Tarixdə bu gün Türkiyəli qadınlar 1886-cı ildə Şükufezar jurnalında tez-tez həmcinslərinə ünvanlanan "saçı uzun ağlı qısadır" deyiminə qarşı mübarizəyə başlayıblar.
"Çiçək bağı" mənasını verən Şükufezar jurnalı Osmanlı Təhsil Naziri Münif Paşanın hərtərəfli biliyə malik qızı Arife Hanım tərəfindən 1886-cı ildə nəşr olunan, ilk müsəlman qadın jurnalı idi. Şükufezar həm də "Biz də varıq və var olmağa davam edəcəyik" fikrinə istinad edən ilk qadın jurnallarından biri olub. Uşaqlıqdan bəri eşitdikləri "saçı uzun ağlı qısa" ifadəsinə qarşı jurnal vasitəsiylə başladılan bu mübarizə həm də qadınlara qoyulan sərhədlərə, zor tətbiqlərinə və basqılara qarşı idi.
Osmanlı dövründə qadınlar haqqında nəşr olunan başqa jurnallar da var idi, lakin Şükufezarı xüsusi edən jurnaldakı bütün yazıların qadın qələmindən çıxması idi. Arife Hanımla birlikdə Fatma Nevber, Münire, Fatma Nigar və Fatma Naima kimi imzalar jurnalın digər qadın yazarları idi. Jurnaldakı qadın müəlliflər həyat yoldaşlarının və atalarının adlarını deyil, öz adlarını yazırdılar. O dövrün digər qadın jurnallarında əks olunan qadınlıq, qadınların rolu, ev təsərrüfatı, uşaq baxımı kimi mövzulardan fərqli olaraq Şükufezar qadına oxumağı və təhsilli olmağı tövsiyə edirdi.
qadinkimi.com