Şeirlər həsr edilən, romanlar yazılan, musiqilər bəstələnən və milyonların yerində olmaq istədiyi qadınların həyatı həmişə çalxantılı, dalğalı, qasırğalı, sonu isə hüznlü olur.
Başqaları onları şanslı hesab edərkən, onlar zülmət kimi həyatlarında iynə ucu boyda işartı yaratmaq üçün özlərini diri-diri yandırırlar. Bu qadınların əksəriyyətinin üstünlüyü də eyni olur - gözəl, ağıllı, istedadlı, amma bəxtsiz. Valentina Serova belə qadınlardan idi. 1900-cü illərin istedadlı teatr və film ulduzu idi. Amma az qalsın bütün dünya onu Konstantin Simonovun yazdığı "Gözlə məni" şeirinə görə tanıyırdı.
Şeir yayıldıqca haqqındakı əfsanələr, fərziyyələr artdıqca artırdı. Yaxşı, bəs bu, yazanın, yoxsa yazdıranın üstünlüyü idi? Bunu bir azdan dəqiqləşdirəcəyik. İndi isə yazılma tarixinə nəzər salaq.
"Gözlə məni" dünyanın ən məşhur müharibə şeiri kimi ədəbiyyat tarixinə keçib. İkinci Dünya müharibəsi dönəmində savaşın düz mərkəzində yazılması böyük ümid idi. Ümidə ən çox ehtiyac duyulan məqamda insanlar həmin sətirlərə sarıldılar. Məlum olduğu kimi, o vaxtlar Hitler Avropanın böyük hissəsini işğal etmiş, Stalinqradı hədəf almışdı. Bu şəhərin zəbt edilməsi ilə Volqa çayının əsas hissəsi faşistlərin əlinə keçəcək və Asiyaya doğru irəliləyəcəkdilər. Bu döyüş İkinci Dünya müharibəsinin əsas dönüşünü reallaşdıracaqdı. Amma məsələ təkcə bu deyildi. Şəhər Stalinin adını daşıdığına görə bu, bir növ onun üçün şərəf məsələsi idi. İki yüz gün davam edən, 2 milyon insanın öldüyü həmin döyüşün iştirakçılarından biri də Konstantin Simonov idi. O vaxtlar yazıçının 24-25 yaşı vardı. Müharibənin ən qızğın çağında çalışdığı qəzetin rəhbərliyi tərəfindən müxbir kimi Stalinqrada göndərilmişdi. Amma o, cəbhəyə təkcə xəbərləri paytaxta ötürən jurnalist kimi deyil, həm də sıravi döyüşçü kimi qatılmışdı. Çünki döyüşəcək insanlara ehtiyac vardı. Savaşdan sonra əhalisinin sayı 1000 nəfərə düşən Stalinqrad dəhşətinin ortasında belə, Valentina Serovaya olan ehtirası, sevgisi içində dinməyən Simonov həmin məşhur şeirini yazaraq əsgər yoldaşı vasitəsi ilə qəzetə göndərmişdi. Şeirin çap edilməsi ilə xalqın dilinə düşməyi bir oldu. Dünya savaşın əsarətində olduğu bir vaxtda şeir dildən-dilə dolaşaraq sərhədləri aşdı, əsgərlər, zabitlər ailələrinə yazdıqları məktubu Simonovun "Gözlə məni"si ilə bitirirdilər.
Cütlük savaş ərəfəsində təsadüfən tanış olmuşdu. Simonov Valentinaya aşiq idi. O dönəmdə Valyanın valehedici gözəlliyinə çoxları laqeyd qala bilmirdi. Simonov da onlardan biri idi. Sadəcə onun bir üstünlüyü vardı, Rusiyanın üçüncü sarışın gözəli adını alan bu qadının əri ola bilmişdi. Təbii ki, hissləri, duyğuları bir kənara qoysaq, belə gözəlliyə topun, bombanın altından şeir yazmağı anlaşılan idi. Doğrudur, Valyanı dəli kimi sevdiyini, taleyinin ona bağlı olduğunu, onsuz havalanacağını, başını itirəcəyini deyirdi. Amma fikrimcə, bu, yaşamaq üçün tutarlı bir səbəbdən yapışmaqdan doğan hiss idi. Çünki insan sevəndə ölməkdən daha çox qorxur və instinktləri özünü daha çox qorumağa təşviq edir. Ən azından, Simonov və Serovanın həyatında baş verənlər belə düşünməyə əsas verir.
İkinci Dünya müharibəsi başa çatandan sonra Simonov Valentinanın yanına qayıtdı. Bəzi şeylərin yolunda getmədiyini elə ilk günlərdə başa düşdü. Onsuz da savaşdan sonra həyat, insanlar, dəyərlər, üstünlüklər əvvəlki kimi deyildi gözündə, hər şey yer dəyişdirmişdi. İşə bax ki, Valentina da qoyub getdiyi yerdə durmamışdı. O, artıq Sovet kinosunun parlaq simalarından idi. Simonov isə hələ də Stalinqrad travması altında yaşayan, həyata haradan başlayacağına qərar verə bilməyən bir gənc. Cəbhədən qalib qayıtsa da, Valentinanın qarşısında özünü məğlub hiss edirdi. Qəzet və dərgilərdə Valentinanın o dönəmin məşhur aktyorları ilə fotolarını görür, bu, aralarındakı telləri yavaş-yavaş qırırdı. Amma problem təkcə qadının şöhrəti deyildi. Məsələn, Simonov Valyanın ilk evliliyindən olan oğlunu evdən uzaqlaşdırmasını tələb etdi. Qadın da məcbur qalıb övladını təhsil almaq adı ilə başqa şəhərə göndərdi. Sonra bir qızları dünyaya gəldi. Uşağın evliliklərini xilas edəcəyini düşündülər. Amma bu, növbəti yanlışları oldu.
Bir gün Simonov heç nə demədən qadını tərk etdi. Bir vaxtlar yalvardığı, göz yaşı tökdüyü, ayaqlarından öpdüyü qadını bir daha geri qayıtmamaq şərtilə atıb getdi və bütün gücünü yaradıcılığa yönəltdi. Əsərlər yazdı. SSRİ Yazıçılar İttifaqında vəzifəyə təyin edildi. Hətta bir müddət Stalinin göstərişi ilə dünyanın bir çox ölkələrində siyasi təbliğatla məşğul oldu.
Valyanın həyatında üzərini Simonovla qapatdığı əvvəlki ağrıların da üstü açılaraq yeni acılarla birləşdi və ziqzaqlar başladı. Günlər, həftələr keçdikcə qadın solurdu. Sanki başının üstündə bir topa qara bulud dolaşırdı. Eşq həyatına atılandan bütün sevgilərinin sonu ölümlə, ayrılıqla bitmişdi. Birinci əri öldü. Sonra Simonovla evləndi və tərk edildi, marşal Rokassovski ilə yaşadığı eşq Kremlə qədər yayıldı. Simonovun vaxtı ilə ondan ayrılmağına səbəb olan oğlunu itirdi. Bunlar az deyilmiş kimi, teatrdanda qovuldu. Kinostudiyaların qapısı üzünə bağlandı. Məhkəmə qərarı ilə qızından uzaqlaşdırıldı. Təkləndi, yalqız qaldı, unuduldu. İçkiyə qurşandı. Ona yazdığı şeirlərlə məşhur olan, keçmiş əri və qızının atası Simonov əlində böyük gücü olmasına baxmayaraq, qadının məhvə sürüklənməyinə göz yumdu. 1975-ci ilin dekabrında 57 yaşlı Valentinanın səfalət içində yaşadığı evində cəsədi tapıldı. Onun sayəsində şöhrət qazanan Simonov isə dəfnində belə iştirak etmədi. Bu isə kim bilir, tarixə iz salmış neçənci kişi etibarsızlığı idi.
Təkcə "Gözlə məni" şeiri deyil, "Səninlə və sənsiz" adlı kitabındakı bütün şeirləri Valentinaya həsr edilmişdi. Başına gələnlərə rəğmən, Valentina Serova Sovet dövrünün əfsanə qadınlarındandır. Adı özü kimi əfsanəyə çevrilmiş Anatoli Serova, Simonov, Rokassovski, Nazim Hikmət kimi insanlarla yanaşı çəkilib...
Yazanın, yoxsa yazdıranın üstünlüyünə gəldikdə isə... Bütün təcrübələr göstərir ki, kəramət yazandan çox, yazdırandadır. Çünki ortada dünya şöhrəti gətirən bir iş varsa, ayrılıqdan sonra ya elə əsərlər ortaya qoyulmur, ya da hər şey imitasiyadan ibarət olur. Yeri gəlmişkən, mənim üçün bu hekayənin qəhrəmanı arxasını çevirib gedən dünya şöhrətli yazıçı yox, fırtına kimi bu dünyadan gəlib keçən Valentina Serovadır.
Türkan Turan