FEMİNİZM
Tükəzban, yoxsa mizoginiya - Gülnara Mehdiyeva Tarix : 08 İyul 2018, 16:09
Faiq Ağayevlə görüş keçirilirdi. Zalda əyləşənlərin əksəriyyətinin qadın olduğunu görüb, görüşü öz gözümdə kiçiltmiş, tədbiri qeyri-ciddi saymışdım. Sən demə, mizoginiya imiş…

Mizoginiya termini (yunanca "mizos”- nifrət və "gine” - qadın) – hərfi mənada qadına qarşı nifrət deməkdir. Feminizmdə isə mizoginiya daha geniş anlayışdır. Mizoginiya qadınların diskriminasiyası,  alçaldılması, onlara qarşı zorakılıq və qadının seksual obyektə çevrilməsi  (yalnız seksual təminat obyekti kimi görülməsi) kimi başa düşülür.

Bu anlayış hələ Qədim Yunanıstanda yaranıb.  Təəssüf ki, bir neçə minilliklər ərzində problem olaraq qalır. Bütün qadınların hərdəmxəyal, ağılsız, hiyləgər, xain və s. fikirlərlə ittiham olunması  mizoginiyadır. Əgər ittihamlar yalnız konkret bir qadına yönəlirsə, bu, mizoginiya deyil.

Mizoginiya hallarına kifayət qədər nüfuzlu şəxslərin düşüncələrində və nitqlərində də rast gəlmək olur. Tanınmış filosoflar Otto Veyninger, Artur Şopenhauer, Fridrix Nitşenin mizoginik mövqeləri var.

Feminizmin hazırki gündəmində qadınların kişilərdən əksik olmadığını sübut etməyə ehtiyac varmı? Təəccüblü olsa da var. Qadın cinsinin kişiyə "çata bilməməsi” inancı, qadınlara daha səfeh, gücsüz və ya təhlükəli varlıqlar kimi münasibət göstərilməsi – mizoginiyadır.

Bu terminə sosial yazılarda tez-tez rast gəlinir. Mizoginiyanı cəmiyyətin adətləri, müasir kütləvi ədəbiyyat və mədəniyyət də dəstəkləyir. Burada qadınlar zəif, səfeh, qeyri-ciddi personajlar olaraq təsvir edilir. Ağıl, qətiyyət, məntiq isə kişi keyfiyyəti kimi təqdim edilir. Bunlar kişilərin doğuşdan belə olduqları kimi qələmə verilir. Bu cür stereotiplər insanları ali və aşağı təbəqəyə bölməyə imkan yaradır. Həyatın bütün sferalarına nüfuz edir. Qadınların bir çox şeydə kişilərə çata bilməməsi fikrini möhkəmləndirir. Bu patriarxal tezis çoxları tərəfindən aksiom kimi qəbul edilir.

Patriarxal cəmiyyətdə hesab olunur ki, maskulinlik ağıl və intellektə təsir edir. Guya zərif, gözəl qadınlar kişilər qədər əqli keyfiyyətə malik ola bilməzlər. Odur ki, şoppinq, gözəllik salonlarını ziyarət etmək yalnız qadın məşğuliyyəti kimi görülür,  zəiflik əlaməti sayılır.

Bu cür önyarğılar peşə və maraqların gender əlamətinə görə bölgüsünə gətirib çıxarır. "Ağıllı” işlər  - elm, siyasət və s. kişilərə, "səfeh” işlər - yemək bişirmək, moda, təmizlik – qadınlara aid edilir. Bununla da qadınların maraqları, fikirləri, "qız söhbətləri” məzmunsuz, əhəmiyyətsiz məfhum kimi  qəbul edilir.  

Hansısa neqativ hal konkret bir qadına yox, ümumilikdə bütün qadınlara aid edilirsə, bunun adı mizoginiyadır. Məsələn, bir sürücünün qeyri-peşəkarlığının səbəbini onun bacarıqsızlığında deyil, qadın olmasında axtarmaq. Həmçinin bu hallar da mizoginiya nümunələridir: müxtəlif cəfəng fikirləri "qadın məntiqi” adlandırmaq; qadın dostluğunun olmadığını iddia etmək; "bütün qadınlar …” tərzində cümlələr qurmaq; qadınların neqativ hərəkətlərini klimaks, aybaşı və ya şəxsi həyatın olmaması ilə əlaqələndirmək; zəif, kütbeyin və ya səs-küyçü kişiyə "arvad kimi” bənzətməsi etmək; başqa qadınların boyunu, çəkisini və yaşını qınamaq.

Bəzən mizoginiya halları kişilərin qadınlara qarşı davranışlarında müxtəlif situasiyalarda özünü göstərə bilir: bir kişi digər kişi ilə görüşə punktual olduğu halda qadınla görüşə gecikə bilər; kişilərə verdiyi sözü tutduğu halda qadına qarşı bu qaydaya əməl etməyə bilər; rəhbər vəzifədə olarkən kişi işçilərə daha çox sərbəstlik verib, qadın işçilərin xırda səhvlərini belə tənqid edər.

İstənilən diskriminasiya hallarında olduğu kimi, bunlarda da bir oxşar cəhət var: ümumiləşdirmə. Ümumiləşdirmə - istisnasız olaraq bir qrupu, cinsi, kollektivi eyni hökmlə ittiham etməkdir. 

Sosial şəbəkələrdə mizoginiyaya çox rast gəlmək olur. Amma "qadın qorxusu” bu meydanla məhdudlaşmır. Peşəkar sferada, kadr seçimində, iş kollektivində, akademik mühitdə də kifayət qədərdi.  

Cəmiyyətdə mizoginiya artıq uşaq yaşlarından ailədə aşılanır. Uşaqlar qadının kişidən zəif olması fikrinə köklənir. Dünya quruluşunda qadının rolu vacib sayılmır. Analıq və ev təsərrüfatının idarə olunması qadın üçün ən nəcib və birinci dərəcəli göstərici kimi təyin edilib. Bu "fəlsəfədən” sapmalar isə mizoginiyaya səbəb olur.

Xalq deyimlərində də öz əksini tapan misallar var: "Arvad yıxan evi fələk də yıxmaz”, "Arvada qulaq as, tərsinə elə”, "Arvadın saçı uzun olar, ağlı qısa” və s.

Lakin mizoginiyanın yalnız kişilərə xas olduğunu düşünmək yanlış olardı. "Daxili mizoginiya” adlı anlayış qadınların da mövcud stereotipləri dəstəkləməsinə söykənir. Məsələn, "bütün arvadlar həyasızdır”, "bütün qadınlar qeybət edir” və s. Bu nümunələrə gündəlik həyatda o qədər öyrəşmişik ki, çox vaxt fərqinə varmırıq. Qızın başına gələn bütün bədbəxtliklərdə "özü günahkardır” düşünürük. Evli kişinin məşuqəsi daha çox nifrət oyadır, nəinki kişinin özü. Qadının nikahdan kənar münasibətlərini daha utancverici sayırıq. Qadınlara heç vaxt etməyəcəyimiz  köməyi kişilərə edirik (düyməsini tikmək, çay süzmək, əşyalarını toplamaq).

Dilimizə və şüurumuza "arvad kimi” olmaq – pis, "kişi kimi” olmaq yaxşı kimi bərkidilib. Oğul. Varis. Kişi. Qürurlu səslənir. Bəs qız?

Patriarxal cəmiyyət qadınları öz aralarında iyerarxiyaya bölür. Daxili mizoginiya qadınları obyektivləşdirir və parçalayır. Eləcə də bir-birinə əbədi rəqabət prizmasından baxmağa məcbur edir. Nəticədə qadınların "həddən artıq” cazibədar görünüşünə görə qınanmasına rast gəlirik – parlaq makiyaj və ya dar libas. Mizoginik düşüncəyə görə, bütün bunlar məhz özünə partnyor tapmaq, kişi cinsinin diqqətini çəkmək üçündür.


Bir çox hallarda isə mizoginiya "məsləhət vermək”, "səhvləri göstərmək”, "doğru həyat tərzini öyrətmək” adı altında ört-basdır edilir.

Daxili mizoginiyanı məcburən, çox zaman isə dərk etmədən istifadə edirik. Öz cinsinə qarşı vurğulanan ikrah hissi, bəzən isə nifrət durduq yerdə yaranmır. Qadınların həmcinslərinə xor baxmasının bir neçə səbəbi ola bilər.

Rəğbət və üstünlük qazanmaq istəyi

Digər qadınlarla müqayisədə öz statusunu qaldırmaq patriarxat şəraitində rahatlıq verir. Nəticədə qadınlar şüuraltı olaraq "Tükəzbanlardan” uzaqlaşmağa çalışır. Özü ilə "bütün qadınlar” arasında məsafə, ayrıseçkilik yaradır. Qadınlar "qadın cəhətlərini” qınayır, kişi davranış modelini özününküləşdirməyə çalışırlar. Birinci növbədə bu, aldadıcı şəkildə daha üstün sayılan kişi cəmiyyətinə aid olma hissi yaradır. Məsələn, məktəb illərində bəzi gənc qızlar öz yaşıdı olan qızlardan uzaqlaşaraq, yalnız oğlanlarla ünsiyyətə maraq duyurlar. Bu hal onların özlərini daha üstün, daha imtiyazlı zümrəyə aid etmək istəyindən irəli gəlir. Beləliklə, onlar özlərini mövcud sosial şərtlər daxilində daha komfortlu hiss edirlər.

Üstünlük illüziyası üçün daha bir metod da var: qadınları normal və əksik kateqoriyaya bölmək.  Bu zaman mütləq şəkildə özünü birinci kateqoriyaya aid edirsən. Bu halda qadınlar öz həmcinslərini alçaltmağa da hazırdılar.  ("Mən sən bildiyin qızlardan deyiləm”).

Konkret qadınlara qarşı qıcığın gələcəkdə ümumiləşdirilməsi
Bəzən qadınlar gündəlik iş yerindəki qadın kollektivində edilən təzyiqlər, rəfiqələrin zərbəsi və s. ilə üzləşə bilir. Bir neçə dəfə baş vermiş neqativ təcrübə onun yenə də təkrarlanmasına səbəb olur. Qadın öz həmcinslərindən yalnız pislik gözləməyə başlayır və düşünür ki, qadınlardan xeyir gözləməyə dəyməz.

Bizi belə öyrədirlər
Məsələ ayrı-ayrı qadınlarda deyil, cəmiyyətin ənənələrindədir. Qadınlar birinci növbədə insan olaraq deyil, qadın cinsinin nümayəndəsi olaraq tərbiyə olunur. Yalnız qadınlara uşaq vaxtından bəri özündən və bədənindən utanmaq təbliğ edilir. Bir çox ailələrdə nəsildən-nəsilə "yaxşı qız” və "yaxşı həyat yoldaşı (arvad)” stereotipi ötürülür.

Başqa qadınlara qarşı şüursuz nifrət də ailədən gəlir. Bu hal bəzən ananın öz cinsinə olan münasibətində öz əksini tapır. O, daima digər qadınları pisləyir, onların çatışmayan cəhətlərini vurğulayır, buna paralel olaraq da kişiləri ucaldır.

Qadın diskriminativ davranışı da güvəndiyi və önəm verdiyi kişidən öyrənə bilir: ata, qardaş, baba və s. Qız övladı qadının hüquqsuz  olduğu evdə böyüyürsə,  öz yerini öyrənir. Özünə və başqa qadınlara kişilərin prizmasından baxır. Buna ən populyar misal qadınların qurbana çevrildiyi hadisələrdə "özü günahkardı” mövqeyidi. Qadınlara qarşı şiddət və təcavüzə bəraət qazandırılması mizoginiyanın ən qabarıq  nümunəsidir.

Daxili mizoginiya problemini və onun zərərvericiliyini feminizm gündəmə gətirib. Eləcə də onun təsbiti və likvidasiyası üçün praktikalar tətbiq edib. Feminist nəzər nöqtəsi imkan verir ki, qadınlar diskriminasiya hallarını özlərində ifşa edə bilsinlər. Qadınlar özləri mizoginiya ilə razılaşmadıqda  onun qarşısı alına bilər.

Uşaq dünyaya gətirmək, öz maraqlarını qorumaq, aktivist olmaq, bəzənib-düzənmək, evdarlıqla məşğul olmaq, karyera qurmaq – bütün bu məşğuliyyətlər o vaxta qədər gözəldir ki, qadın üçün "yeganə düzgün variant” kimi təqdim olunmasın. Çünki biz ilk növbədə insanıq. Səfehlik, qətiyyətlilik, emosionallıq, övlad sahibi olmaq istəyi, peşəkarlıq – cinsə deyil, insana xas xüsusiyyətlərdir. İnsanların 50%-dən çoxunun ikinci növ hesab olunduğu dünyada yaşamaq isə çətin və yanlışdır. 

 
Müəllif: Gülnarə Mehdiyeva
qadinkimi.com