UŞAQ / BÖYÜK
Uşaqlarımızı kimdən qorumalıyıq - Flora Hüseynova yazır Tarix : 23 Aprel 2022, 10:40

 

Son zamanlar azyaşlılara qarşı zorakılıqla bağlı xeyli hadisələr işıqlandırılır. Acınacaqlısı odur ki, hamı hadisələr baş verəndən sonra xəbər tutur. Yəni baş verməmişdən də bəzi olayların qarşısını almaq olar. Mütləqdi ki, olar. Statistikaya baxanda bu tək bizdə deyil, bütün dünyada baş verir və daha da sürətlənir. Uşaq hüquqları haqqında Konvensiya BMT Baş Assambleyasının 44/25 saylı qətnaməsi ilə 20 noyabr 1989 -cu ildə qəbul edilmişdir. 2 sentyabr 1990-cı ildə qüvvəyə minmişdir. 54 maddədən ibarət Konvensiyada qeyd olunur ki, 18 yaşına çatanadək hər bir şəxs uşaq sayılır. Vurğulayıram, 18 yaşına çatanadək... 

 


Yəni 18 yaşına kimi valideyn himayəsində, əgər valideyn himayəsindən məhrumdursa, dövlət himayəsində olmalıdı. Bu da o deməkdir ki, uşaqlara xüsusu diqqət və qayğı vacibdir. 


Amma çox araşdırsam da, bir çox anlamadığım məqamlara rast gəldim. 16 yaşlı qız 6 aylıq hamilə qalır, evdə bunu heç kim başa düşmür. 12 yaşlı oğlanı ananın sevgilisi 3 il mütəmadı zorlayır, ananın bundan xəbəri olmur. Sadalamaqla bitməz belə hadisələr. İnandırıcıdı sizcə? Necə ola bilər axı?

Axı bizim analarımız övladlarının narahatlığını səslərinin dəyişməsindən hiss edərdilər, müharibədə oğlu qar uçqununda qalan ana hadisəni eyni ilə yuxuda görüb eyni saatda yuxudan oyanardı...

Əminəm ki, oxucularımız da buna bənzər xeyli hadisələr danışa bilər. Bəs nə oldu bizə? Artıq analar övladlarını hiss edə bilmirlər? Səbəb nədir? Cavabım yoxdur. 

 


7 il öncə itkin düşən Səidənin başına gələnlər adamı dəhşətə gətirir. 7 il əvvəl Səidə itkin düşür. İtkin düşməzdən əvvəl əmisi oğlu ilə aralarında qəribə münasibəti hər kəs normal qəbul edir. Səidəni döyür, qız üz-gözü cırmaq içində ata anasına şikayət edir...Bax, əsil narahat olmalı, tədbir görülməli məqam bu idi ki, bu məqamın da üstündən sakitcə keçir valideynlər. 

 


Əmioğlu hələ utanmadan verilişə çıxıb "mən anasına demişdim ki, Səidəni məktəbə getməyə qoymasınlar” deyir. 7 İl əvvəl itkin düşən qızın valideynləri əmioğludan şübhələnib polisə şikayət etməkdənsə, üz tuturlar falçılara. Biz harada qalmışıq?

Əmioğlu qıza təcavüz edir və valideynlər gözləyir ki, gəlib onu aparıb gəlin edəcəklər. Baxmayaraq ki, qız onunla ailə qurmaq istəmədiyini deyirmiş. Amma valideynlər çox adi bir halmış kimi polisə xəbər etmirlər? Niyə? Ayıbdı, öz aramızda həll olunsun. Həll olundu...

Əmi oğlu Səidəni vəhşicəsinə qətlə yetirdi... Bu məqamda ata-ana haqqında nə deyəcəyimi bilmirəm. Ağır dərddi, sözssüz. Amma günahkar kimdi? Nə qədər ağır olsa da günahkar valideynlərdi deyəcəm. Bu nədi, qorxu, utanc hissi, nə? Öz aramızda həll edək, camaatdan ayıbdır, biabır olarıq. Biabır olmaq övladın həyatından artıq idi? 

 


Əslində, bunun kökləri lap dərinlərə gedib çıxır. Ana həyatını qorxu içində yaşayır, kimisi həyat yoldaşından, kimisi qayınanasından, kimisi qayınından qorxur. Bəzən bu qorxuda ananı bəzi məqamları görməzdən gəlməyə vadar edir. Bilirəm, bu sadəcə cahillikdir. Amma neyləmək olar həqiqət budur.

Bir süjet çıxdı qarşıma. 12 yaşlı qıza 60 yaşında qonşu kişi təcavüz edib. Adamın damarında qanı donur. Bu nə rəzalətdi deyəcəksiniz. Tələsməyin, rəzalətin ən böyüyü aparıcının onsuz da həyatının ən böyük travmasını yaşayan 12 yaşlı qızın yanında atasından bu hadisənin təfərrüatını soruşmağıdı. Qızın yanında ata da ətraflı bu suallara cavab verir. O qızcığazın nələr çəkdiyi heç kimin eyninə belə deyil. 

 


Aparıcı reytinq hayında, ata isə travma nədir soruşsan bilməz. Adam baxanda dəhşətə gəlir. Ata cahildi, bəs özünə jurnalist deyən, sinəsinə mənəm-mənəm deyib döyən aparıcı? 


Düşünürəm ki, bu haqda geniş müzakirə aparılmalıdır. Uşaqlara qarşı işlənən zorakılığı ictimailəşdirmək nə qədər düzgündür?

Axı o uşaqlar həyatlarına bundan sonra necə davam edəcəklər, bunu düşünən var?Uşaqlarımızı kim qoruyacaq, kimdən qoruyacaq? Bax, əsas sual budur. Nə qədər acı olsa da belə çıxır ki, uşaqlarımızı elə doğmalarından, yaxınlarından qorumaq lazımdır. Çünki uşaqlara qarşı işlənən zorakılıqların 90 faizi, doğmaları tərəfindən törədilir. 


Belə olan halda nə etməli? Təbii nə qədər yaşayış var, insan amili var, cinayət də olacaq, zorakılıq da, amma bunun qarşısını almaq üçün valideynlərin övladlarına qarşı həddindən artıq diqqətli olmağı çox vacıbdir.

Əgər övladlarla valideynlər arasında anlaşma yoxdursa, övlad başına gələni deməkdən çəkinirsə, ya da valideyn övladının dediklərinə inanmırsa, bu uçurum getdikcə dərinləşəcək. 


Əslində dövlət qurumları, QHT-lər baxımsız uşaqlara psixoloji yardım göstərilməsində bir çox layihələr həyata keçirib. Amma valideyn himayəsində olan uşaqlara da xususi yanaşma və diqqət lazımdı.

Ən əsası da valideynlərlə iş aparılmalıdı. Yoxsa hər günümüzü uşaqlara qarşı zorakılıq xəbərləri ilə açmağımız adət halına düşəcək. Və durmadan bu sualı özümüzə vermək məcburiyyətində qalacağıq. Uşaqlarımızı kimdən qorumalıyıq?

 

Flora Hüseynova

Qadinkimi.az üçün