarına getməyi necə əskiltmiriksə, müayinə olunmağa da o cür yanaşmalıyıq. Evdə əl ilə ayna önündə süd vəzilərini yoxlamalıdırlar. Əziz xanımlar, süd vəzilərinizə
toxunmaqdan qorxmayın. Unutmayın ki, erkən diaqnoz həyat qurtarır. Bədəniniz sizin ən böyük sərvətinizdir.
Yaxınların dəstəyi nə qədər rol oynayırdı, insanlardan necə münasibət gözləyirdiz?
-Sevməyi bacaran bir insanam, sevgini ötürməyi, onu qazanmağı bacarıram. İnsanları dar günündə tanıyırsan deyə bir fikir var, bax, pis günümdə məni heç bir dostum tək qoymadı, ailəm ən böyük dəstəkçim, gücüm oldu, yaxınlarımın dəstəyi, verdikləri güc, qayğıları, sevgiləri bu gün mənim sağalmağıma kömək oldu. Mən dogma bildiklərimin sevgisi, qayğısı, dayağı olmadan sağala bilməzdim!
Xəstəliyinizlə bağlı ən ehtiyatsız söz, hərəkət yadınızdadı?
- O ərəfələrdə insan çox kövrək olur, hər şeydən inciyir, qırılır. Bir də düşünün ətrafda bu xəstəliyi eşidən kimi qulaqlarını çəkən, sənə yazıq kimi baxan insanlarla üzləşirsən. Düz üzümə "pis xəstəlikdir, Allah bizlərə yaşatmasın” deyənlər olub. Niyə yalan deyim, bunlar məni çox incidir. İndi də kimsə mənə yazıq kimi münasibət bəsləyəndə əsəbləşirəm. Xərçəng olmaq bəzilərinə görə yazıqlıq, zəiflik, ölümdür. Əslində isə xərçəng olmaq güclənməkdir, küllərindən yenidən közlənib alovlanmaqdır.
Sağalmanızı ən çox nəyə borclusuz?
-Öncə Allaha, sonra sevgiyə... Məni doğmalarımın, yaxınlarımın sevgisi sağaltdı. Həqiqətən də sevgi sağaldır. Bu xəstəliyin ən böyük açarı səbirdir. Xərçəng bir günə sağalan xəstəlik deyil, səbirlə sağlamlığa doğru addımlamaq lazımdır. Mütləq rejimi dəqiqliklə gözləməlisiz. Bu çox vacibdi. Mən bütün günü araşdırırdım, nə olar, nə olmaz bilirdim və əməl edirdim. Doğru - düzgün həkim seçmək lazımdır, həkiminə inanmaq, xəstəliyə baxışı dəyişmək lazımdır və ən əsası özünü sevmək lazımdır. Necə deyərlər, "səni çox istəyirəm, amma özümü səndən də çox istəyirəm".
Həyat nədir sizin üçün?
-Xərçəng mənim həyatımı iki hissəyə böldü. Xərçəngdən əvvəl və sonra. Və inanın bu "sonra"da sizinlə ən yaxın dostlarınız, ən sevimli insanlar, ən xeyirli qidalar qalacaq. İnsan bütün vərdişlərinin yerini dəyişdirir, yuxusunun, yeməyinin hətta sevdiklərinin yerini.
Demək istədiyiniz başqa nəsə var?
-Xərçəng olmaq ölmək demək deyil, yenidən doğulmaq deməkdir. İndi həyat mənim üçün yalnız bahar fəslindən ibarətdir. İndi məni heç kimsə üzə bilməz, indi mənim özümə olan sevgim, sayğım bütün duyğuların önündədir. Bu gün həyat mənim üçün andan ibarətdir, dünən bitdi. Ona ilişib qalmaq olmaz, sabah da olacaq hələ, önəmli olan bugündür, bu andır. Əlinizdə olanları sayın və əslində necə varlı, necə xoşbəxt bir insan olduğunuzu görəcəksiniz. Sonunda yenə burdan xərçəngə mesajım var: "Sən mənim həyatımda bir daha olma!"
Hazırladı: Aysel Əlizadə
Qadinkimi üçün