Müsəlman bəyləri Tiflisə şəhərin gerçəkdən malik olduğu zəngin mədəniyyət müəssisələrindən: teatrından, operasından, kitabxanalarından və s. yararlanmaq üçün deyil, buranın eyni dərəcədə zəngin növbənöv əyləncə mərkəzlərindən bəhrələnmək üçün gəlirdilər.
Türkçülüyün ilk ideoloqlarından biri yazıçı, jurnalist, ictimai - siyasi xadim, hüquq nəzəriyyəçisi, tarixçi, filosof əslən Şuşalı Əhməd bəy Ağaoğlu, "Xatirələr" əsərində yazdığı kimi patriarxal bir ailədə böyümüşdü. Atası Qarabağın mömin bəylərindən, anası Sarıcalı obasının tərəkəmə tayfalarından olub. Əhməd bəy Ağaoğlu Şuşadan Tiflisə, Tiflisdən Peterburqa, oradan da Parisə Sarbonna Universitetinə qədər gedib çıxmışdı. Onu bu yola sövq edən balacaboylu, zərif, həssas qəlbli anası olub. Onun balacaboylu anası böyük işlər görüb. Neynəyib? Əhməd bəyin rus dilini öyrənməsi üçün üzdəniraq millətin oxumuş cavanlarından müəllim tutub. O, eyni zamanda dini təhsil alırmış.
Əhməd bəy Ağaoğlu yazır: "Şəhərimizdə türklərlə ermənilər qarışıq yaşayırdılar. Ermənilərin çoxu yerli rus məktəblərinə ayaq açmışdılar, orada təhsil alıb yerli rus idarələrini ələ keçirmişdilər və bizdən tamamilə fərqli şəkildə yaşayırdılar. Anam da məni onlar kimi təhsilli görmək istəyirdi". Düz üç il gizlicə o, müəllim gələcəyin dahi insanına dərs verir. Ona hesab, tarix, coğrafiya dərsləri kecir. Ağaoğlu yazır:"Hər ayın sonunda anam nimtənəsinin ətəyinə tikilmiş rus imperiallarından birini qoparıb zəhmət haqqı kimi Kərbəlayı Bahar vasitəsilə ona göndərirdi”. Həmin vaxt Qarabağda gimnaziya açılır, Əhməd bəy birdən - birə dördüncü sinfə, yəni gimnaziyanın ikinci sinfinə qəbul edilir. Ağaoğlu yazir kı, həmin gün elə bil dünyanı anama bağişlamışdılar. Çünki fədakar ananın 3 illik zəhməti hədər getməmişdi.
Həmin bu kitabda mənim diqqətimi çəkən 4 əsas məsələni vurğulamaq istəyirəm.
1. "Oxuduğum üçüncü sinifdə qırx beş şagirddən yalnız biri türk idi. Qalanları xaçpərəst idilər, xaçpərəst deyəndə, erməni uşaqları idilər."
1887-ci ildə Əhməd bəy liseyin altıncı sinfini
bitirir, yeddinci sinfi Tiflisdə tamamlamağı qərara alır. Məhz həmin illərlə bağlı xatirələrində müəllif yazır:
2. "Tiflis bütün Qafqazın müsəlman bəylərinin görüş yeri idi. Amma onlar Tiflisə şəhərin gerçəkdən malik olduğu zəngin mədəniyyət müəssisələrindən: teatrından, operasından, kitabxanalarından və s. yararlanmaq üçün deyil, buranın eyni dərəcədə zəngin növbənöv əyləncə mərkəzlərindən bəhrələnmək ücün gəlirdilər. Təbii ki, əyləncə həyatı böyük pullar tələb edirdi. Bir cox müsəlman ailələri hüdudsuz bədxərclik qarşısında duruş gətirə bilmir, nəticədə əllərindəki torpaq və əkin sahələrini satmaq məcburiyyətində qalırdılar.
3. "Hər bazar günü Şeyxülislamın ziyarətinə gedərdim. Şeyxülislamın
mənzili ilə idarəsi eyni binada yerləşirdi. Həmin binanın qarşısında, küçənin o
biri üzündə müftinin mənzili və idarəsi yerləşirdi. Şeyxülislamın oturduğu
mülkün giriş qapısına rus və türk dillərində belə bir lövhə vurulmuşdu: "Əli
təriqətinə məxsus idarə”. Müftininkinə də "Ömər təriqətinə məxsus idarə”
yazılmışdı.
Əli təriqəti! Ömər təriqəti! Bunlar nə əcaib anlayışlardı..?
Şiələr və sünnilər. İslam nə ücün təriqətlərə bölünmüşdü? Başım qarışdı. Amma bu
məsələdə cox dərinə getmədim".
4.4-cü məsələnin də xülasəsini verək: "Müsəlmanlar yaşayan məhəlləyə Şeytanbazar deyirdilər. Bu məhəllə şəhərin başqa yerlərindən fərqli idi. Küçələri dar, çirkli idi. Evləri və dükanları kicik və biçimsiz idi. İnsanların üst - başları da evləri kimi nimdaş və tör-töküntü idi. Həm də şəhərin digər məhəllələrində yaşayanlar bura gəldikləri vaxt özlərini çox yekəxana aparırdılar. Burdakılara sayğısız davranırdılar. İlk dəfə idi ki, mən iki insan kütləsinin yan - yana yaşadığını, amma qətiyyən qaynayıb - qarışmadığını görürdüm. Birinin digərinə "yuxarılar" və "aşağılar" kimi davrandığını görürdüm".
O vaxtdan bu yana 100 ildən də artıq vaxt kecib. Nə dəyişib? Bu gün biz türklər (Burada türklərin adının nə zaman və kim tərəfindən, nə məqsədlə dəyişdirildiyi məlumdu), tarixin daha bir acısını yaşayan Gürcüstan azərbaycanlıları gürcü cəmiyyətinə nə dərəcədə inteqrasiya oluna bilmişik? Və ümumiyyətlə ola bilmişikmi? Məncə günahın çoxunu özumüzdə axtarmalıyıq. Əhməd bəyin qeyd etdiyi o varlı müsəlman bəyləri pullarını əyləncə mərkəzlərinə, qumarxanalara deyil, xalqının maariflənməsinə, rifah halının yaxşılaşmasına töksəydi, bu gün bizim millət, "iyli tatarlar" deyə təhqir olunmazdı. Bu millətin hamısını evə doldurub, qırmaq fikrinə düşməzdilər.
Elə bu gün də həmin kazinolar neçə evlər yıxıb, neçə qapıları bağlı qoyur. Mənə cox maraqlıdı, görəsən kazinolara yalnız müsəlman kişilərimi gedir, yoxsa xaçpərəstlərin də sevimli yeridi?.. Mən əminəm ki, bu gün də Azərbaycan xanımlarının əksəriyyəti Ağaoğlunun anası kimi düşünür. Övladlarının savad almaları üçün, dunyaya çıxmaları üçün bütün maneələri aşmağa qadirdirlər.
Bu əsərdə bir məqam da məni təsirləndirdi. Əhməd bəy Tiflisdə təhsilini başa vurandan sonra Peterburqa yola düşərkən, "Topxana" deyilən yerdə at arabası onları gözləyirmiş.
Hamı ilə vidalaşandan sonra növbə anasına çatır. Anası oğlunun başını sinəsinə
sıxıb deyir :"Oğlum get. Allah köməyin olsun. Amma indi, burada mənə and
iç. De ki, əgər bir xaçpərəst qızı ilə evlənsəm, bu döşlərdən əmdiyim süd mənə
haram olsun".
Ağıllı qadınmiş, düşünüb ki, əgər başqa millətlə evlənsə, Əhməd bəy Ağaoğlunun
nəvə - nəticələri gələcəkdə ulu babalarını tanımaz.
Bu kitab məndən əvvəl də araşdırılıb. Mənə gəlincə məni nə vadar etdi? Burada diqqətimi iki məsələ çəkdi:
1. Bu boyük mütəfəkkiri dünyaya gətirən və yenidən "Işıqlı"dünyaya çıxaran ananın müdrikliyi.
2. Tiflis mühiti və orada yaşayan türklərin həyatinin işıqlandırılması.
Tarixə baxanda gördüm ki, çox az şey dəyişib, bəlkə də heç nə dəyişməyib. Düzdü, həmin o Tiflis, Qori seminariyalarından çıxan mütəffəkkirlərimiz, aydınlarımız, zəkalarımız millətin yolunda çox işlər gördülər, çox çaba göstərdilər...
Hətta cümhuriyyət qurmağa belə qadir oldular. Amma bu gün az şey dəyişib, yenə bizə yuxarıdan aşağı baxılır. Yer adlarımız, toponimlər dəyişdirilir. Borçalı türkləri müsəlman oldugu halda hər yerə xaç basdırılır. İnsanlarımız sıxışdırılıb diskriminasiyaya uğradılır. İnsanlarımıza təhqir edici sözlər deyilir. (tatrebi) və s.
Pandemiya dövründə bunun sıx şahidi olduq. Bizim bölgədə yaşayanlara virus kimi baxırlar. Mətbuatda bu haqda xəbərlər oldu. Ancaq virusun nə vətəni olur, nə də milliyyəti.
Millətə - Xalqa sahib çıxmaq lazımdı. Bu siyasətə qarışmaq deyil. Bu milli təəssübkeşlikdi.
Bu gün istər Gürcüstanda, istər onun hüdudlarından kənarda yaşayan azərbaycanlılar bu məsələlərə qarşı haqq səsini ucaltmalıdı.
Böyük Sabir demiş:"Mən salim olum, cümlə - cahan batsa da batsın" amalı ilə yaşamamalıyıq.
P. S. Yazıda Ə. Ağaoğlunun "Xatirələr" kitabına (Bakı,TEAS Press Nəşriyyat evi, 2019) istinad edilib.
Aygün Əmircanova
qadinkimi.com