İngilis psixoloq Richard Wiseman BBC televiziya şousu üçün qeyri-adi təcrübə aparıb. Təcrübədə cəmi iki nəfər iştirak edib: özünü "bəxti gətirən” hesab edən qadın və uğursuzluğuna əmin olan qadın. Onların hər biri kafeyə getməli idi. İçəridə özünü uğurlu iş adamı kimi göstərən aktyor oturmuşdu və kafeyə gedən səkidə 5 funt-sterlinqlik pul qoyulmuşdu.
Özünü şanslı hesab edən şəxs pulu görüb götürür və kafeyə girib kofe sifariş edir, "iş adamının” yanında oturub onunla söhbətə başlayır. "Bəxtsiz” qadın isə əksinə, səkidə əskinası görmür və "iş adamı”na fikir vermir.
Daha sonra iştirakçılardan günlərinin necə keçdiyi soruşurlar. Şanslı qadın cavab verir ki, gün gözəl keçib - o, küçədə pul tapıb və yeni bir dostla tanış olub, üstəlik, bu tanışlıqdan onun üçün yeni imkanlar yarana bilər.
Bəxtsiz qadın isə günün tamamilə boş keçdiyini söyləyib. Beləliklə, eyni uğur şansı olan iki insandan yalnız biri onlardan istifadə edə bilib.
Sürprizləri qiymətləndirməyi öyrənin
Bəli, vacib Zoom təqdimatı zamanı proqram dona bilər. Təqdimatı dəyərləndirməli olan müdirinizin qəfil xəstələnmə ehtimalı da var. Təqdimatdan əvvəl laptopunuza bir fincan qəhvə tökəcəyiniz nadir hadisə olsa da mümkündür.
İnsanların qarşısında ilk dəfə çıxış edəcək adam belə uğursuz vəziyyəti asanlıqla zarafata çevirə bilər. Bu, ona tamaşaçıların hörmətini və məhəbbətini qazanmağa kömək edər, çünki bu yolla o, təkcə öz fərasətini deyil, həm də stress müqavimətini, özünə inamını nümayiş etdirir.
Bundan əlavə, siz bu qəzaları təhdid kimi deyil, müsbət dəyişikliklər üçün bir fürsət kimi görməyi öyrənəcəksiniz.
Keçmişə yeni gözlərlə baxın
Keçmişi xatırlayanda biz hadisələri tez-tez düz xətt şəklində canlandırırıq, baxmayaraq ki, əslində hər şey xaotik şəkildə baş verir.
Hər kəs düşünmək istəyir ki, həyatında baş verən hər hansı sürprizə nəzarət əlindədir. Buna görə də, başımıza gələn qəzalarda ümidsizcəsinə əlaqələr axtarırıq. Bu, bizə uğur instinkti vəziyyətinə düşməyə mane olur - biz sürprizləri kiçik hesab edirik və şansa şüurlu yanaşmanın gələcəyimizdə hansı mühüm rol oynaya biləcəyini görmürük.
Köhnə vərdişləri buraxın
Hətta istənilən bir əşyanı daim eyni cür istifadə etdikdə, onun digər imkanlarını görmürük.
İndi hər kəsdə olan adi əl dezinfeksiyaedicisini götürün. Çoxumuz onu yalnız dezinfeksiya üçün istifadə edirik və onun ağcaqanad dişləməsindən yaranan iltihabı və qaşınmanı aradan qaldırmağa mükəmməl vasitə olduğunu, paltarlardakı yağlı ləkələrlə mübarizə aparmağa kömək etdiyini bilmirik və s.
Bir şeyin yalnız bir tərəfini, bir məqsədini görməyə "funksional sabitlik” deyilir.
1952-ci ildə aparılan bir araşdırma göstərdi ki, problemləri həll etmək üçün müəyyən strategiyalardan istifadə etməyə öyrəşmiş insanlar daha təsirli olsa belə, yeni üsulları sınamaq istəmirlər. Başqa sözlə, çox vaxt vərdişdən kənar hərəkət etmirik və çətin yolu belə sadəcə öyrəşdiyimiz üçün seçirik.
Uğur hissini inkişaf etdirmək üçün improvizasiya etməyi və tanış şeylərə müxtəlif rakurslardan baxmağı öyrənməlisiniz. Məşhur film personajları Lara Croft və James Bondu xatırlayın. Onlar öz ixtiraları sayəsində ən adi əşyaları ölümcül silaha çevirməyi bacarırlar. Təbii ki, bu Hollivud klişesidir, lakin belə unikal qabiliyyət hələ də hər dəfə bizi heyrətə gətirir.
Gündəlik tutmağa başlayın
Əgər şəxsi gündəliyinizə heç vaxt heç nə yazmamısınızsa, narahat olmayın, bu asandır. Taymeri iki dəqiqəlik təyin edin və iki sütun doldurun: günün hansı hadisələri müsbət dəyişikliklərə səbəb olub, hansı olmayıb. Vəziyyətə nəyin müsbət təsir etdiyini və əksinə, təsirsiz olduğunu diqqətlə öyrənin. Sizə uyğun olan və olmayan tendensiyaları görə bilərsiniz.
Bu, gündəlik həyatınızda hər şeyi qaydasına salmağa və qəzaları görməyinizə nəyin mane olduğunu anlamağa kömək edəcək. Bəzən xırda şeylər belə enerji apara və müşahidəni azalda bilər.
Özünüzdən soruşun: mən niyə bunu edirəm və bu yolu seçirəm? Məni fərqli davranmağa nə vadar edə bilər? Bu şablonu nə ilə əvəz edə bilərəm?
Hər birimiz mürəkkəb və bənzərsiz bir həyat yaşayırıq. Amma bunun içində çoxlu lazımsız xırda şeylər var. Əgər onlardan qurtulsanız, vacib işlərə daha çox vaxtınız olacaq.
Beləliklə, görüləcək işlər siyahısını zibil qutusuna atın. Ödənişlərinizi indi edin, əgər imkanınız varsa, yanmış lampanı dəyişdirin və həkimlə görüş təyin edin. Yemək bişirməyə və restoranlara gedən vaxta və pula qənaət etmək üçün hətta həftə üçün uyğun menyunu internetdə tapa bilərsiniz.
İşləri sonraya saxlamaq vərdişini dayandırdıqda və gündəlik xırda işlər nəhayət bitdikdə, daha diqqətli, daha həvəsli olacaq, anın ləzzətini hiss edəcəksiz. Bütün bunlar sizə xoşbəxtlik duyğusuna gedən yolda kömək olacaq.
Şəxsi cədvəl hazırlayın və özünüzə daha çox diqqət yetirməyə çalışın - bu, diqqətinizi cəmləməyə və yaradıcı enerjini düzgün bölməyə kömək edəcək. Buna özünüzlə işgüzar görüş kimi yanaşın. Böldüyünüz vaxtı sevdiyiniz elmi öyrənməyə və ya qısa hekayələr yazmağa, idmana başlamağa, xarici dilə yiyələnməyə, sizi maraqlandıran sahədə özünüzü inkişaf etdirməyə istifadə edin.
"Şanslı qarmaq" adlı bir strategiyanı həyatınıza tətbiq edin. Gələn dəfə ünsiyyət zamanı bir neçə "qarmaq" atın. Yeni tanışlıqda nümunələrlə hobbiniz və peşəniz haqqında məlumat verin. Bu, bir insanla ümumi maraqlar tapmaq şansını artıracaq və uğurlu tanışlıq yaratmaq prosesi başlayacaq. Yeni tanışınızdan isə "Nə işlə məşğulsuz?" əvəzinə, "İndi nələrlə maraqlanırsız?" soruşun.
Başqa bir təsirli strategiya da var. Bu, səhvləriniz və problemlərinizdə yeni imkanlar görə bilməkdi. Mən daim ağlabatan olmayan investisiya etdiyim üçün özümü günahlandırırdım. Amma bir gün anladım ki, bu təcrübə mənə çox şey öyrətdi və biliklərim gələcəkdə düzgün qərar verməyimə kömək etdi.
Kristian Buş - Nyu York Universitetində CGA Qlobal İqtisadiyyat Proqramının rəhbəri, London İqtisadiyyat Məktəbinin müəllimi.
Çevirdi: Leyla Qadinkimi.com üçün