Qadinkimi.com Flora Hüseynovanın rəssam Əşrəf Heybətovla müsahibəsini təqdim edir.
- Əşrəf bəy? rəssamlıq kişi sənətidir?
- Əlbəttə. Çünki rəssamlıq çox böyük fiziki əmək tələb edir. Xüsusən də monumentalist rəssamlıq üçün xüsusi güc lazımdır. Rəssamlığın bir çox növləri var - portret janrı, mənzərə, karikatura. Bir də var monumentalist rəssamlıq. Bu sırf mənim sənətimdi və rəssamlığın bu sahəsi məhz kişi sənətidir... Sənətdə əsas ideyadır. Statistkaya görə say hesabı ilə filosoflar, alimlər daha çox kişilərdi. Dünya miqyasında kişi intellekti üstünlük təşkil edir. Amma bunun səbəbləri var. Çünki qadınların üzərinə daha çox məsuliyyət düşür - ev, uşaq, ailə qayğıları. Bu, bütün dünyada belədir.
- Demək, qadınlar ailə, məişət qayğılarına görə bir növ istəklərini qurban verirlər.
- Bəli. Bunu etiraf etmək lazımdır. Qadınlar bu barədə fədakardılar. Bu səbəbdən də də öz sənətlərinə, istədikləri işə vaxt ayırmaq imkanları məhduddur. Sənət axtarışdır, ideyadır və bunları həyata keçirmək üçün vaxt lazımdır. Azərbaycanın Vəcihə Səmədova, Maral Rəhmanzadə, Qeysər Kaşıyeva kimi çox görkəmli qadın rəssamları olub. Siyahını uzatmaq olar. Ümumilikdə götürəndə rəssama azadlıq lazımdır. Azadlıq da qadınlarda kişilərlə müqayisədə daha azdır.
- Rəssamların yaradıcılığında necə, qadının rolu var?
- Bax, bu başqa məsələdir. Qadının hər bir rəssamın, yaradıcı insanın həyatında rolu əvəzsiz və danılmazdır. Qadın ilham pərisidir. Bu qadın rəssamın həyat yoldaşı ola bilər, sevgilisi, dostu ola bilər. Yaratmaq üçün sevgi lazımdır. Mən dahi Səttar Bəhlulzadənin daim yanında olmuşam. Bütün günüm onun emalatxanasında keçirdi. Mən ondan öyrənirdim. Bir dəfə ona sual verdim ki, rəssam olmaq üçün ən vacib olan nədir? Özlüyümdə düşünürdüm, indi deyəcək - zəhmət, əmək, gecə -gündüz işləmək, amma o, "məhəbbət lazımdir" - dedi. Sevgi həyatı işıqlandırır. Məhəbbətsiz insan bioloji robotdur. Sevgisiz gözəllik yaratmaq absurddur. Sənət əsəri də gözəllikdir, məhəbbətdən yaranan gözəllik.
- Rəssamlar başqa sənət adamlarından fərqli olurlar. Məsələn, Salvador Dali…
- Salvador Dali sözsüz ki, dahi rəssamdır. Eyni zamanda yeganə rəssamdır ki, özünü qeyri adekvat aparmağı ilə reklam etməyi yaxşı bacarırdı.
- Onun əsərlərindən bir az neqativ enerji gəlir sanki.
- Sizinlə tam razıyam. Salvador Dalinin əsərlərində həm neqativ, həm də depressiv enerji var. Özü deyirdi ki, mən heç bilmirəm nə çəkirəm. Onun dahiliyinin, istedadının 40% -ni reklam təşkil edirdi. O işləyəndə çox normal olurdu, amma cəmiyyətə çıxan kimi özünü qeyri normal aparırdı. Bununla da yaddaşlarda qalırdı. Bir də onun həyatındakı Qala adlı qadının böyük əməyi var idi (gülür). Hə, yenə də qadın... Qala onun meneceri olub. Əsərlərinin satılmasında, onun tanınmasında, məşhur olmasında Qalanın rolu çox böyükdü. Mən yenə də qeyd edirəm, yaradıcı insanların həyatında qadınların rolu böyük olub. Hər zaman da olacaq.
- Van Qoqun məşhur hekayəsi də qadınla bağlıdı…
- Əslində, Van Qoq sevdiyi qadına qulağını bütün kəsib göndərməyib. Qulağının aşağı küncündən çox kiçik bir hissəsini kəsib göndərib. Bunu edəndə də anlaqlı vəziyyətdə olmayıb. Narkotikin təsirində olub. Çox şişirdiblər bu hadisəni.
- Belə bir fikir var ki, sənət ağrıdan, acıdan yaranır.
- Xeyr. Şəxsən mənim üçün belə deyil. Bilmirəm, bəlkə də bəzi rəssamlar, sənət adamları ağrıdan - acıdan yaradırlar. Amma mən dərd olanda, ağrı-acı olanda işləyə bilmirəm. Məndə yaratmaq üçün ruh olmalıdır, ilham olmalıdı və ən əsası ideya. Bir ideya gələndə doğuma hazırlaşan qadın kimi oluram. Pişiklər necə ki, doğuma yaxın gizlənirlər, mən də ideya yarananda tənhalığa çəkilirəm. Kafkanın bir sözü var “Mən nə yaratmışamsa, tənhalıqda yaratmışam”. Eynilə mən də ideya gələndə tənhalığa çəkilirəm. Heç nə mane olmamalıdır. İdeyanı həyata keçirəndə, yaratmağa başlayanda ətrafda nə baş versə, mən yenə tənhayam.
- 30 ildən artıq Azərbaycandan kənarda yaşasanız da əsərlərinizin mövzusu sırf Azəbaycanla bağlıdır.
- Çox adam məndən soruşur ki, darıxmırsan? Yox, darıxmıram, darıxmağa vaxtım yoxdur. Hər zaman işləyirəm. Hər zaman mövzum Azərbaycandı. Mən müəllimim Səttar Bəhlulzadədən, Toğrul Nərimanbəyovdan Vətəni sevməyi, Vətənə bağlılığı öyrənmişəm. Harda olsam bir məqsədim var. Azərbaycanı təbliğ etmək, tanıtmaq.
- Çox rəssama qismət olmayan mötəbər yerlərdə sərgilər keçirmisiniz.
- Bəli, NATO - da, BMT- də, Vatikanda, Avropa Şurasında sərgilərim olub. Bu sərgiləri təşkil etməyimin də məqsədi Azərbaycanı bacardığım qədər təbliğ etməkdir. Gördüyüm bu işlərdə mənə həmin dövlətlərdə olan səfirlərimiz yaxından kömək ediblər. Ən axırıncı sərgim Lixtenşteyn Knyazlığında olub. Çox balaca, xəritədə güclə seziləcək bir knyazlıq olsa da, orada olan insanlara Azərbaycanı tanıtmışam. Mən xoşbəxt rəssamam. Maltada, Palermoda da sərgilərim olub.
- Əsərlərinizdə azərbaycanlı qadın obrazlarının milli geyimlərini çox kiçik detallarına qədər işləyirsiniz. Nədən azərbaycanlı xanımla ailə qurmadınız?
- Mən buna qismət deyərdim. Həyat yoldaşım Regina xanım milliyətcə yəhudi olsa da, Azərbaycana çox bağlıdır. Hər dəfə birlikdə gəlirik Bakıya. Azərbaycanı , Bakını ən azı mənim qədər çox sevir.
- Almaniyadakı qadınlarla Azərbaycan qadınları arasında fərq nədədir?
- Fərq çoxdur. Alman qadını evə, ailəyə bizim qadınlar qədər bağlı deyil. Onlar daha çox özləri üçün yaşayırlar. 50 yaşlarında belə diskotekalarda, restoranlarda vaxt keçirməyi sevirlər.
- Bizim qadınların hüququ pozulmur ki? Azərbaycanlı xanımlar özlərinə istədikləri qədər vaxt ayıra bilmirlər.
- Yox. Əsla elə düşünmürəm. Bizdə adət ənənə var, böyük - kiçik var, mentalitet var. Bunlar mənim çox xoşuma gəlir. Bizim özəlliyimizdir.
- Sizə hansı daha yaxındır?
- Əlbəttə, Azərbaycan qadını. Siz bayaqdan mənə təxribat yönümlü suallar verirsiniz( gülür). Amma mən düzünü deyəcəm. Artıq 70 yaşım olacaq.Təbii ki, mən də istəyərdim qayğımı çəkən, mənə qulluq göstərən bir xanımım olsun. Bu sırf Azərbaycan xanımına xas olan gözəl xüsusiyyətdir. Nə etmək olar? Mənim də qismətim belə imiş...Mən qismətə çox inanıram. Çox zaman istədiyimizi deyil, qismətimizə düşəni yaşayırıq...Qismətin qarşısında insan acizdir.
- Bu sualımı da təxribat kimi saymayın. Bu yaxınlarda Elza Seyidcahanın “Mən dəlinin rəssamı” adlı şeirlər kitabının təqdimatı oldu. “Dəlinin rəssamı” Siz idiniz.
- Biz Elza Seyidcahanla çoxdan ailəvi dostuq. Mən Elza xanımın bir neçə mahnısı var ki, çox sevirəm. Onun sənətini çox bəyənirəm.
- Siz Elza xanımın şeirlərini oxuyub İllüstrasiyalar çəkdiniz?
- Yox, oxumadım. Amma özü bəzilərini oxudu. Çox təəssüf ki , başa düşmədim.
- Bəlkə elə yaxşı olub ki, başa düşməmisiniz?
- (gülür) Bilmirəm, bəlkə də. Amma düşünürəm elə də pis olmaz.
- Əşrəf bəy, siz övlad istəməmisiniz. İndi heç ürəyinizdən “kaş ki” keçir?
- Yox , qətiyyən. Bilirsiniz, mənim bu barədə iki cür fikrim var. Əgər ki, biz cənnət kimi bir yerdə yaşasaydıq və mənim övladım problemsiz bir həyat yaşasaydı, heç bir əziyyət çəkməsə idi ki, bəlkə də istəyərdim. Mən çox mühafizəkaram bu barədə. Övlad istəməməyimin ikinci və ən əsas səbəbi - bəlkə də çox eqoist kimi görünəcəm, mənim uşağa sərf olunacaq vaxta heyfimin gəlməsidi. Amma bu sağlam eqoizmdir. Buna görə də heç heyfslənmirəm. Uşaq olsaydı, mənim həyatım tam başqa olacaqdı. Uşaq üçün maddiyyat lazımdır. Amma hamı bilir ki, mən kommersiya rəssamı olmamışam və istədiyimi çəkmişəm. Sırf pul qazanmaq üçün yox. Nə yaxşı ki, bu seçimi eləmişəm. Şərq ölkələrinin vurğunuyam. Şərq ölkələrinin əksəriyyətində olmuşam. Onların mədəniyyətini, tarıxını görmüşəm. Yanvar ayında Mərakeşdə oldum. Çox gözəldi. Oranın mənzərələrini işlədim, Mərakeşdə Azərbaycan və Mərakeş mənzərələrindən ibarət sərgi keçirəcəyəm.
- Mərakeşdə qadınların həyatı necədir?
- Orada qadınlar evə, ailəyə bağlıdılar. Mentalitet güclüdür. Əksər qadınlar hicabdadılar.
- Hicaba münasibətiniz necədi?
- Qəbul etmirəm. Gözəl simanı nəyə görə gizlətmək lazımdır, bunu anlaya bilmirəm.
- Azərbaycandan 30 ilə yaxındır çıxmısınız. Mütəmadi gəlirsiniz vətənə. Bu müddət ərzində Azərbaycan qadını necə dəyişib?
- Düz qeyd etdiniz, mən Azərbaycana hər il gəlirəm, gəlməsəm ölərəm. Bu müddət ərzində Azərbaycan qadını çox dəyişib. Əvvəlki illərə baxanda daha azaddır. İş qadınları çoxalıb. Demək ki, qadın maddi asılılıqdan qurtarır. Cəmiyyətdə qadının yüksək mövqe tutmağı üçün vacib amildir. Bu inkişafın yüksək pilləsidir. Mən bunu alqışlayıram.
- Ananızı necə xatırlayırsınız?
- Mənim anam həkim idi. Bir hadisə yadımnan heç çıxmır. Səttar Bəhlulzadə ilə çox yaxın idim. Bizə tez -tez gəlirdi, bizdə qalırdı, çox gözəl qəzəllər deyirdi, çox söhbət edirdi. Anam sevmirdi, başa düşmürdü onu. Cavan olsam da, onun dahiliyini dərk edirdim. Bir gün Səttar Bəhlulzadə zəng etdi ki, axşam sizdə gəlib qalacam. O, yerdə yatmağı sevirdi. Anam onun üçün yer düzəltdi. Nə qədər gözləsək də gəlib çıxmadı. Mən nigaran qaldım. Artıq gec idi, biz yatdıq. Bir də gecə saat bir olardı, dəhşətli gurultu eşidildi. Anam şkafa çoxlu xrustallar yığmışdı. Bacım üçün cehizlik idi. Şkafın ayağı ağırlığa dözməyib üzü üstə düz yerdəki yorğan-döşəyin üstünə aşmışdı. Anam çox pis oldu, ağladı. Mən isə çox sevindim. Nə yaxşı Səttar müəllim həmin gün bizdə qalmamışdı. Amma anama da yazığım gəldi.
- Ananız xrustallar yığırdı, Siz isə dünyada olduğunuz bütün ölkələrdən çox dəyərli sənət əsərlərini yığırsınız. Eviniz muzeydi.
- Dünyada yeganə bir müzey var Frankfurtda “Dünya mədəniyyətləri muzeyi”. Mən çox istərdim ki, bizdə də belə bir muzey açılsın və illərlə yığdığım bu nümunələri o müzeyə əsas baza kimi verim. Bu, çox dəyərli bir sərvətdi. Bu mənim arzumdu. Məndən sonra Vətənimə qalacaq sərvət. Özümün bu işləri görməyə vaxtım yoxdur. Bütün vaxtımı çəkməyə sərf edirəm. Əslində rəssamlıq azad sənətdir. Mən azad deyiləm. İstirahət belə edə bilmirəm. Elə bil bu azadlığın içində bir məcburiyyət var. Çəkmək məcburiyyəti.
- Hansı musiqini sevirsiniz?
- Şanson. Amma işləyəndə Eldar Mansurovun musiqilərini dinləyirəm. Bu, işlərimə rəng qatır. Elə bil hansı rəngdən istifadə etməyimi mənə diktə edir.
- Nə üçün darıxırsınız?
- Van Qoqu öldürəndə, hə, o özünü öldürməyib deyildiyi kimi, onu vurublar, - bilir ki, artıq ölür, başının üstündə ağlayan qardaşı Teoya deyir: “Kədər onsuz da qalıb”. Bax, məndə də elə bir haldı. Axır zamanlar tənhalıq var ruhumda. Çəkdiyim əsərlər də tənhalığı əks etdirir.
- Nə üçün heyfslənirsiniz?
- Rəssam olduğum üçün.
- Zarafat edirsiniz?
- Xeyr. Ciddi deyirəm. Sadəcə, missiyam bitməyib, karvan hələ yol gedir…
Hazırladı: Flora Hüseynova