Türkiyə türkcəsində işlədilən "kravat” kəlməsi xorvatlarla əlaqədardır. Söz fransızca "cravate" kəlməsindən törəmiş, mənası "xorvatlar" deməkdir. Qalstukun çağdaş aksesuar kimi Fransada meydana gəlməsi təxminən 17-ci əsrə təsadüf edir.
1635-ci ildə Fransa Kralı XIII Lüdovikin əsgərləri arasında birdən-birə boğazına parça bağlayan əsgərlər peyda olmuşdu və bu əsgərlər xorvatlar idi.
(1600-cü illərdə qalstuk taxan Xorvat əsgəri)
Zamanla bu parçalar fransız modelyerlərin diqqətini çəkmiş və aksesuar "a la croate", yəni "xorvat tərzi" adı ilə tanınmışdır. Sonralar bu söz Fransa hüdudlarından da kənara çıxmış, aksesuar təkmilləşərək müasir qalstuklar meydana gəlmişdir.
Türkiyədə "kravat" sözünün işlənməsi Tənzimat hərəkatı ilə əlaqadardır və ilk qalstuk taxan Osmanlı İmperatoru Sultan Əbdülməcid olmuşdur.
Azərbaycan dilində işlədilən "qalstuk" kəlməsi isə alman dilindən "halstuch” (boğaz dəsmalı) şəklində rus dilinə və rus dilindən bizim dilimizə keçmişdir.
Leyla Faiqqızı
Filologiya elmləri üzrə fəlsəfə doktoru
qadinkimi.com