UŞAQ / BÖYÜK, GENDER
ÖVLADA NİYƏ ANA ADI VERİLMİR - Sənədləşmədə ayrı-seçkilik Tarix : 24 Noyabr 2019, 10:58

Bu gün dünyanın hər yerində atalıqla bağlı ənənələr davam etdirilir. Xarici pasportların üzərində yalnız ata adının qeyd edilməsi, uşağa atanın soyadının verilməsi, evlilik zamanı qadının qarşı tərəfin soyadına keçməsi kimi hallar tarix boyunca mülk və gücün kişinin əlində cəmlənməsi, qadınların mülkiyyət və vətəndaşlıq hüquqlarına sahib olmaması ilə əlaqələndirilir. 


Qadın kişinin evində yaşadığı üçün ailədəki güc də kişinin əlində idi. Patriarxiya sözünün də mənası məhz "atanın gücü” deməkdi. Qəribədir ki, müasir dövrdə bu ənənə hələ də davam etdirilir. Bu gün qanunvericilikdə qadın hüquqları ilə bağlı vəziyyət yaxşılaşsa da, bu ənənələr hələ də gender bərabərsizliyi ilə dəstəklənir və cinsiyyətçi hal kimi qarşımıza çıxır.

Son illərdə uşağın atanın soyadı ilə qeydə alınmasının qadınlara qarşı ayrı-seçkilik olub olmaması ilə bağlı müxtəlif ölkələrdə müzakirələr qaldırılıb. Bunlardan biri 2014-cü ildə İtaliyada baş verib. Alesandr Kusan və Luici Fazzo adlı italiyalı cütlük 1999-cu ildə doğulan qızlarının sənədləşmə işlərinin ananın soyadı ilə aparılmasını istəyib. Amma onların bu təklifi rədd edilərək uşağa atanın soyadı verilib. Sonradan müraciət etdikləri Konstitusiya məhkəməsi və başqa məhkəmələrin hər birindən rədd cavabı alıblar. 2011-ci ildə isə İtaliya Daxili İşlər naziri uşağın soyadına ananın da soyadının əlavə edilməsinə icazə versə də, valideynlər bu qərarla razılaşmayıb. İtaliya məhkəmələrindən istədikləri nəticəni əldə edə bilməyən cütlük haqlarını tələb etmək üçün Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət ediblər. AİHM Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci ("Şəxsi və ailə həyatına hörmət hüququ") və 14-cü maddələrinin ("Ayrı-seçkiliyin qadağan edilməsi") pozulduğu qərarını verib.

Qərarın sonunda əvvəlki illərdə fərqli ölkələrdən gələn soyadla bağlı maraqlı iddialar da qeyd edilib. Onlardan biri Türkiyə ilə bağlıdı. Bu iddiada qadının evlilik zamanı öz soyadında qalma qadağası Avropa İnsan Hüquqları Konvensiyasına əsasən qanun pozuntusu hesab edilib. Onu da qeyd edək ki, 2015-ci ilə qədər Türkiyədə nikah zamanı qadının yalnız öz soyadında qalmağı qadağan idi. Türkiyə qanunlarına əsasən, qadının soyadının yanında evləndiyi şəxsin soyadı da qeyd edilirdi. Başqa bir iddia isə İsveçrəyə aiddi. Burda nikah zamanı ər öz arvadının soyadına keçmək istəsə, xüsusi ərizə yazmalıdı. İddiaların bir başqası da Hollandiya ilə bağlıdır. Orada əgər ər-arvad ümumi soyad kimi qadının soyadını seçibsə, qadından fərqli olaraq kişi ikili soyad götürmək ixtiyarına sahib deyil. Əlavə edək ki, Hollandiya qadın hüquqlarına xüsusi önəm verən ölkələr sırasındadı.

Azərbaycanda da doğulan uşağa atanın soyadını vermək ənənəsi var. Qanunda nə deyilir? Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 3-cü və 4-cü bəndlərində bu barədə məlumat verilir:

3.1. Uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir.
4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir.
4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir.

Göründüyü kimi ad və soyad məsələsində qanunda hansısa valideynə ayrıcalıq verilməyib. O zaman vətəndaşın hardasa qeydiyyata alındığı zaman "ad, soyad, ata adı" şərti ilə qarşılaşmasının səbəbi nədir?

Hüquqşünas Fuad Ələsgərli uşağa soyadın ata adına əsasən verildiyini, amma istəyə bağlı şəkildə ananın da soyadının verilə biləcəyini bildirir: "Azərbaycanda bu məsələlər Ailə məcəlləsi ilə tənzimlənir. Qanunlara əsasən, uşağa istəyə bağlı olaraq ananın soyadı verilə bilər. Hətta ata da ananın soyadına keçmə hüququna sahibdir”.

Azərbaycanda şəxsiyyət vəsiqəsinin üzərində ata və ana adlarının hər ikisi qeyd edilsə də, xarici pasportlarda yalnız ata adı qeyd edilir. Qadinkimi.com-un suallarını cavablandıran hüquqşünas Aqil Layıc məsələyə aydınlıq gətirib: "Bilirsiniz ki, şəxsiyyət vəsiqələrinin üzərində hər iki valideynin adı qeyd edilir. Xarici pasportlarda isə yalnız ata adının qeyd olunması beynəlxalq praktiyaya əsaslanır”. O qeyd edib ki, çağdaş dünya üçün bu, qadınlara qarşı diskriminasiya hesab edilə bilər: "Əlbəttə, doğru deyil. Amma bunlar kiçik məsələlərdi. Bunu bir növ adət kimi saxlayırlar. Fikrimcə, hüquqi və azadlıq baxımından heç bir mənası yoxdu”. Hüquqşünas daha ciddi problemlərə, məsələn, pensiya yaşının qadın və kişilərdə fərqli olması ilə bağlı məsələyə diqqət verilməli olduğunu vurğulayıb. O hesab edir ki, sənədlərdə valideynlik hüququ qeyd edilməyən bir cinsin pensiya yaşı kişi ilə eyni həddə müəyyən edilə bilər: "Pensiya yaşı qadınlarda 62, kişilərdə isə 65-dir. Qanun bununla onu deyir ki, qadın, sən ya kişidən daha zəifsən, ya da daha tez qocalırsan. Bunu araşdırmaq lazımdı”. Vəkil onu da bildirib ki, xarici pasportda ana adının da qeyd edilməsi hüquqi məsələdi və məhkəməyə müraciət edildiyində müsbət nəticə əldə etmək mümkündü. 

Hüquqşünas Asabali Mustafayev də Azərbaycanın ata xətti əsas götürülən ölkələr sırasında olduğunu və bu ənənənin keçmişdən gəldiyini vurğulayıb: "Xarici pasportlarda ata adının yazılması texniki məsələdi, şəxsin daha tez və dəqiq identifikasiya olunmasına yönəlib. Yəqin elə dövr gələcək ki, sənədlərdə soyadın və adın yazılışına zərurət qalmayacaq. İnsanın şəxsiyyəti digər vasitələr ilə identifikasiya olunacaq. Ona görə hesab etmirəm ki, indiki zamanda istifadə olunan bu texniki məsələ ayrı-seçkilik yaradır”. Qadınlarla kişilərin pensiya yaşının fərqli olmasına da fikir bildirən hüquqşünas bunu iş yerindən başqa mətbəx, bazarlıq, uşaqların tərbiyəsi, təhsili kimi məişət yükünün də qadınlara yüklənməsi ilə əlaqələndirir: "Məişət işlərinə görə qadının iş saatı kişilərdə olduğu kimi 8 saat deyil, dəfələrlə çoxdu”.

Xumar Hüseynova
qadinkimi.com